Azərbaycanlılar niyə istirahət üçün Gürcüstanı seçir?

- Müəllif, Nina Axmeteli
- Vəzifə, BBC Rus Xidməti
Regionda iqtisadi problemlərə baxmayaraq, rəsmi məlumatlara əsasən, qonşu ölkələrdən Gürcüstana olan turist axını keçən ilə nisbətən artıb.
Tbilisidə piyadalar üçün nəzərdə tutulan, üstü şüşə konstruksiya ilə örtülü “Sülh körpüsü”nə şəhər əhali arasında münasibət birmənalı deyil. Axşam vaxtı bura şəhərin görüntüsünü öz fotoaparatına və mobil telefonuna çəkmək istəyən turistlərlə dolu olur.
Onun yaxınlığında yerləşən parkda ailəli cütlüklər uşaqları ilə gəzişir. Burada azərbaycanlı, rus və ərəb dilində danışıqları eşitmək olar.
Sübhi Muxtarov Azərbaycandan gəlib. Onun sözlərinə görə, o əvvəl Gürcüstanda işləyib, lakin indi ailəsi ilə istirahət etmək üçün bir neçə günlüyə bura gəlib.
“Burada bir az qaldıqdan sonra yəqin ki, 3-4 günlüyə Borjomiyə gedəcəyik. Qiymətlər normaldır, ümumiyyətlə biz Tbilisini sevirik. Lakin indi burada maşınların sayı artıb. Əvvəllər burada sakitlik idi”, o deyir.
Bu ilin ilk üç ayındakı göstəricilərdəki enişə baxmayaraq, rəsmi məlumatlara əsasən, yay fəsli ərzində Gürcüstana turist axınının, 2015-ci ilin ölkənin turizm sənayesi üçün çox uğurlu olduğunu deməyə əsas verir.
Bu il Gürcüstana bir sıra Avropa ölkələrindən, Birləşmiş Ərəb Əmirliklərindən, bir neçə MDB ölkəsindən, lakin həmişəki kimi böyük turist axını qonşu Ermənistan, Azərbaycan və Türkiyədən olub.
Yaxın və əlçatan

28 yaşlı Elmar Vəliyev Bakıda yaşayır və ildə bir neçə dəfə Tbilisiyə gəlir. Onun sözlərinə görə, bu ucuz və rahatdır. Gürcüstanda həftəlik istirahət ona təxminən 500 dollara başa gəlir.
“İmkan olan kimi dərhal bura gəlirəm. Yay ərzində mütləq bir-iki dəfə bura gəlirəm”, o deyir. “Buranın təbiəti, təmiz havası və ucuz qiymətləri çox xoşuma gəlir”.
Gürcüstanın Dövlət Turizm Administrasiyasının verdiyi məlumata görə, bu ilin ilk 8 ayı ərzində Gürcüstana Azərbaycandan 932,054 nəfər baş çəkib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 8 faiz çoxdur.
2015-ci ilin 8 ayı ərzində Gürcüstana gələnlərin sayına görə, Azərbaycan yalnız Ermənistandan geri qalır. Ermənistanda bu göstərici 944,000-dən çox olub.
Go Travel turizm agentliyinin meneceri Marianna Barseqyanın sözlərinə görə, bu il ermənistanlı turistlər Misir, Dubay və Avropa ölkələrinə də gedib. Gürcüstanı seçənlər isə daha çox az büdcəyə malik olan şəxslərdir.
“Əlbəttə, Gürcüstana da gedənlər çoxdur, lakin bu əsasən az büdcəyə malik şəxslərdir, bildiyimiz kimi Gürcüstanda istirahət ucuzdur. İnsanlar əsasən çimərlik istirahəti üçün Batumi və ya Kabuletiyə üz tutur”, Barseqyan deyir.
Ermənistandan Gürcüstana ən böyük turist axını yay fəslinə düşür. Gürcüstanın Qara dəniz sahilində iki nəfərlik həftəlik istirahət ermənistanlı turistlərə təxminən 500 dollara başa gəlir, o əlavə edir.
Əgər Ermənistandan olan turistlər yay fəsli ərzində Qara dəniz sahillərini doldurursa, Gürcüstanın paytaxtı bütün il boyu Ermənistan vətəndaşlarını cəlb edir.
Bundan əlavə, bəzi erməni turistləri öz ölkələrində uçuş biletləri çox baha olduğuna görə Avropa ölkələrinə Gürcüstan vasitəsilə uçurlar, Barseqyan bildirir.
Qonaqpərvər gürcü xalqı

