Gürcüstanın Rusiya turistləri üçün cazibəsi artır

- Müəllif, Nina Axmeteli
- Vəzifə, BBC Rus Xidməti, Tbilisi
İqtisadi çətinliklər və rublun ucuzlaşması ilə əlaqədar Rusiyadan turist axının azalmasına baxmayaraq, məzuniyyətini Gürcüstanda keçirmək istəyən rusiyalıların sayı artır.
Yay Gürcüstanda turizm sənayesi üçün ən qızmar mövsümdür.
Tbilisi sakinlərinin çoxu istidən daldalanmağa və şəhərdən çıxmağa çalışırlar, lakin paytaxtın mərkəzi küçələri turistlərlə doludur. Onlar iri bel çantaları və al-əlvan şortları ilə yerli sakinlərdən asanlıqla seçilirlər.
Suvenir və şərab mağazalarında, açıq kafelərdə tez-tez rusca danışanları eşitmək olur. Bu il, Gürcüstana Rusiyadan gələnlərin sayı rekord həddinə çatıb.
Yevgeni Çerkasski və Mariya Tokareva Nijni Novqoroddan iki həftəliyinə gəliblər. Bu, Mariyanın Gürcüstana ilk səfəridir, Yevgeni isə artıq ikinci dəfədir ki, bu ölkəyə gəlir.

"İnsanlar mehriban, görüşlər mehribandır. Elə bil ki, qohumların yanına gəlmişik, - deyir Mariya, - Heç kəs sənə kəc baxmır, heç kim demir ki, niyə belə dayanmısan və sair. Hələki Gürcüstanda mənfi bir halla rastlaşmamışam. Burda hər şey xoşuma gəlir”.
Bu ilin ilk 7 ayı ərzində Gürcüstana az qala yarım milyon rusiyalı gəlib. Bu, ötənilki göstəricidən 12 faiz çoxdur.
Milli Turizm Agentliyinin məlumatına görə, Rusiya Gürcüstana gələn turistlərin sayına görə Türkiyə, Azərbaycan və Ermənistandan sonra 4-cü yeri tutur.
Turizm və böhran
Rusiya Turizm Operatorları Assosiasiyasının icraçı direktoru Mayya Lomidze qeyd edir ki, bu il Rusiya rublunun bazarlarda qiymətdən düşməsi ilə bağlı xarici turizm sektorunun bütün istiqamətlərində tələb xeyli enib.
“Ən böyük ziyan, əlbəttə, Avropa ölkələrinə dəyib... Lakin ikinci bir meyl də var və bu tamamilə təbiidir. Sovet İttifaqının keçmiş respublikalarına turist axını çoxalıb və bu mənada birincilik Gürcüstana aiddir” – Lomidze BBC-ə deyib.
Onun sözlərinə görə, Gürcüstana gələn rusiyalıların əksəriyyəti turist şirkətlərinin xidmətlərindən istifadə etmir. Amma onların müəyyən qismi bu şirkətlərə hər halda baş vururlar. Məhz buna görə də turoperatorlar da satışın artdığını bildirirlər.
Bu həm də onunla bağlıdır ki, Gürcüstana gələn rusiyalı turistlər üçün vizaya ehtiyac yoxdur. Eyni zamanda Gürcüstanda çalışan aviasiya şirkətlərinin də sayı artıb.
“Ümumikdə təyyarə biletlərinin qiyməti çox da azalmayıb, amma hər halda, məsələn, 2013-cü illə müqayisədə daha ucuz bilet almaq imkanı yaranıb" – deyir Lomidze.
Onun sözlərinə görə, aviabiletlər daha ucuz olsaydı və Gürcüstanda daha sərbəst mehmanxana qiymətləri sistemi tətbiq edilsəydi maraq bir az da yüksək ola bilərdi.
"Turoperatorlar mütəşəkkil olaraq daha çox mehmanxana doldura bilərdilər, lakin mehmanxanalar hələ ki, güzəştli qiymət təklif edə bilmirlər, - Lomidze deyir, - Bu, keçid dövrünün xəstəliyidir. Analoji hal Rusiyada 10-15 il əvvəl baş verib. Orada turoperatorları öyrətmişdilər ki, topdansatış güzəştlər otellər üçün daha sərfəlidir”.
Daha çox uçuş – daha çox turist deməkdir
Gürcüstanın Milli Turizm Agentlıiyində bildirirlər ki, son illərdə Rusiyadan turist axını durmadan artır.
Bunu həm marketinq kampaniyaları, həm də iki ölkə arasında təyyarə reyslərinin artması ilə izah etmək olar.

