Mətbuat icmalı: İlham Əliyev soruşur ki, AZAL biletləri niyə bahalı olmalıdır

Şəklin mənbəyi, Getty

“Azadlıq”: İlham Əliyev hüquq-mühafizə orqanlarını özbaşınalığı, investisiya mühiti, AZAL-ın qiymət siyasəti və XİN-in fəaliyyəti barədə

İyulun 13-də Ilham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında prezident qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları bəzən sahibkarların fəaliyyətinə müdaxilə edir, onlara təzyiq göstərir və bu özbaşınalıq sahibkarların vəziyyətinə və ölkədə investisiya mühitinə mənfi təsir göstərir.

Prezident bundan başqa son günlər çox müzakirə olunan AZAL-da biletlərin qiymətlərinin bahalığı məsələsinə də toxunub, deyib ki, biletlər həddən artıq bahadır və bu məsələ tez bir zamanda nizama salınmalıdır.

“Ölkə başçısı otellərdəki qiymətlərin xidmət səviyyəsinə uyğun gəlməməsini və bunun da turizmin inkişafına mənfi təsirini göstərdiyini də bildirib. Ilham Əliyev digər qurumlarla yanaşı Azərbaycanın Xarici Işlər Nazirliyinin fəaliyyətini də tənqid edib. Prezident bildirib ki, bundan sonra Azərbaycanın xarici siyasəti ölkələrin bizə qarşı münasibətinə adekvat qurulmalıdır.”

Qəzetin fikrincə “müşavirədə ən çox diqqətçəkən məqam Ilham Əliyevin Qərbə meydan oxumasıdır. …Ilham Əliyev bildirib ki, Avropa Şurası Parlament Assambleyasında qəbul edilən qətnamə də anti-Azərbaycan mövqeyini əks etdirir: “Bu qətnamələrin heç bir əhəmiyyəti yoxdur. …O qətnamələr bizim üçün kağız parçasıdır, ona görə də heç kim onları heç vaxt icra etməyəcək. Bunu Azərbaycan xalqı da, eyni zamanda o çirkin yazıları tərtib edənlər bilsinlər. Azərbaycanla diktə dili ilə danışmaq olmaz.”.

Ölkə başçısı Almaniya Bundestaqında Azərbaycanla bağlı çıxarılan qətnamənin üzərində xüsusi dayanıb: “Sual olunur: Almaniya Bundestaqının bizimlə nə işi var? Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı, dünyanın hakimidirmi, hamı onlara tabe olmalıdır? Görünür, onlar çox pis öyrəniblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir, onlardan asılı heç nəyimiz yoxdur. Əksinə, bizim qazımız, neftimiz, kontraktlarımız onlara lazımdır. Bizim bu regionda mövcudluğumuz onlara lazımdır””.

“Azadlıq”: Yaponiyanın “The Diplomat” qəzeti: “İlham Əliyevin fərqli fikirli adamlara dözümü yoxdur - nə siyasətdə, nə də media sahəsində...”

“Azadlıq” qəzeti bu yapon nəşrində dərc edilmiş məqalənin tərcüməsini oxucularına təqdim edir. Məqalədən bir neçə qısa parça:

“Eyni tipli idarəçilik və enerji maraqları Azərbaycanla Mərkəzi Asiya ölkələrini birləşdirən amilə çevrilib. Baxmayaraq ki, Azərbaycan Qafqazda yerləşir, bu ölkənin Mərkəzi Asiya dövlətlərilə eynilik təşkil etdiyini görməmək mümkün deyil.”

“…Idarəçilik baxımından da Azərbaycan Cənubi Qafqaz qonşularından - Ermənistandakı yarım-avtoritar bürokratiya və ya Gürcüstandakı formalaşmaqda olan demokratiyadansa, Mərkəzi Asiya ölkələrindəki kleptokratiyaya daha çox uyğun gəlir. Azərbaycan hökumətinin lobbiçiləri onu Qərbə dünyəvi hökumət kimi təqdim etməyə çalışır. Bu ölkəni bir neçə onilliklərdir idarə edən Əliyevlər klanı hər keçən seçkidəki faiz göstəricisi ilə öz hakimiyyətini möhkəmləndirməyə çalışır. Yeri gəlmişkən, Mərkəzi Asiyadakı ölkələrdən fərqli olaraq, Azərbaycan hakimiyyəti hələ heç səsvermə başlamamış, bir gün əvvəldən seçkinin nəticələrini təsadüfən yayan yeganə hakimiyyətdir. Daşkənddəki, Astanadakı həmkarları kimi, prezident Ilham Əliyevin də fərqli fikirli adamlara dözümü yoxdur - istər siyasi, istərsə də media sahəsində. Əslində, vətəndaş cəmiyyətilə “haqq-hesab çəkmək” baxımından Əliyev Mərkəzi Asiyadakı bir sıra həmkarlarını da geridə qoyub. Hazırda Azərbaycandakı siyasi məhbusların sayı Rusiya və Belarusdakıların birlikdə ümumi sayından iki dəfə çoxdur.”