Azərbaycan, Ermənistan və Türkiyə davamlı olaraq Gürcüstana ən çox turist gələn ölkələr siyahısında ilk yerləri tutur, Dövlət Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze deyir.
"Dünyanın bütün ölkələri üçün xas olan xüsusiyyət ondan ibarətdir ki, ən çox turist axını həmişə qonşu ölkələrdən gəlir, ona görə təəccüblü deyil ki, [Gürcüstana ən çox turist gələn ölkələr siyahısında] ilk üçlükdə olanlar – bizim qonşu ölkələrdir", o BBC-ə deyir.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistandan olan turistlər, istirahət üçün Gürcüstanın Qara dəniz sahilinə üstünlük verirlər.
Bundan əlavə, Gürcüstanın qış istirahət zonaları da azərbaycanlı turistlər arasında məşhurdur.
Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırova görə, Azərbaycandan Gürcüstana təkcə yay aylarında deyil, ilboyu sadəcə istirahət üçün üçün gedir.
"İlk növbədə, biz qonşuyuq, ora qatar, avtobus, minik avtomobili və ya təyyarə gedə bilərik. Ölkələrimiz arasında viza rejimi yoxdur, viza olmadan səyahət edə bilərik. Gürcüstan paytaxtına 5-6 saata çata bilirik və bu da vacib amildir”, Bağırov BBC-ə deyir.
“İkincisi isə, gürcü xalqı qonaqpərvərdir və insanlardan oradan razı qayıdır. Qida məhsulları və turizm xidmətlərinin qiyməti aşağıdır. Niyə bu fürsətdən istifadə etməyək?", o əlavə edir.
Bakı sakinləri həftə sonları Azərbaycanın rayonlarına gedirlər, lakin təəssüratlar yaşamaq istədikləri zaman, ən yaxın məkan Gürcüstan olur, Bağırov deyir.
Eyni zamanda, o bildirir ki, Tbilisidə bəzən otel qiymətləri Azərbaycanda olduğundan daha yüksək olur, lakin xidmətləri və qida məhsulları ümumiyyətlə Azərbaycanda Gürcüstanda olduğundan daha bahalıdır.

Bundan əlavə, adətən turistlərin daha çox üstünlük verdikləri iki və üç ulduzlu otellər Azərbaycanda daha azdır.
Ümumiyyətlə, turizm sektorunun nümayəndələrinin sözlərinə görə, indi azərbaycanlı turistlərə doğma ölkələrində istirahət etmək, qonşu Gürcüstanda olduğundan daha baha başa gəlir.
"Bizdə [Azərbaycanda] istirahət daha baha başa gəlir. Çünki praktiki olaraq bizdə ortabab otellər yoxdur, rayonlardakı otellər də hamısı beş ulduzludur. Gürcüstanda mehmanxana və qida bizdən daha ucuzdur", "Orient Travel" şirkətinin direktoru Fərid Hüseynov BBC-ə deyib.
Azərbaycandan Gürcüstana səfər edənlərin böyük qismi tranzit turistlərdir. Belə ki, Tbilisi ya da Kutaisidən bir çox istiqamətlərə uçuşların qiyməti Bakıdakından daha ucuzdur.
Lakin bu kateqoriyaya daxil olan qonaqlar da bir neçə gün Gürcüstanda qalır.
"Tbilisidən Türkiyə və Misir uçurlar. Tranzit turistlər ən azı bir-iki gün Tbilisidə qalır... Bizdə Tbilisi və ya Kutaisi vasitəsilə Avropaya uçan çoxlu tranzit turistlər var. Tbilisidən uçmaq çox ucuzdur, çünki burada bilet qiyməti Bakıdakından təxminən 30-40 faiz, bəzən daha çox ucuz başa gəlir".
"İsti" yay?
Bütün yay fəsli ərzində Gürcüstana 2 milyondan çox insan səfər edib ki, bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz çoxdur.
Eyni zamanda, ötən ilin eyni dövrü ilə müqayisədə, ölkədə 24 saat və ya daha çox qalan xarici qonaqların sayı 2,4 faiz artıb.

Gürcüstanda turizm sektorunun bir çox nümayəndəsi bu ilin uğurlu olduğu ilə yəqin ki razılaşar.
"Ümumiyyətlə, deyə bilərik ki, bu il kifayət qədər uğurlu olub. Bizdə hələ tam dəqiq məlumat yoxdur, lakin elə aylar olub ki, ötən ilin göstəricilərindən daha yüksək olub. Fikirləşirik ki, ilin sonuna kimi rəqəmlər bunun kimi, bəlkə də daha yüksək olacaq", Caucasus Travel şirkətinin direktoru Maya Kiknadze deyir.
Kiknadzeyə görə, turistlərin böyük əksəriyyəti iki və ya üç Cənubi Qafqaz ölkələrinə birgə turlara üstünlük verir, lakin bu ölkələrdən olan turistlər üçün Gürcüstana ekskursiya turları elə də məşhur deyil.
"Azərbaycan və Ermənistandan olan turistlər əsasən tətillərini özləri təşkil edir. Onlar Qara dəniz sahilini və ya qışda Bakuriani və Qudaurids şəhərlərini seçir. Çox nadir hallarda isə onlar Gürcüstanı turla dolaşır", Kiknadze bildirib.
Lakin qonşu ölkələrdən olan turistlər arasında Qara dəniz sahilinin populyarlığına baxmayaraq, turizm sektorunun bəzi nümayəndələrinin sözlərinə görə, regionda mehmanxana sektoru bu il üçün elə də uğurlu olmayıb.
Batumidə yerləşən, "Duta" otelinin sahibi Temur Kaxidzeyə görə, iyul ayında hava şəraiti ilə əlaqədar istirahət edənlərin sayı çox az olub.
Avqustda istirahət edənlərin sayı artıb, lakin bunlar əsasən azərbaycanlı və erməni turistlər olub ki, onlar da şəxsi evlərdə qalmağa daha çox üstünlük verib.
"Faktiki olaraq, avqustun sonuna qədər bizim otel demək olar ki, tam dolmayıb. Deməzdim ki, bu mövsüm ötən illə müqayisədə otellər üçün çox uğurlu olub", o bildirib.
Turizm problemləri
Gürcüstan Dövlət Turizm İdarəsinə görə, 2015-ci ildə beynəlxalq bazarlarda yay mövsümünün reklam və marketinq kampaniyasına təxminən 8 milyon lari sərf olunub.
Çoqovadzenin sözlərinə görə, 9 ölkədə marketinq kampaniyaları aparılmış və müxtəlif ölkələrdən 300-dən çox jurnalist Gürcüstanın turizm potensialı ilə tanış olmaq üçün ölkəyə dəvət edilib.
Amma turizm sektorunun bəzi üzvləri hesab edir ki, xüsusilə ötən illə müqayisədə turist axınının artım tempi, gələcəyə olan ümidi artırır.
Bundan əlavə, ümumi olaraq Gürcüstana ziyarətçi axını artsa da, Ukrayna, Polşa, İran və hətta Türkiyədən gələn turistlərin sayı azalıb.
Gürcüstan Turizm Assosiasiyasının sədri Nata Kvaçantiradzenin sözlərinə görə, ictimai və özəl sektor nümayəndələri, turistlərə yeni xidmətlərin göstərilməsi üçün səylərini artırmalıdır.
"Təəssüf ki, Gürcüstanın turizm potensialı hələ tam inkişaf etməyib. Yerli və beynəlxalq ekspertlər qeyd edir ki, Gürcüstanın daha çox yeni turist xidmətləri təklif etmək imkanı var", o deyir.
Turizm üzrə ekspert Niko Kvaratsxeliyanın sözlərinə görə, , bu gün Gürcüstanın istər qiymət, istərsə də keyfiyyətli xidmət baxımından qonşu Türkiyə ilə rəqabət aparması çox çətindir.
Amma Gürcüstandakı kurortların yaxınlığı və faktiki olaraq heç bir dil baryerinin olmaması Gürcüstanı qonşu ölkələrin turistləri üçün cəlbedici edir.
"İndi biz korrupsiya və oğurluğa son qoyan islahatların bəhrəsini görürük. Ümumilikdə burada qonaqpərvər abu-hava mövcuddur. Bütün bunlara görə, bir çox insanlar Gürcüstanı seçir", Kvaratsxeliya bildirib.
Onun sözlərinə görə, ölkədə turizm sənayesinin qarşısında duran əsas problemlərdən biri, əvvəllər olduğu kimi qiymət və keyfiyyət arasında uyğunsuzluqdur. Bundan əlavə, turist axınının artması ilə otel qiymətləri də tez-tez artır.
Turoperatorlara görə, onların tez-tez qarşılaşdığıl problem, böyük turist qrupuna xidmət edən zaman eyni zamanda bir çox insanı otaqlarda yerləşdirə biləcək ucuz otellərin azlığıdır.
Bundan əlavə, Gürcüstanın mehmanxana sahibləri nadir hallarda hətta böyük bir qrup halında gələn turistlərə əhəmiyyətli güzəştlər edir.
Kiknadzeyə görə, baxmayaraq ki, üç ölkənin şirkətləri arasında turistlər üçün turlar təşkil edən ən bahalı ölkə Azərbaycandır, son illər Azərbaycanda da irəliləyiş var.
"Görünür, bizdə - Gürcüstanda kifayət qədər rəqabət yoxdur. Son iki ildə, artıq Azərbaycanda beşulduzlu otelləri çox cəlbedici qiymətə turistlərə vermək tendensiyası yaranıb, Bizdə təəssüf ki, belə bir tendensiya yoxdur", o əlavə edib.




