ABŞ-İran böhranı: Azərbaycan gözləməli, yoxsa fəal olmalıdır?

Şəklin mənbəyi, Prezident.az
- Müəllif, Elçin Süleymanov
- Vəzifə, BBC News Azərbaycanca
Bağdad aeroportu yaxınlığında İranın nüfuzlu hərbi lideri Qasım Süleymaninin həyatına son qoyan dron zərbələri və İranın İraqdakı ABŞ bazalarına cavab raket həmlələri Azərbaycanın sərhədləri yaxınlığındakı münaqişə ocağının alovlanması təhlükəsini artırıb.
Nüfuzlu Financial Times qəzetindəki təhlillərindən birinə əsasən intiqam və ona cavab olan qisas dövrəsi genişmiqyaslı müharibəyə yol aça bilər.
BBC News Azərbaycancaya danışan bəzi analitiklər hesab edir ki, İran-ABŞ qarşıdurmasının daha kəskin fazaya keçməsi Bakının müstəqil siyasət aparmaq imkanlarına son qoya bilər.
Belə fikrə şərik çıxanlardan biri, ABŞ-ın Azərbaycandakı sabiq səfiridir.
"Hərbi münaqişə gərginləşərsə, İran Azərbaycanı ABŞ və İsraildən uzaqlaşdırmaq üçün ona təzyiq göstərəcək", - ABŞ-ın George Mason universitetinin Schar Siyasət və Hökumət Məktəbinin professoru Richard Kauzlarich deyir.
"Ən pis ssenari" nədir?
Onun sözlərinə görə, "ən pis halda" - yəni, İran hərbi addımlar atarsa, Azərbaycanı müdafiə etmək üçün nə İsrail, nə də ABŞ-ın yetərli qədər imkanları olacaq.
"Belə bir vəziyyətdə Bakı kömək üçün Moskvaya müraciət edə bilər və bu, Azərbaycan üzərində Rusiyanın təsirini artırar", cənab Kauzlarich əlavə edir.
Çərşənbə günü ABŞ-ın İraqdakı bazalarına raket zərbələri endirən İran vəziyyətin müharibəyə çevrilməsini istəmədiyini bəyan edib. ABŞ-ın cavab reaksiyası da təmkinli səslənib.
Belə görünür ki, qarşıya-qarşıya gələn qüvvələr fəal addımlara həvəs göstərmir, təhlillərdə deyilir.
Bu, İsrail, İran və ABŞ arasında həssas tarazlığın saxlanmasını istəyən Bakının maraqlarına tam cavab verən vəziyyətdir. Bunu, Azərbaycanda olan həmsöhbətlərimiz yekdilliklə təsdiqləyir.

