İraq-İran müharibəsinin kabusu

- Müəllif, Lyse Doucet
- Vəzifə, Beynəlxalq məsələlər üzrə baş müxbir
Bütün müharibələr nə vaxtsa qurtarır, bütün müharibələr həmişə davam edir...
35 il bundan əvvəl ötən əsrin ən uzun müharibəsi qopmuşdu.
Lakin İraq və İran arasında o vaxt səkkiz il davam edən qəddar qarşdurma bu gün də əks-səda verir.
“Bir çoxları üçün o müharibə elə hey davam edir, - Bağdadda böyüyb başa çatmış İraq şairi Sinan Antun xatırlayır.
"Düşünürəm ki, İran İslam Respublikasının necə bir şəkildə inkişaf etməsində İran-İraq müharibəsinin dərin təsiri olub, – Şotlandiyadakı Müqəddəs Andrews Universitetinin professoru Əli Ənsari qeyd edir, - Sərt xətt-hərəkət tərəfdarı olan İnqilab keşikçiləri bu müharibədən fundamental mif yaradıcılığı üçün istifadə ediblər”.
Müharibənin insan iztirabları da davam edir.
“Bizim qonşu o müharibədə iki ayağını itirib, - hazırda Nyu York Universitetinin Gallatin Məktəbində müəllimlik edən Antun deyir, - 1990-larda Səddam Hüseyn, uğrunda vuruşmuş olduğu nə varsa, qurban verəndən sonra, qonşum soruşdu ki, “mən ayaqlarımı nəyin naminə itirmişəm? Belə çıxır ki, heç nəyin…”
O vaxt milyonadək insan məhv olub. Qanlı düşmənçiliyin hər iki tərəfində bütöv bir nəsil çapıqlanıb.

Amma o müharibədə öyrənilmiş dərslər bu gün regionu başına götürmüş yeni müharibələrin od-alovunda unudulub. Bugünkü müharibələri regional və dünya gücləri başqalarının əli ilə aparırlar.
Suriya, İraq, Yəmən – şiə-sünni, fars-ərəb, Moskva və Vaşinqton arasında gedən “yeni Soyuq Müharibənin” müttəfiqləri boyunca cəbhələrə ayrılıb.
İran-İraq müharibəsi əhəmiyyətli dərəcədə fərqli zəmanədə baş vermişdi. İraq sonradan devrilən və 2003-cü ildə Amerikanın müdaxiləsinin ardınca edam olunmuş Səddam Hüseynin avtoritar hakimiyyəti altında idi.
Qonşu İranda 1979-cu ildə Şahı devirmiş İran inqilabına rəhbərlik etmək üçün sürgündən qayıtmış ayətullah Xomeyni hakimiyyətdə idi. Onun inqilabın daxili düşmənləri ilə çarpışdığı bir vaxtda, Səddamla köhnə qarşıdurması İranı lərzəyə gətirmişdi.
İran-İraq müharibəsi, 1980-1988
- Regional və məzhəb düşmənçiliyi 1980-ci ilin sentyabrında İraqın İrana müdaxiləsi ilə nəticələnmişdi
- O vaxt İraqın əhalisi 15,5 milyon, İranın əhalisi 45, 2 milyon nəfər idi
- Müharibənin başlanğıcında bəzi torpaq zəbtlərinə baxmayaraq, İraq 1982-ci ildən strateji müdafiə əməliyyatları aparırdı
- Bu müharibədə (İraq tərəfindən) kimyəvi silahlardan və ballistik raketlərdən istifadə edilmişdi
- Əsasən səngər müharibəsi gedirdi
- BMT-nin təklif etdiyi sülh sazişi 1988-ci il, iyulun 20-də qüvvəyə mindi
- Bu münaqişədə milyona yaxın insan həlak oldu
Hərbi əməliyyatlar 1980-ci ilin sentyabrında, sərhəd boyunca aylarla davam edən gərginlikdən sonra başlanmışdı. İraq qoşunları bir neçə yüz kilometr İran ərazisinin dərinliyinə soxulmuşdu. İraq təyyarələri Tehran hava limanına zərbə endirmişdi.
“Səddam qanunsuz müdaxiləsilə bu münaqişə üçün hüquqi məsuliyyət daşıyırdısa da, onu kütləvi təbliğatla Xomeyni qızışdırmışdı” – professor Mənsur Fərhəng deyir. Professor müharibədən bir il əvvələdək İranın BMT-dəki səfiri olmuşdu və müharibənin ilk illərində onun dayandırılması üçün beynəlxalq vasitəçilərlə birgə işləmişdi.
Müharibə uzandıqca tərəflər xarici müttəfiqlərin yardımına daha çox möhtac olurdular. İraqa əhəmiyyətli iqtisadi və hərbi yardım göstərən ABŞ idi. İranın döyüş qabiliyyətini isə cəbhəyə can atanların heyrətamiz döyüş əhval-ruhiyyəsi artırırdı.

