Boeing-in keçmiş işçisindən iddia: ""787 Dreamliner" təyyarələrinin oksigen sistemində nöqsan var"

Boeing 787-8 Dreamliner

Şəklin mənbəyi, Boeing

    • Müəllif, Theo Leggett
    • Vəzifə, Biznes məsələləri üzrə müxbir, BBC News

Boeing şirkətinin keçmiş əməkdaşı "787 Dreamliner" təyyarələrində hava təzyiqinin ani düşməsi halında sərnişinlərin oksigensiz qala biləcəyi iddiasını ortaya qoyub.

John Barnett deyir ki, testlər oksigen sistemlərinin dörddə birinin nöqsanlı ola və ehtiyac anında işləməyə biləcəyini göstərib.

O, həmçinin iddia edir ki, nöqsanlı hissələr təyyarələrə Boeing zavodlarının birində istehsal zamanı şüurlu olaraq quraşdırılır.

Boeing şirkəti John Barnett-in ittihamlarını rədd edir və şirkətin bütün təyyarələrinin yüksək təhlükəsizlik və keyfiyyət səviyyəsində inşa edildiyini deyir.

Şirkət 737 Max təyyarələrinin iki dəfə fəlakətli qəzaya uğramasından sonra ciddi nəzarət altına alınmışdı.

John Barnett 2017-ci ildə səhhətinə görə təqaüdə çıxanadək 32 il Boeing şirkətində keyfiyyətə nəzarət mühəndisi vəzifəsində çalışıb.

O, 2010-cu ildən Boeing şirkətinin Cənubi Carolina ştatındakı fabrikində keyfiyyət üzrə menecer vəzifəsini tutub.

John Barnett

Şəklin mənbəyi, John Barnett

Şəklin alt yazısı, John Barnett Boeing şirkətində keyfiyyətə nəzarət mühəndisi vəzifəsində çalışıb.

Bu fabrik 787 Dreamliner modelinin istehsal olunduğu iki müəssisələrdən biridir. Bu təyyarələrin istifadəyə buraxılmasından sonra müəyyən problemlərin üzə çıxmasına baxmayaraq, bu model hava şirkətinin ən "hit" təyyarələrindən birinə və şirkət üçün faydalı qazanc mənbəyinə çevrilib.

Lakin 57 yaşlı John Barnett-in sözlərinə görə, konveyerdən yeni təyyarələri tez çıxarmaq istəyi yığılma prosesinin sürətli aparıldığı və təhlükəsizlikdə isə "güzəştə gedildiyi" deməkdir. Boeing şirkəti bu iddiaları rədd edir və təkid edir ki, "təhlükəsizlik, keyfiyyət Boeing dəyərlərinin əsas maddələridir".

O, 2016-cı ildə BBC-yə təyyarələrdə fövqəladə oksigen sistemlərində problem aşkarladığını demişdi. Bu, fövqəladə oksigen sistemləri təyyarə göyərtəsində təzyiqin hər hansı səbəblə düşməsi halında sərnişin və ekipajın həyatını qorumaq üçün nəzərdə tutulub. Hava maskalarının tavandan aşağı sallanacağı və qaz silindirlərindən oksigen təmin edəcəyi nəzərdə tutulur.

Belə bir sistem olmadan təyyarədə olanlar çox sürətlə öz hərəkətliliyini itirərdilər. Onlar 10600 m yüksəklikdə bir dəqiqədən az vaxtda huşlarını itirərdilər. Daha yüksəyə çıxdıqda isə bu, 20 saniyə içərisində baş verərdi. Bu zaman beyin zədələnməsi, hətta ölüm hadisəsi baş verə bilər.

Cənab Barnett deyib ki, o, təyyarədə oksigen sistemlərini yoxlayıb və 300 testdən 75-də, yəni, 25 faizində səhv aşkarlanıb.

Boeing "787 Dreamliner"

Şəklin mənbəyi, Boeing

Cənab Barnett istehsal prosesindən narahatlığını bildirən yeganə Boeing işçisi deyil. 2019-cu ilin martında Efiopiya Hava Yollarına məxsus 737 Max təyyarəsinin qəzaya uğramasından şirkətin həm indiki, həm keçmiş işçilərdən ibarət dörd işçisi potensial hallarla bağlı məlumat vermişdi.