“Yeni Müsavat”: İlham Əliyev: “sahibkarlar ...dövlətin pulunu 100 faiz verməlidirlər, vəssalam. Ondan başqa, heç kimə 1 manat verməməlidirlər.”

Qəzet oxucuların diqqətini prezidentin sahibkarların vergi məsuliyyəti, habelə vergi orqanlarında tez-tez rast gəlinən qeyri-formal praktika barədə dediklərinə yönəldir.

Prezident deyib: “Sahibkarlar məsuliyyətli olmalıdırlar. Onlardan bizim heç bir başqa tələbimiz yoxdur, ancaq vergiləri vaxtında ödəsinlər. Əlbəttə ki, hansısa sahibkar sosial məsuliyyəti öz üzərinə götürmək istəsə, mən onu ancaq alqışlaya bilərəm. …Əvvəlki dövrlərdə neftin qiyməti yüksək idi. Ölkəyə çox böyük valyuta axını gəlirdi. Hesab edirdim, biz maksimum şərait yaratmalıyıq ki, sahibkarlıq inkişaf etsin və sahibkarlar daha da çox vəsait əldə etsinlər, onu yenidən ölkə iqtisadiyyatına qoysunlar. Ancaq indi bizim gəlirlərimiz azalır. …Baxmayaraq, dediyim kimi, iqtisadiyyat, qeyri-neft sektorumuz artır, sosial proqramlar tam şəkildə icra edilir, amma bizim dövlət investisiyamız azalıb. Kapital qoyuluşu azalıb. …Ona görə ki, daxili investisiyalar azalıb. Daxili investisiyaların böyük hissəsi dövlət büdcəsi, yaxud da ki, Dövlət Neft Fondu hesabına formalaşıb. Bu, reallıqdır, bunu hamı bilməlidir. Belə olan halda, əlbəttə, hər bir hökumət qurumu baxmalıdır ki, bizim rezervlərimiz haradadır. Biz bu rezervləri aşkar etmişik. Görmüşük ki, bir çox hallarda vergilər ödənilmir, burada yayınmalar baş verir. Bunu hamı - sahibkarlar da, cəmiyyət də bilir. Yəni, əfsuslar olsun, vergivermə mədəniyyəti bizdə tam şəkildə, şəffaf qaydada formalaşmayıb. Vergiləri dövlət qurumları verir. Əlbəttə, o vergini almaq böyük məharət tələb etmir. Dövlət Neft Şirkətində hər şey şəffafdır. Bu, dövlət qurumudur. Digər dövlət qurumları da vergiləri tam şəkildə ödəyirlər. Amma özəl sektor vergini tam şəkildə verirmi? Yox, vermir”.

İlham Əliyev vergi orqanlarının işindən də danışıb: “Sahibkarlar sadə dillə desək dövlətin pulunu 100 faiz verməlidirlər, vəssalam. Ondan başqa, heç kimə 1 manat verməməlidirlər. Bax, mən onlara tapşırıram və göstəriş verirəm. Eyni zamanda, dövlət qurumlarına çox ciddi göstəriş verirəm ki, heç bir əsassız tələb irəli sürülməməlidir. Əfsuslar olsun ki, belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır. Əgər hesab edirlər ki, bunu heç kim bilmir, səhv edirlər. Bu, çox ciddi məsələdir və mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır. Ona görə, bax, bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda, sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq”.

Prezident qeyd edib ki, ölkə sahibkarlıq hesabına inkişaf edəcək: “ Di gəl ki, kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni, bunu edən dövlətə xəyanət edir. Bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir. Mən bunu belə qəbul edirəm və hamı bunu bilsin və nəticə çıxarsın”

“Yeni Müsavat”: Prezident dərman idxalı və dərmanların qiymətləri barədə

Qəzetin prezidentin dünənki çıxışında xüsusi diqqət yetirdiyi məqamlardan biri onun ölkəyə gətirilən dərmanların keyfiyyəti və qiyməti barədə fikirləri olub. Prezidentin dediklərindən: “Qiymətlər süni şəkildə qaldırılır. Başqa ölkələrlə müqayisədə Azərbaycanda bəzi dərmanların qiymətləri bir neçə dəfə bahadır. İnsanlar məcbur olub bu dərmanları alırlar. Bir çox hallarda keyfiyyətsiz dərmanlar satılır. Bu məsələ dərindən öyrənilib”.