“Gürcüstanda Rusiya turistləri üçün populyar istiqamətlərə gəlincə isə, bura həm paytaxt Tbilisi, həm də ölkənin müxtəlif regionları, habelə Kaxetiyada şərab turizmi, Gürcüstanın Qara dəniz və dağlıq kurortları daxildir” – Gürcüstan turizminin rəhbəri Georgi Çoqovadze BBC-ə deyib.
2008-ci ilin müharibəsindən sonra turoperatorlar qeyd edirdilər ki, rusiyalılar arasında Gürcüstanda istirahət etmək istəyənlərin sayının azalmasına Rusiya KİV-də Gürcüstanı gözdən salan materialların çap edilməsi səbəb olub.
Bu gün Moskva və Tbilisi arasında problemlərin qalmasına və Rusiyada Gürcüstan mövzusunda yazıların az qala olmamasına baxmayaraq, sosial şəbəkələr Gürcüstanda istirahət etmiş rusiyalıların təəssüratları ilə doludur.
“Gürcüstanda olanların ölkə haqqında təəssüratları o qədər təsirlidir ki, bu təəssüratlar ağızdan-ağıza dolaşır, bir sözlə informasiya məkanı Gürcüstanda istirahət etmiş adamların müsbət rəyləri ilə dolur və beləliklə, əlavə turist axınına səbəb olur” – deyir Lomidze.
İki ölkə arasında yaşanmış gərginlik bəzi Rusiya turistlərinin Gürcüstana gəlməzdən əvvəl nigarançılıq keçirməsinə səbəb olur, My Georgia turist şirkətinin rəhbəri Yeqor Pavlov deyir.
O əlavə edir ki, belə nigarançılıqlar Gürcüstana gələn kimi qeyb olur.
“Ehtiyatlanma, əlbəttə var, - deyir Pavlov, - Ötən illər hər halda iz buraxıb. Bu heç kim üçün sirr deyil. Bir tərəfdən, bəlkə elə belə yaxşıdır. Reallıq gözləntidən qat-qat yaxşı olur. Bura gələnlər görürlər ki, Rusiyadan gəldiyini biləndə adamlar gülümsəyirlər. Yəni nigarançılıq var, amma bu nigarançlıq Gürcüstanda keçən ilk günlərdəcə yox olur”.
Mənfi və müsbət amillər
Yevgeni deyir ki, Gürcüstana gəlməzdən əvvəl nigarançılığı olmayıb. Çünki o bilirdi ki, rusiyalıların Gürcüstana münasibəti yaxşıdır.
“Məsələn, indi bizim Ukraynaya getməyimiz arzuolunan deyil. Amma Gürcüstan haqqında çox eşitmişik, burada yaxşı tanışlarımız olub. Bu ölkə barədə çox oxumuşuq. Mən may ayında gəlmişdim. Biz Gürcüstan tərəfdən Kazbek dağına qalxmağı planlaşdırmışdıq...Tam məmnun qayıtmışıq” – Yevgeni deyir.

Gürcüstan haqqında təəssüratları ümumilikdə müsbət olsa da, Yevgeni etiraf edir ki, onu buradakı yol hərəkəti və sürücülərin davranışları məyus edib. Onlar bir qayda olaraq piyadanın yolu keçməsinə imkan vermirlər.
Bundan başqa Gürcüstana keçən dəfəki gəlişi ilə müqayisədə bu il mehmanxanaların, malların əhəmiyyətli dərəcədə bahalaşdığının şahidi olub.
"Biz rusiyalıları qiymətlər şoka salmasa da, amma əməlli-başlı heyrətləndirdi” - deyir Mariya. Onun fikrincə, Türkiyədə istirahət etmək iki dəfə ucuz başa gələrdi.
Bununla belə, Moskva sakini Yana Artyomova hesab edir ki, Gürcüstanda qiymətlər münasibdir. O Gürcüstanda artıq bir neçə dəfə işlə əlaqədar olub. Adətən bir az da çox qalır ki, istirahət günlərini də burada keçirsin.
"Mən buraya iş üçün yox, amma bir-iki həftəliyə gəlməyi planlaşdırıram. Təssüratlarım çox yaxşıdır. Adam qayıdıb gəlmək istəyir. Gözəl insanlar, gözəl şərait – deyir Yana, - Buralarda tək tənha gəzib dolaşmaqdan qorxmursan. Hər şey – restoranlar, otellər yüksək səviyyədədir. Mən beşulduzlu otellərdə qalmıram. Adətən orta kateqoriyaya aid mehmanxanaları seçirəm”.
Enişlər və yüksəlişlər
Bu ilin göstəriciləri bəzi turist şirkətlərinə nikbinlik üçün əsas verir.
“Avqust ayında artım, 20 faiz olmaqla xeyli yüksəliş keçirib. İrəlidə hələ iki məşğul ay var. Buna görə də biz düşünürük ki, ümumən keçən illə müqayisədə bu il xeyli uğurlu olacaq” – Visit Georgia turist şirkətinin xarici turizm üzrə meneceri Xatuna Qabitaşvili deyir.
Ümumilikdə, rəsmi rəqəmlərə görə, bu ilin ilk 7 ayı ərzində Gürcüstana 3 milyondan artıq əcnəbi vətəndaş gəlib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çoxdur.
Rusiya Gürcüstana turist axının artdığı yeganə ölkə deyil. Gürcüstan Milli Turizm Agentliyinin məlumatına görə, həmçinin Ermənistandan, Azərbaycandan, Birləşmiş Ərəb Əmirlikləri və İsraildən də turist axını artıb.
Lakin Gürcüstanın turizm sektoru üçün ən mühüm bazarlardan biri olan Ukraynadan axın azalıb.
Çoqovadza deyir ki, bu, Ukraynada yaranmış hazırkı vəziyyətlə bağlıdır.
Agentlikdə bildirirlər ki, ilin əvvəllərində Gürcüstana əcnəbi vətəndaşların gəlişinə dair rəqəmlər xeyli aşağı olub. Lakin müvafiq bazarlarda marketinq kampaniyaları, beynəlxalq KİV-də təbliğat, habelə yeni aviareyslərin açılışı barədə danışıqların aparılması öz bəhrəsini verib.
Qeyri-qənaətbəxş artım
Gürcüstan Turizm Assosiasiyasının sədri Nata Kvaçantiradzenin sözlərinə görə, turst axınına həmçinin Gürcüstanda böyük beynəlxalq idman tədbirlərinin keçirilməsi müsbət təsir göstərib. Belə tədbirlərdən gənclər Olimpiya festivalını və UEFA superkuboku uğrunda matçı göstərmək olar.

Lakin Milli Turizm Agentliyinin hazırda özəl sektorda çalışan və Tbilisidəki “The Terrace” mehmanxanasının sahibəsi olan keçmiş rəhbəri Mayya Sidamonidze deyir ki, Gürcüstan xarici qonaqların cəlb edilməsi üçün böyük beynəlxalq tədbirlərdən lazımınca faydalana bilməyib.
“Son aylarda keçirilmiş beynəlxalq tədbirlərə daha hazırlıqlı olmaq və bu tədbirlərə daha çox turist cəlb etmək üçün beynəlxalq bazarlarda daha fəal təbliğat aparmaq olardı” – Sidamonidze deyir.
Onun sözlərinə görə, Gürcüstanda turizmin inkişafını beynəlxalq bazarlarda marketinq fəallığının aşağı olması və viza rejiminin sərtləşdirilməsi əngəlləyir.
Sidamonidze deyir ki, viza rejiminin yenidən nəzərdən keçirilərək şərtlərin sonradan (ötən ilin sentyabrından) xeyli sadələşdirilməsinə baxmayaraq, bu qaydalar 2014-cü ilin sentyabrından əvvəlki müddətlə müqayisədə bu gün də liberal deyil və bu, Gürcüstanda turizmin inkişafına maneçilik yaradır.
“Xarici qonaqlara gəlincə isə, artım əlbəttə var, lakin artımın sürəti aşağı olaraq qalır” – Sidamonidze deyir.
Qiymət və keyfiyyət
Kvaçantiradzenin sözlərinə görə, yüksək qiymətlər Gürcüstanda turizm sektorunun problemi olaraq qalır.
“Əgər biz diqqətimizi təkcə biznes kateqoriyasından olan qonaqlara yönəltməyib, turist axınının artması qayğısına qalmaq istəyiriksə, rəqabətli qiymətlərə ehtiyac var. Bizim ölkəmizdə ən böyük problem qiymətlərdir, istər mehmanxanalar olsun, istərsə də bütün istiqamətlərdə aviauçuşlar” – Kvaçantiradze deyir.
Onun sözlərinə görə, xidmət keyfiyyəti, xüsusilə də rayonlarda, çox vaxt axsayır, lakin artıq personalın təlimləndirilməsi və turizm sahəsində kadrların yetişdirilməsi istiqamətlərində işlər görülür.
Bəzi turoperatorlar həmçinin nisbətən ucuz otellərdə yer azlığından gileylənirlər.
“Əksər otellərin nömrə fondu olduqca məhduddur. Məsələn oteldə 7-10 nömrə var və onlardan üçü lüks otaqlardır. Beləliklə, standart otaqların sayı cəmi 3-4 olaraq qalır, - deyir Pavlov, - Buna görə də qonaqları müxtəlif otellərdə yerləşdirməli oluruq”.
Pavlov qeyd edir ki, turistlər üçün narahatlıq yaradan digər amil isə Gürcüstanda ictimai yerlərdə siqaret çəkilməsinə qadağanın olmamasıdır.
Lakin onun sözlərinə görə, ümumilikdə ölkənin turizm sektoru dinamik inkişaf edir.
"Yollar və infrastruktur baxımından Gürcüstanda işlər pis deyil. Xidmət, əlbəttə müəyyən sahələrdə daha yaxşı ola bilərdi, lakin bu qüsur yerlilərin qonaqpərvərliyi hesabına kompensasiya olunur”.




