İran Ukrayna təyyarəsini "bilmədən" vurub

Təyyarə qırıntıları

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Boeing 737-800 təyyarəsi çərşənbə günü Tehran hava limanından havaya qalxandan bir neçə dəqiqə sonra qəzaya uğrayıb

İran Ukraynaya məxsus sərnişin təyyarəsini "bilmədən" vurduğunu bəyan edib.

Araşdırmanın nəticələrinə görə, "raketlər insan səhvi nəticəsində atılıb", İran prezidenti deyib.

Həsən Ruhani hadisəni "bağışlanmaz səhv" adlandırıb.

O, "böyük faciədə" həlak olanların yaxınlarına baş sağlığını bildirib.

İndiyədək İran qəzaya görə məsuliyyət daşıdığı barədə iddiaları rədd edirdi.

Göyərtəsində 176 nəfər olan Boeing 737-800 təyyarəsi çərşənbə günü Tehran hava limanından havaya qalxandan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəzadan sağ çıxan olmayıb.

Təyyarə qalıntıları

Şəklin mənbəyi, Getty Images

Qəza, İranın ABŞ qüvvələrinin İraqdakı iki hava bazasına raket zərbələri endirdikdən bir neçə saat sonra baş verib.

Raket həmlələri yanvarın 3-də Bağdadda general Qasım Süleymaninin öldürülməsinə cavab idi.

Dövlət televiziyası ilə yayımlanan İran Silahlı Qüvvələri Baş Qərargahının (SQBQ) bəyanatında deyilir ki, Ukrayna Beynəlxalq Hava Yollarına (UİA) məxsus Boeing təyyarəsi hərbi əməliyyatlar bölgəsinə yaxın məsafədə olarkən, yanlışlıq nəticəsində düşmən obyekti kimi hədəfə alınıb.

"Uçuş zamanı təyyarə İslam İnqilabı Keşikçiləri Korpusunun vacib hərbi obyektlərindən birinə çox yaxın olub, o, forma və uçuş yüksəkliyi baxımından düşmən obyektinə bənzəyib", - yanvarın 11-də yayılan İran hərbçilərinin bəyanatında qeyd olunur.

Bəyanatda bütün günahkarların məsuliyyətə cəlb olunacağı deyilir.

İran İnqilab Keşikçiləri Korpusunun hava-kosmik qüvvələrinin komandanı deyib ki, raket sistemini müstəqil və təkbaşına idarə edən operator təyyarəni "qanadlı raket"lə səhv salıb.

"Onun qərar verməyə 10 saniyəsi var idi. Zərbə endirmək və ya endirməmək barədə qərar verə bilərdi və belə şəraitdə səhv qərar qəbul etdi", - operator barədə danışan Əmirəli Hacızadə bildirib.

"O, əlaqə yaratmalı və yoxlama aparmalı idi. Lakin belə görünür ki, onun rabitə sistemində müəyyən pozuntular olub."

Presentational grey line

İranda reaksiya

Sosial mediada Tehranda keçirilən etiraz nümayişləri barədə görüntülər yayılır. Aksiyaların Şərif və Əmir Kəbir Universitetlərində yer aldığı bildirilir.

Bəzi nümayişçilər Ali dini lider Əli Xameneyinin istefasına çağırışlar səsləndirib.

Hökumət əleyhinə çıxışları nadir hallarda işıqlandıran Fars agentliyi 1000-ə qədər insanın toplaşdığı aksiya barədə xəbər yayıb.

Məlumata görə, aksiya iştirakçıları Bağdadda ABŞ hava zərbəsiylə qətlə yetirilən general Süleymanının şəkillərini cırıblar.

İran təyyarəni vurduğunu niyə etiraf etdi?

Bu, İran üçün həlledici bir məqamda mühüm etirafdı, BBC-nin beynəlxalq məsələlər üzrə baş müxbirinin təhlilində deyilir.

Lyse Doucet-in yazdığına görə, belə faciəli səhvə görə məsuliyyəti öz üzərinə götürmək adi hal deyil, amma İslam Respublikasının üzləşdiyi böhran da qeyri-adidir.

İran, Qərblə növbəti bəyanatlar müharibəsinə qatılmamaq və başı bir bəladan başqa bəlaya girən öz əhalisi arasında əlavə qəzəb və hiddət yaratmamağa görə, fəlakəti etiraf etmək qərarına gəlib.

Səhv etməyin, bu gərginliyi aradan qaldırmağa yönələn de-eskalasiya addım idi, yazır Lyse Doucet.

Bu addımın daxildəki fəsadları tezliklə bəlli ola bilər. İranın xarici işlər naziri günahı ABŞ-ın boynuna atmağa çalışaraq deyib ki, bu, "ABŞ-ın avantürizminə görə yaranan böhrandı".

Ancaq önəmli sual budur: İranın hava məkanında belə bir gərginliyin yaşandığı vaxtda mülki təyyarənin havaya qalxmasına icazəni verən kim olub? , - BBC-nin beynəlxalq məsələlər üzrə baş müxbirinin təhlilində deyilir.

Həmçinin oxuyun