İlham Əliyev vurğulayıb ki, dərmanlar müxtəlif ölkələrdə istehsal olunur: “İnkişaf etmiş ölkələrdə onların qiyməti bahadır. O qədər də inkişaf etməmiş ölkələrdə o qiymət aşağıdır. Gedirlər ən ucuzunu, ən aşağı keyfiyyətsizini alırlar, gətirirlər, ən baha qiymətə satırlar. Bu, hələ məsələnin az bir hissəsidir. Mən burada bu barədə çox danışmaq istəmirəm. Ancaq bu sahədə çox ciddi pozuntular olub və var. Bu pozuntulara son qoyulmalıdır”.

Prezident söz verib ki, sentyabrdan gec olmayaraq bu sahədə şəffaflıq təmin olunacaq və qiymətlərin yuxarı səviyyəsi müəyyən olunacaq. “Heç kim o səviyyədən baha sata bilməyəcək. Dərmanları satanlar da burada öz gəlirlərini götürəcəklər. Onların da normal gəlir səviyyəsi olmalıdır. Ancaq bu səviyyə 100, 200, 300 faiz olmamalıdır. Heç yerdə belə özbaşınalıq yoxdur.”

“Azərbaycan”: Azərbaycan İnternet azadlığına görə Mərkəzi Asiya və MDB ölkələri regionunda lider kimi qiymətləndirilir

Nazirlər Kabinetinin dünənki iclasında çıxış edən Rabitə Naziri Əli Abbasov deyib ki, “hesabat dövründə, ümumiyyətlə, ölkə üzrə genişzolaqlı internet infrastrukturu, həm stasionar, həm də mobil internet xidmətlərinin göstərilməsi genişləndirilib. Bu gün ölkəmizdə internet istifadəçilərinin sıxlığı təxminən 75 faiz, genişzolaqlı internet istifadəçilərinin sıxlığı isə 65 faizdir. Əksər beynəlxalq təşkilatlar və özəl reytinq şirkətləri bu göstərici və internet azadlığına görə Azərbaycanı Mərkəzi Asiya və MDB ölkələri regionunda lider kimi qiymətləndirirlər.”

“Yeni Müsavat”: Qarabağa rusların böyük köçü?

Qəzet rusların Qarabağa böyük köçünün stimullaşdırılması barədə həyəcan təbili döyür. Bildirilir ki, bu yaxınlarda səs-küy yaratmış Rusiyalı milyarder Sterliqovun “qəfildən mal-mülkün satıb Şuşaya köçməsi”, “Qarabağda eşşək belində gəzib şəkil çəkdirməsi” çox maraqlı və şübhəlidir. “Vəkilləri onun “nüfuzlu dostlarının tövsiyəsi” ilə və Qarabağ köçdüyünü deyiblər. Kimdir nüfuzlu dostları, erməni lobbisimi, rus hakimiyyətində olanlarmı, bəlkə hakimiyyət ideoloqu Duqinin planıdır?”

Bundan başqa deyilir ki, macəraçı milyarder tək deyil. Rusiyalı opera ifaçısı Lyubov Kazarnovskaya da Qarabağa köçüb və erməni jurnalistə müsahibəsində “insanlar Qarabağa gəlməkdən qorxmamalıdırlar” deyib. Qəzetin fikrincə bu, “təsadüfən işlədilən ifadə deyil, Qarabağa rusların böyük köçünün stimullaşdırılmasına hesablanmış çağırışdır. Özü də təkcə rusların deyil...

Rusların yaşadığı ərazi avtomatik şəkildə Moskvanın maraq dairəsində olacaq, Krım, Luqansk, Donesk, Abxaziya, Dnestryanı kimi...”

“Azərbaycan”: İyulun 14-də TQDK birinci və dördüncü qrup üzrə qəbul imtahanı keçirir

TQDK-dan bildiriblər ki, imtahan ölkənin 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində aparılır. Saat 11.00-da başlayan imtahan üç saat davam edəcək.

“İmtahanda abituriyentlərə hər fəndən 25 test tapşırığı olmaqla ümumilikdə 125 test tapşırığı təqdim olunur. Birinci ixtisas qrupunda riyaziyyat, fizika və kimya fənlərindən, dördüncü ixtisas qrupunda isə riyaziyyat, kimya və biologiya fənlərindən son dörd sual açıq tipli test tapşırıqlarıdır.”

«Эхо»: Qarabağa köçmüş rusiyalı milyarder geri qayıdır

Moskva vilayətindən Qarabağa köçmüş iş adamı German Sterliqov iyulun 13-də keçirdiyi mətbuat konfransında iyulun 16-na olan təyyarə biletini göstərib və bu tarixdə Rusiyaya qayıdacağını deyib.

O həmçinin ultramillətçi silahlı BORN təşkilatı ilə əlaqəsi olmadığını, ümumiyyətlə onların haqqında yalnız bir həftə əvvəl eşitdiyini deyib. Bildirib ki, onun Rusiyada hansısa qətllərdə əli olması, buna görə onu orada həbs təhlükəsinin gözlədiyi barədə xəbərlər tamamilə əsassızdır.