Lakin hər iki tərəfin verdiyi qurbanların artmaqda olmasına baxmayaraq, illər keçdikcə bu münaqişə “unudulmuş müharibəyə” çevrildi.
Amma Səddamın İrana və onu dəstəkləyən İraq kürdlərinə qarşı işlətdiyi kimyəvi silahın qurbanları olmuş insanların dəhşəti dünyanı sanki ayıltdı.
Bu arada İranın başı İran Air şirkətinin 655 nömrəli reysi ilə uçan sərnişin təyyarəsinin Amerikanın Vincennes kreyserindən vurulmasına qarışmışdı. Bu hadisə nəticəsində təyyarənin göyərtəsində olan 290 sərnişin ölmüşdü. ABŞ hökuməti “dərin məyusluğunu” bildirsə də, İran şübhələnmişdi ki, Vaşinqton bu münaqişəyə birbaşa qoşulmaq niyyətindədir.
Ayətullah Xomeyni BMT-nin qətnaməsini könülsüz qəbul edəndə, bunu “zəhər içməyə” bənzətmişdi.
Bundan üç onillik sonra onun xələfi ayətullah Xamneyi Amerika da daxil dövlət güclərinin Tehranın nüvə fəaliyyətini məhdudlaşdıracaq sazişinə razılıq verəndə, bir çoxları həmin o “zəhər içmək” deyimini yada salmışdılar.
Lakin indi İran regionda qüdrətli oyunçudur. O İraqın şiə çoxluqlu hökuməti və yaxşı silahlanmış bəzi dəstələr üzərində nüfuza malikdir.

Elə İraq da 1988-ci ildən bir müharibədən başqasına düşüb. İndi isə anti-şiə hərəkatı olan və İslam Dövləti adlanan qruplaşmanın yüksəlişi təhlükəsi ilə üzləşib.
Ayətullah Xomeyni səkkiz il müddətində nə qədər çalışsa da, İraq əhalisinin şiə çoxluğunu öz tərəfinə çəkə bilməmişdi.
Lakin bu gün İraqı dövlət kimi parçalayan zorakılığın əsasını məzhəb gərginliyi təşkil edir.
Qonşu Suriya da Rusiya və İran tərəfindən dəstəklənən prezident Əsəd qüvvələri ilə bir sıra ərəb və Qərb dövlətləri tərəfindən yardım edilən silahlı müxalifət qüvvələri arasında döyüş meydanına çevrilib.
Bütün bunlardan daha faciəlisi isə milyonlarla insanın yurdlarından didərgin düşüb qaçqın kimi Avropaya üz tutmasıdır.
Tibb institutunu bitirdikdən sonra 1980-ci illərdə əsgərliyə getmiş iraqlı Əhməd əl-Müşəttətin mərsiyəsi bu gün də bütün regionda səslənir:
“Deyirdik ki, bitməyəcək bu savaş bir gün Dost-qardaşı itirirdik savaşda hər gün”
Müharibələr bir gün bitir. Lakin bugünümüzün müharibələri ötən əsrin müharibələrindən də uzun çəkir.




