İran: "Təyyarəni raketlə vurmağımız iddiası əsassızdır"

Şəklin mənbəyi, Getty Images
İran Kanada baş nazirinin Ukrayna təyyarəsinin səhvən vurulduğu iddiasını "əsassız" sayıb.
İran hökümətinin sözçüsü Əli Rabiey bildirib ki, "ABŞ və müttəfiqlərinin əssassız iddiaları hadisədə həyatlarını itirənlərin ailələrinin və yaxınlarının yarasına duz basır".
İran Mülki Aviasiya İdarəsi də təyyarənin raket zərbəsi nəticəsində partladığı iddiasını rədd edir və bildirir ki, "araşdırmalar bir və ya iki il sürə bilər".
Kanada Baş naziri Justin Trudeau deyib ki, əldə edilən dəlillər Tehranda düşən təyyarənin İran tərəfindən səhvən vurulduğunu göstərir.
Paytaxt Ottawa-da keçirilən mətbuat konfransında danışan Trudeau bildirib: "Əlimizdə müttəfiqlərimiz və öz qaynaqlarımız da daxil olmaqla bir neçə mənbədən olan kəşfiyyat məlumatı var. Dəlillər təyyarənin İrana aid bir raket tərəfindən vurulduğunu göstərir. Bu, səhvən ola bilər. Eldə etdiyimiz bu yeni məlumat məsələ ilə əlaqəli çox dəqiq araşdırma aparılmasının vacibliyini diqqətə çatdırır".
Trudeau 176 nəfərin öldüyü təyyarə qəzasıyla əlaqədar olaraq geniş araşdırma aparılmasına çağırış edib.
O bu məsələ ilə bağlı suallarının olduğunu və onlara cavab tapılmayana qədər sakit olmayacağını bildirib.
İngiltərə də "təyyarənin raketlə vurulması ehtimalı" səbəbiylə İrana səyahət edəcək vətəndaşlarına xəbərdarlıq edib.
Britaniya baş naziri Boris Johnson da oxşar açıqlama verib.
"Əldə olunan məlumatlara görə, təyyarə İran tərəfindən "yer-hava" tipli raketlə vurulub. Bu, böyük ehtimalla qəsdən olmayıb", Boris Johnson deyib.

Şəklin mənbəyi, Getty Images
Ukrayna Hava Yollarına aid Boeing 737-800 tipli təyyarə cümə axşamı günü səhər saatlarında Tehrandan Kiyevə getmək üçün hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəzada təyyarədə olan bütün sərnişinlər və heyət üzvləri həlak olublar, onlardan 82-si İran, 63-ü Kanada 11-i Ukrayna vətəndaşı olub.
Bu açıqlamadan az müddət əvvəl CBS News kanalı, ABŞ kəşfiyyat mənbələrinin peyk tərəfindən iki raketin atıldığına dair və dərhal sonra bir partlayışın olduğuna dair "siqnal" aldıqlarını bildirib.
ABŞ prezidenti Donald Trump da məsələ ilə bağlı şübhələrin olduğunu və təyyarənin səhvən vurula biləcəyini söyləyib.
Reuters xəbər agentliyi də üç ABŞ rəsmisinə istinadən verdiyi xəbərində ABŞ hökümətinin İran tərəfindən təyyarənin səhvən vurduğunu düşündüyünə inandığını yayınlayıb.
İran tərəfi raketlə vurulma iddialarını "psixoloji müharibənin bir məhsulu" adlandırıb və təkzib edib.
İran Mülki Aviasiya idarəsinin rəhbəri Əli Abedzadə İranın raketlə vurma iddialarını məntiqsiz haesab edib.
"Elmi cəhətdən bir raketin Ukrayna təyyarəsini vurub salması mümkünsüzdür və bu iddialar məntiqsizdir", Əli Abedzadə deyib.
Ukrayna daha öncə demişdi ki, təyyarənin raket hücumundan düşməsi ehtimalını araşdırır, ancaq İran bu versiyanı rədd etmişdi.
Təyyarə qəzası barədə xəbər İranın İraqda ABŞ hərbi bazalarına raket hücumu etməsindən bir neçə saat sonra verilib.
Aeroporta qayıtmaq cəhdi
İranda qəzaya uğramış Ukraynanın Boeing-737 təyyarəsi qəzadan əvvəl aeroporta qayıtmağa cəhd edib, hadisəni araşdıran iranlı rəsmilər bildirir.
Göyərtəsində 176 nəfər olan Boeing 737-800 təyyarəsi çərşənbə günü Tehran hava limanından havaya qalxandan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəzadan sağ çıxan olmayıb.
İlkin araşdırmaya görə, aeroport zonasını tərk edərkən problem yaranan təyyarədə "yanğın olub".
Qəza, İranın ABŞ qüvvələrinin yerləşdiyi iki hava bazasına raket zərbələri endirdikdən bir neçə saat sonra baş verib. Hərçənd ki, iki hadisənin əlaqəli olması barədə dəlil yoxdur.
Cümə axşamı, Ukrayna təhlükəsizlik şurasının katibi Oleksiy Danylov deyib ki, mütəxəssislər qəza yerində mümkün raket qalıqlarını axtarmaq istəyirlər.

