İlham Əliyevin Nazirlər Kabineti çıxışından əsas sitatlar
Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında müxtəlif mövzulara toxunub.
Onun nitqindən əsas sitatları təqdim edirik.
Avropa Oyunları zamanı Avropa Şurası Parlament Assambleyasında qəbul olunan <link type="page"><caption> qətnamə</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/06/150624_pace_resolution_democratic_institutions" platform="highweb"/></link> barədə:
"Bir çox halda Avropanın aparıcı ölkələrinin liderləri ilə görüşlər əsnasında əlbəttə ki, bütün bu iradları deyirəm. Deyirlər ki, fikir verməyin. Biz fikir vermirik, əgər fikir versəydik, onların dediklərini edərdik. Burada heç kim onların dedikləri bir şeyi etməyəcək. O qətnamələr bizim üçün kağız parçasıdır, ona görə də heç kim onları heç vaxt icra etməyəcək. Bunu Azərbaycan xalqı da, eyni zamanda o çirkin yazıları tərtib edənlər bilsinlər. Azərbaycanla diktə dili ilə danışmaq olmaz".
Almaniya Bundestaqında (Parlamentində) Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair qətnamə layihəsinin hazırlanması və Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı "informasiya müharibəsi" haqqında:
Almaniya Bundestaqının bizimlə nə işi var, Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı, dünyaya hakimdirmi, hamı onlara tabemi olmalıdır? Görünür ki, onlar pis öyrəşiblər.
Avropa "böhran içindədir"
"Bu ilin altı ayının yekunları çox müsbətdir və Azərbaycan uğurla inkişaf edir. Ölkədə infilyasiya 3,5 faiz, əhalinin pul gəlirləri 6,2 faiz olub, kənd təsərrüfatında 7,3 faiz artım qeydə alınıb. Son 6 ayda ölkəmizə 12,7 milyard manat sərmayə qoyulub. Hazırda dünyanın müxtəlif yerlərində xoşagəlməz proseslər müşahidə edilir, Yaxın Şərqdə qanlı toqquşmalar dayanmayıb, Avropa dərin iqtisadi və mənəvi böhran içərisindədir, bütün bunlar bizi düşünməyə vadar edir. Azərbaycan bütün ölkələrlə, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur, biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk".
İlham Əliyev birinci Avropa Oyunlarından sonra Azərbaycanda turist axınının daha da sürətləndiyini bildirib, turistlərə vizaların verilməsinin tezləşdirilməsi, aviabiletlərin və otellərin qiymətlərinin aşağı salınması ilə bağlı tapşırıqlar verib.
"Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir. Mən bunu alqışlayıram. [...] Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. [...] AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə, mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar".
Bu arada AzTwi analitika saytına əsasən, bazar ertəsi gün ərzində ən çox istifadə olunan söz "AZAL" olub. Çoxu Azərbaycan Hava Yollarının qiymətlərinin bahalığına irad tutandan sonra İlham Əliyev də məsələyə toxunub.
İlham Əliyevin dediyinə görə, Ermənistan Dağlıq Qarabağ "danışıqlar prosesini boykot edir, maksimum dərəcədə bu məsələni uzatmağa çalışır".
Nazirliklər tənqid olunur
İlham Əliyev çıxışında xüsusilə Vergilər Nazirliyinə və Xarici İşlər Nazirliyinə irad tutub.
"Mənə məlumatlar gəlir ki, son vaxtlar Vergilər Nazirliyi özünü çox sərt aparır, tələbkardır. Burada biz iki məsələni bir-birindən ayırmalıyıq. Vergilər Nazirliyi çalışmalıdır ki, vergi ödəyiciləri vergiləri birmənalı olaraq qanuni şəkildə, tam şəkildə versinlər. Burada heç bir başqa söhbət və güzəşt ola bilməz. Ancaq heç bir başqa əsassız tələb irəli sürülməməlidir. [...] Əfsuslar olsun ki, belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır".
"Xarici İşlər Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə və digər qurumlara göstərişlər verilmişdir, amma nəticə hanı? Yoxdur və əgər kimsə mənə desə ki, var, yoxdur. Çünki mən soruşuram. Buraya gələn qonaqlar ağızdolusu danışırlar ki, nə gözəl ölkədir. Amma bir problem var ki, gəlmək çətindir, gərək bir ay, iki ay qabaq planlaşdıraq. İndi müasir dünyada insanlar sürətlə hərəkət edirlər. Gəlmək istəyən turist iki gün, üç gün ərzində otel sifariş edir, bilet, viza alır gəlir, vəssalam".
"Əlbəttə, viza rejimi elə olmalıdır ki, Azərbaycana bəd niyyətlə gəlmək istəyənin qabağında böyük, möhkəm bir sədd olsun. Bu, birmənalıdır. Eyni zamanda, bu, turist, qonaq kimi gəlmək istəyənin qarşısında da maneəyə çevrilməməlidir. Ona görə, vizaların elektron verilməsi, xaricdə səfirliklərə müraciət edilməməsi, bütün bu məsələlər öz həllini tapmalıdır. Bakıya gəlmək istəyən hər bir insan elektron viza almalıdır, bunun üçün səfirliyə, heç bir yerə getməməlidir, evində kompyuterdə bileti, vizanı almalıdır, turizm şirkətlərinin xətti ilə gəlməlidir, vəssalam".
İlham Əliyevin ən çox istifadə etdiyi sözlər
Prezident Əliyevin çıxışı zamanı daha çox istifadə etdiyi sözlər daha böyük şriftlə göstərilir:






