Azərbaycanda hotellərin qiymətləri "endirilib": necə və niyə?

Şəklin mənbəyi, AFP

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev deyib ki, Azərbaycan regionlarında bəzi hotellərin qiymətləri endirilib. Otelçiliklə məşğul olan QHT-nin rəsmisi BBC Azərbaycancaya bunları izah edib.

"Turizm məkanlarında süni şişirmələrin olduğu yerlərdə qiymətlər bizim yoxlamalardan sonra azalıb", cənab Qarayevdən yerli meadiada sitat gətirilir.

"Yay mövsümünün sonu üçün regionlarda yerləşən hotellərin 30 faizində qiymətlər təxminən 10-15 faiz aşağı düşüb".

Bu, Azərbaycan prezidenti İlham Əliyevin, nazirliyə ünvanladığı tənqidlərindən sonra baş verib. Prezident Əliyev birinci Avropa Oyunlarından sonra nazirlərə bir sıra tapşırıqlar vermişdi, onlardan biri də ölkədə hotellərin qiymətlərinin aşağı salınması idi.

"Xarici İşlər Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə və digər qurumlara göstərişlər verilmişdir, amma nəticə hanı? Yoxdur və əgər kimsə mənə desə ki, var, yoxdur", İlham Əliyev iyulda, Nazirlər Kabinetinin iclasında belə <link type="page"><caption> demişdi</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/07/150713_ilham_aliyev_quotes" platform="highweb"/></link>.

Mədəniyyət və Turizm nazirliyi ilə məsələ ilə bağlı əlaqə saxlamaq mümkün olmayıb. Otelçiliklə məşğul olan QHT-nin rəsmisi isə BBC Azərbaycancaya bildirib ki, qiymətlərdə eniş "turistlərin sayının az olduğuna görə" müşahidə olunub.

Əbülfəs Qarayev
Şəklin alt yazısı, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev deyib ki, yay mövsümünün sonu üçün regionlarda yerləşən hotellərin 30 faizində qiymətlər təxminən 10-15 faiz aşağı düşüb

"Turizm mövsümü davam edir amma turistlərin sayı azdır", DAİR Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi deyir. "Biz hələ kütləvi turizmin inkişafına nail ola bilmirik".

Cənab Dübəndi qeyd edib ki, "endirim"lə bağlı heç bir qərar və ya göstəriş verilməyib - sadəcə belə bir tendensiya müşahidə olunub.

"Turizmin inkişafı üçün viza qaydaları sadələşdirilməlidir", aşağı təbəqələr üçün iki və üç ulduzlu mehmanxanalar inkişaf etdirilməlidir, o deyib.

Əbülfəs Qarayev bazar ertəsi qeyd edib ki, bununla bağlı "tapşırıqlar verilib".

"Üçulduzlu hotellərin tikilməsi regionların iqtisadi inkişafı ilə bağlı olan layihələrdə artıq öz əksini tapıb", o deyib. "Heç kəs gözləməməlidir ki, cənab prezidentin tamamilə düzgün ifadə etdiyi tənqidlərindən sonra nazirlik əmr imzalayacaq və bütün qiymətlər yüz faiz aşağı düşəcək, sabahdan hamı bütün hotellərə pulsuz gedəcək. Belə şeylər yoxdur və olmayacaq. Növbəti mövsümə qədər bizdə mənzərə artıq tam aydınlaşacaq".

Cənab Qarayevin sözlərinə görə, yay mövsümünün nəticələrinə əsasən Azərbaycanda hotellərin tutulması həftə axırı minimum 92-93 faiz təşkil edir. "Bu, o deməkdir ki, hotellərin hamısı bron edilib və onlardan istifadə olunub. Əgər qiymətlər bahadırsa, onda yerlər necə alınır? Demək, alıcılıq qabiliyyəti mövcuddur ki, o yerlərdən istifadə edilir".

Əbülfəs Qarayevin mart ayında bildirdiyinə görə, Azərbaycanda 530-dan çox hotel fəaliyyət göstərir. 2014-cü il ərzində isə ölkəyə "2,5 milyon nəfərə qədər" turist gəlib.