Şəklin mənbəyi, Getty Images
Məzmun mövcud deyil
Daha çoxu üçün FacebookBBC kənar saytların məzmununa məsul deyil.Paylaşımın sonu Facebook
"Həyəcan siqnalı olmayıb"
Qəza İran və ABŞ arasında, general Qasım Süleymaninin qətlindən sonra yüksək gərginlik yaşandığı vaxta təsadüf edib. İran aşkar olunmuş qara qutudakı uçuş qeydlərini Boeing və ya ABŞ-a təhvil verməyəcəyini bildirib.
Qlobal aviasiya qaydalarına əsasən, İranın istintaqa rəhbərlik etmək hüququ olsa da, adətən araşdırmaya təyyarə istehsalçıları da cəlb olunur.
İranın Mülki Aviasiya Təşkilatının (CAOİ) rəhbəri Əli Abedzadə deyib: "Hava limanı zonasını tərk etmək üçün qərbə yönlənən təyyarə, problem yaranandan sonra sağa dönüb və qəza anında hava limanına istiqamət almışdı".
Əli Abedzadə İmam Xomeyni aeroportuna qayıtmağa cəhd etməkdən əvvəl təyyarə pilotlarından "həyəcan siqnalının" daxil olmadığını əlavə edib.

Şəklin mənbəyi, AFP
İranın Mühafizəkar Mehr xəbər agentliyinə görə, Əli Abedzadə "qara qutunu istehsalçıya və amerikalılara verməyəcəyik" deyib.
"Bu qəza İranın aviasiya təşkilatı tərəfindən araşdırılacaq, ancaq ukraynalılar da iştirak edə bilər", o qeyd edib.
Cənab Abedzadə qara qutunun hansı ölkə tərəfindən tədqiq ediləcəyinin hələ ki, məlum olmadığını deyib.
Boeing şirkəti isə "lazımi şəkildə kömək etməyə hazır olduğunu" söyləyib.
Kanadanın Baş naziri Justin Trudeau ölkəsinin istintaqda rol alacağını gözlədiyini və texniki yardım təklif etdiyini bildirib.

Şəklin mənbəyi, Getty Images
7 ölkədən 176 nəfər
Tehranda Ukraynanın Boeing-737 təyyarəsinin qəzaya düşməsi nəticəsində 7 ölkədən 176 nəfər ölüb, onların arasında Azərbaycan vətəndaşı yoxdur.
İranın Qızıl Aypara Cəmiyyəti sağ qalanları tapmaq şansının olmadığını bildirib.
Ukraynanın xarici işlər naziri Vadim Pristaiko deyib ki, ölənlər arasında 82 iranlı, 63 kanadalı, 10 isveçli, 4 əfqan, 3 britaniyalı, 3 alman, uçuş heyəti daxil olmaqla 11 ukraynalı olub.
Azərbaycan Xarici İşlər Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, ilkin məlumata əsasən, Tehranda baş verən təyyarə qəzasında həlak olanlar arasında Azərbaycan vətəndaşlarının olması barədə məlumat daxil olmayıb.
Qurumun sözçüsü Leyla Abdullayeva deyib ki, bu, ilkin məlumatdır və nazirlik İrandakı yerli qurumlarla əməkdaşlıq edərək məsələni nəzarətdə saxlayır.
Çərşənbə günü səhər saatlarında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə Tehranın İmam Xomeyni hava limanında havaya qalxan zaman qəza törədib, Fars dövlət xəbər agentliyi bildirib.
Ukraynanın Tehrandakı səfirliyi bildirib ki, hadisəyə səbəb mühərrikdəki nasazlıq olub və hadisənin terrorla heç bir əlaqəsi yoxdur.
"İlkin məlumata görə, təyyarə texniki səbəblərə görə yaranan mühərrik nasazlığı nəticəsində qəzaya uğrayıb. Hazırda terror aktının versiyası istisna olunur", - səfirlik Ukrayna Xarici İşlər Nazirliyinin saytında bildirilib.
Ukrayna Prezidenti Vladimir Zelenski Oman səfərini yarımçıq qoyaraq Kiyevə qayıdıb. O, rəsmi rəsmi hesabatlar hazır olana qədər "fəlakət haqqında fərziyyə və ya yoxlanılmamış nəzəriyyələrə" qarşı xəbərdarlıq edib.
"Bütün sərnişinlərin və ekipajın yaxınlarına və dostlarına səmimi başsağlığı verirəm", - o deyib.

Şəklin mənbəyi, IRANIAN RED CRESCENT / HANDOUT
Təyyarədə 168 sərnişin və ekipaj üzvünün qeydiyyatdan keçdiyi təsdiq edilib.
Ukrayna Beynəlxalq Hava Yolları Tehrana uçuşları qeyri-müəyyən müddətə təxirə salıb. Aviaşirkət təyyarənin son planlaşdırılmış texniki baxışının bazar ertəsi günü həyata keçirildiyini söyləyib.
İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri dövlət mediasına kiminsə bu qəzadan sağ çıxmasının "mümkünsüz" olduğunu bildirib.
İran mətbuatı xilasetmə dəstələrinin təyyarənin qara qutusundan birini tapdığını yazır.
Aviasiya təhlükəsizliyi üzrə təhlilçi Tod Curtis BBC-yə deyib ki, təyyarə 2016-cı ildə istehsal olunub və hava yollarına yenicə təhvil verilib.
"Təyyarə çox parçalanıb. Demək ki, ya yerdə nəsə güclü bir təsir var idi, ya da səmada nəsə baş verib", - o deyib.
Təyyarə Ukraynanın paytaxtı Kiyevə yola düşəcəkdi.