Şəklin mənbəyi, AFP
Bağdadda baş verən hava hücumu nəticəsində general Qasım Süleymaninin ölümündən sonra bizimlə danışan Yeni Azərbaycan partiyasından millət vəkili Aydın Mirzazadə münaqişənin dinc yolla həllinə ümid etdiyini deyib.
Onun sözlərinə görə, Azərbaycan öz sərhədlərinin "bir neçə yüz kilometrliyində" yaşanan gərginliyin daha pis nəticələrini "heç təsəvvürünə gətirmək belə" istəməzdi.
London Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) hazırladığı hesabata əsasən, Yaxın Şərq bölgəsində nüfuz uğrunda mübarizə aparan İran öz rəqibi və ABŞ-ın bölgədəki strateji müttəfiqlərinə qarşı mübarizəni qazanmaqdadır.
Bölgədə yaranan hərbi qarşıdurma çox güman ki, indiyədək mövcud olan proksi sxemi üzrə aparılacaq. Yəni, İran dəstəklədiyi qüvvələr vasitəsilə ABŞ və İsrailə yaxın hədəflərə hücumlar edə bilər.
Bəs İsrail və ABŞ-la yaxından əməkdaşlıq edən Azərbaycanın ərazisindəki ABŞ maraqları hədəfə alına bilərmi?
Qərbin Azərbaycandakı maraqları
Britaniya hökuməti hesab edir ki, Qərb maraqlarına qarşı artan təhlükə ehtimalı var və təhlükəsizlik vəziyyəti pisləşə bilər. Britaniya Xarici İşlər Nazirliyi Qasım Süleymaninin öldürülməsindən sonra öz vətəndaşlarına Azərbaycana səfər tövsiyyələrini yeniləyib.
Azərbaycan ABŞ-ın yaxın müttəfiqi olan İsraillə yaxşı münasibətlərə malikdir və uzun müddətdir ki, İsraildən silah alır. 2012-ci ildə mətbuat Azərbaycandakı İsrail hədəflərinə hücum hazırlamaqda şübhəli bilinən "İranla bağlı" şəxslərin həbs olunduğunu bildirmişdi.
İsraillə əməkdaşlıq
Buna bənzər hadisələr təkrarlanarsa, İsrailin reaksiyası necə ola bilərdi? BBC News Azərbaycanca bu sualı İsraildə mənzilləşən, son günlərdə İran-ABŞ barədə çoxsaylı müsahibə və şərhlər verən İran üzrə mütəxəssis Thamar Gindinə ünvanladı:
"İsraildə əhalinin çoxu Azərbaycanla əməkdaşlıq barədə xəbərsizdir. Buna görə də, məsafədən aparılan - proksi müharibəsi vaxtı Azərbaycandakı İsrail hədəflərinə mümkün hücum İsraildə yəqin ki, təəccüblə qarşılana bilər, çünki insanların çoxu Azərbaycan barədə xəbərsizdirlər. Bu ölkə xəbər başlıqlarında yer tapanlara aid deyil", onun cavabı belədir
BBC Azərbaycancaya danışan əksər təhlilçilərin fikrincə, İrana qarşı qeyri-ənənəvi müharibədə "Azərbaycan faktorundan" da istifadə oluna bilər.

Şəklin mənbəyi, Iranian Leader's Press Office - Handout/Anadolu A
"İrana qarşı İrandakı azərbaycanlılardan istifadə istisna deyil", - məsələyə münasibət bildirən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfuqarov BBC News Azərbaycancaya deyib.
Azərbaycan nə etməlidir?
Təhlilçilər hazırda bölgədə status-kvo vəziyyətinin hökm sürdüyünü deyirlər.
Britaniyada yaşayan azərbaycanlı təhlilçi Leyla Əliyevaya əsasən, iri dövlətlər arasında balansı gözləməyə çalışan Azərbaycan çox ehtiyatlı movqe tutur.
"Müharibə baş verərsə, İranla həmsərhəd Azərbaycan qaçqın axını ilə üzləşə bilərdi, amma bu, hazırda yalnız nəzəri cəhətdən mümkün sxemlərə aiddir".
Leyla Əliyevanın sözlərinə görə, qeyri-müəyyənlik şəraiti Azərbaycanın seçim etmək imkanlarını çətinləşdirir və çox güman ki, hadisələri kənardan müşahidə edən Bakı "gözləmə mövqeyini" tutacaq.
Carnegie fondunun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə təhlilçisi isə əksinə - Azərbaycanın fəal addımlara keçməli olduğunu deyir.
"İranın üçüncü ölkələrdə ABŞ-ın maraqlarına və vətəndaşlarına hücum etmək praktikası var. Əgər mən Azərbaycan olsaydım, həm Tehranı, həm də Washington-u inandırmağa çalışardım ki, mənim ərazim münasibətləri aydınlaşdırmaq üçün məkan deyil", - Paul Stronski Turan agentliyinə müsahibəsində deyib.
Bu arada, Yaxın Şərqdəki münaqişə neft qiymətlərinə cüzi təsir göstərib.
İrandan Amerika hədəflərinə atılan raketlər barədə xəbərin yayılmasından sonra 4,5 faizədək artan WTI markalı neftin qiyməti 65,54 dollara çatıb. Lakin daha sonra qiymətlər aşağı düşüb.
Brent markalı xam nefti də sentyabr ayının ortalarından bəri ən yüksək səviyyəyə - 71,75 dollara çatandan sonra 68,48 səviyyəsində qərarlaşıb.
Mütəxəssislərə görə, Yaxın Şərqdəki münaqişənin neft təsisatlarına təsirsiz ötüşməsi ilə bağlı kövrək əminlik qlobal bazarlarda sabitliyi artıra bilər.
Həmçinin oxuyun:







