Azərbaycan çinli turistlərdən nə qədər gəlir götürəcək?

Çinlilər Gürcüstana və Türkiyəyə gedərkən İpək Yolundan istifadə edir

Şəklin mənbəyi, BBC CHINESE

Şəklin alt yazısı, Çinlilər Gürcüstana və Türkiyəyə gedərkən İpək Yolundan istifadə edir
    • Müəllif, Elnarə Məmmədova
    • Vəzifə, BBC Azərbaycanca, Bakı

Çinlilər üçün sadələşdirilmiş viza rejimini tətbiq edən Azərbaycan turizminin bundan nə qədər gəlir götürəcəyi şübhə ilə qarşılanır.

Azərbaycanda yaşayan çinlilər BBC Azərbaycancaya deyib ki, bu ölkə onların soydaşları üçün çox da cəlbedici deyil.

Fevralın 1-dən Azərbaycan "insanlararası təmasları artırmaq, turizm səfərləri və işgüzar əlaqələri təşviq etmək məqsədilə", Çin də daxil olmaqla, daha 10 ölkəyə sadələşdirilmiş viza rejimi tətbiq edib. Bu barədə qərar yanvarın 25-də verilib.

Mədəniyyət və Turizm Nazirliyi hesab edir ki, bu qərar Azərbaycan İpək Yolu üzərində yerləşdiyindən Uzaq Şərq ölkələri, o cümlədən Çindən gələn turistlərin sayının artmasına təkan verəcək.

2015-ci il ərzində Çindən xarici ölkəyə səfər edən vətəndaşların sayı 10 milyon nəfər artıb, Çin xarici işlər nazirliyinin konsulluq şöbəsinin direktoru Guo Shaochun Çin mediasına verdiyi müsahibəsində deyib.

Dövlət Statistika Komitəsinin ötən il üçün rəqəmləri açıqlanmasa da, qurum 2014 cü ildə Azərbaycana gələn Çin vətəndaşlarının sayı 2013-cü illə müqayisədə azaldığını qeyd edir.

"Bu mənzərədən Çində də var"

Kiçik biznesi olan Lu Çen Zeynəb Azərbaycanla Çin arasında işgüzar viza rejiminin sadələşdirilməsini istəyir

Şəklin mənbəyi, Courtesy

Şəklin alt yazısı, Kiçik biznesi olan Lu Çen Zeynəb Azərbaycanla Çin arasında işgüzar viza rejiminin sadələşdirilməsini istəyir

10 ildən çoxdur Azərbaycanda yaşayan Lu Çen Zeynəb, bu ölkənin turizm baxımdan "o qədər də cəlbedici hesab edilmədiyini" iddia edir.

O, bu ölkənin turist məkanlarının Çindəki turist obyektlərdən üstün sayılmadığını düşünür.

“Londona, Parisə baxanda burada turizm üçün o qədər maraqlı yer yoxdur. Bircə Xəzər dənizindən başqa, burda olan təbiət mənzərəsinin hamısı Çində də var”, Zeynəb öz fikrini əsaslandırır.

Kiçik biznesi olan Zeynəb, yeni viza rejiminin Azərbaycanda yaşayan iş adamlarına hər hansı köməyi olmadığına görə təəssüf edir və bu sahədə viza rejiminin sadələşdirilməsini arzu etdiyini bildirir.

BBC Azərbaycancanın əlaqə saxladığı dörd turizm şirkətindən yalnız biri bildirib ki, ötən ilin yayında Çindən Azərbaycana turizm məqsədilə yalnız iki qrup gəlib.

“2015-ci ildə bizim şirkət vasitəsilə gələn çinlilərin çoxu biznes məqsədilə gəlib. Onlar ilin istənilən vaxtı gəlirlər. Amma turizm məqsədilə yalnız ildə bir dəfə, yayda gəlirlər. Onda da onların sayı o qədər də çox olmur”, şirkət nümayəndəsi deyir.

"Gənc" turistik ölkə

Qərarı dəstəkləyən Azərbaycan Turizm Assosasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov isə düşünür ki, Azərbaycan Çin üçün Asiyanı Avropa ilə birləşdirən “əsas qapıdır”.

Şəklin mənbəyi, Getty

Bu səbəbdən cənab Ağakərimov ölkələr arası viza qaydalarının sadələşdirilməsinin Azərbaycana investisiya cəlbini stimullaşdırıb turistlərin sayını artıracağı qənaətindədir.

“Bu vizanın tətbiqi Azərbaycanla Çin arasında konfrans, sağlamlıq, kütləvi və fərdi turizmin inkişafını daha da sürətləndirəcək."

Mədəniyyət və Turizm Nazirliyinin sözçüsü Vüqar Şıxməmmədov da o qənaətdədir ki, Azərbaycanın İpək Yolu üzərində yerləşməsi və mövcud turistik bazası Uzaq Şərq ölkələrindən, o cümlədən Çindən gələn turistlərin sayının artmasına təkan verəcək.

Sözçü əlavə edir ki, çinli turistlər Gürcüstan və Türkiyəyə səfəri zamanı Azərbaycan üzərindən “İpək yolu” marşrutundan istifadə edirlər.

"Yeni viza rejiminin tətbiqindən sonra onlar hava limanına gələndə ölkəmizə də səfər etməsinə şərait yaradacaq”, deyən nazirlik rəsmisi Azərbaycanın bu ölkələr üçün turizm baxımından “gənc” sayıldığını vurğulayır.

Nazirlik turizm əlaqələrinin inkişaf etdirilməsi məqsədilə Azərbaycanın bu ilin aprelində Pekində keçiriləcək Beynəlxalq Turizm Sərgisində xüsusi bir stendlə təmsil olunacağını bildirib.

"Bircə Xəzər dənizindən başqa, burda olan təbiət mənzərəsinin hamısı Çində də var", Azərbaycanda yaşayan çinli deyir

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, "Bircə Xəzər dənizindən başqa, burda olan təbiət mənzərəsinin hamısı Çində də var", Azərbaycanda yaşayan çinli deyir

Çin xarici işlər nazirliyinin konsulluq şöbəsinin direktoru Guo Shaochun yerli media qurumuna müsahibəsində deyib ki, hazırda Çin vətəndaşları 53 ölkəyə visasız və ya gömrükdə viza alınması qaydası ilə səfər edə bilir.

“2015-ci il ərzində Çin vətəndaşları ümumilikdə 120 milyon dəfə ölkədən çıxış ediblər, bu isə müqayisədə illik 10 milyon artım deməkdir”, rəsmi qeyd edib.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, Azərbaycana gələn Çin vətəndaşlarının sayı azalıb.

2013-cü ildə Azərbaycana gələn çinli turistlərin sayı ümumilikdə 6 465 nəfər olduğu halda, 2014-cü ildə bu rəqəm 6 mini keçməyib. 2013-cü il onlar arasında qeyri turizm məqsədilə gələnlərin payı 756 nəfər olduğu halda, 2014-cü ildə bu rəqəm 160-a enib. Hər iki ildə daha çox çinli turist Azərbaycanda 1-3 günlüyünə qalıb.

2015-ci il üçün müvafiq rəqəmlər isə hələ ki, açıqlanmayıb.