Mətbuat icmalı: Evlərin qiyməti enməkdə davam edəcəkmi?

Şəklin mənbəyi, Getty

“Azadlıq”: Oliqarxların şirkətləri də ixtisarlara başlayıb. Qəzet contact.az saytına istinadən yazır ki, “AtaHolding” ASC özünün 2004-cü ildə yaratdığı “Inter-Turizm” şirkətini ləğv etdiyini elan edib.

“Inter-Turizm” MMC turizm sahəsinə investisiyalar etmək üçün yeni layihələrin araşdırılması, hazırlanması və tətbiqi məqsədilə yaradılıbmış. …Açıqlanan son maliyyə hesabatına əsasən, “Ata Holding” ASC-nin hazırda fəaliyyət göstərməyən ən azı 10 törəmə şirkəti var (“AtaInşaat”, “AtaQida”, “SaSa Ət Məhsullari”, “AtaTreydinq”, “AtaMarketinq”, “AtaAqro”, “AtaTelekom”, “AtaEnerji”, “Ata Neft-Qaz”, “Ata Holding Moldova”). Hələlik onların ləğv edilməsi nəzərdə tutulmur.” Qəzet xatırladır ki, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika (OCCRP) təşkilatı “Ata Holding”in hakim ailəyə məxsus olduğunu iddia etmişdir.

“Azadlıq”: Azərbaycanın adı bir daha avtoritar ölkə kimi hallandı

“ABŞ-ın başqa ölkələrin daxili işlərinə qarışması barədə ittihamlar avtoritar rejimlərdən gəlir”

ABŞ Senatının xarici siyasət komitəsinin üzvü Benjamin Kardin öz bəyanatında bildirib ki, “bütün dünyada insan hüquqlarını pozanlar bilməlidir ki, ABŞ insan hüquq və azadlıqlarının müdafiəsini davam etdirəcək. Hüquqların müdafiəsi bəhanəsilə ABŞ-ın başqa ölkələrin daxili işlərinə qarışması barədə ittihamları şərh edən senator deyib ki, bu cür ittihamlar əsasən avtoritar rejimlərdən gəlir.”

Senator Putin rejimini, Çində baş verən prosesləri və Azərbaycan hökumətinin öz vətəndaşlarına qarşı repressiyalarını misal göstərib. Onun Azərbaycan barədə dedikləri isə bunlardır: “Azərbaycan hökuməti də öz vətəndaşlarına qarşı repressiyaları davam etdirir, tənqidçiləri təqib edir, həbsə alır. Hökumət bu cür dözümsüzlüyün aradan qaldırılması istiqamətində iş aparmalıdır, ABŞ isə bu səyləri dəstəkləməyə hazırdır”

“Azərbaycan”: 6 ay ərzində 331 qida zəhərlənməsi

Səhiyyə Nazirliyinin rəsmiləri bildiriblər ki, “bu ilin 6 ayı ərzində ölkə ərazisində 331 qida zəhərlənməsi hadisəsi qeydə alınıb.” Müqayisə üçün bildirilir ki, “keçən ilin müvafiq dövründə 521 belə hadisə baş verib. Bu da ötən ilə nisbətən qida zəhərlənməsi hadisələrinin 36,5 faiz azaldığını göstərir.”

Məlumatda daha sonra deyilir: “Qida zəhərlənməsi hadisələrindən bu ilin birinci yarısında 418 nəfər zərər çəkib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 577 nəfər olub.”

“Xalq qəzeti”: TRT Nargin adası barədə tarixi filmin çəkilişinə başlayıb

“TRT “Bilinməyən tarix: Nargin adası əsarəti” sənədli filminin çəkilişlərinə başlayıb.

Sənədli filmin Nargin adasında və Gəncədə aparılan çəkilişləri iyulun 12-dək davam edəcək.

“Film I Dünya müharibəsində rus ordusu tərəfindən əsir götürülən və Nargində saxlanılan Osmanlı əsgərləri və bu əsirlərə kömək əlini uzadan azərbaycanlılardan bəhs edəcək.”

“Xalq qəzeti”: Azərbaycanın NATO ilə əməkdaşlığı davam edir: qoşunlarımız Əfqanıstanda

“NATO-nun 2015-ci ilin yanvarından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 40 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb. …Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir,” deyə məlumatda bildirilir.

«Эхо»: MERS virusu ilə mübarizəyə hazırıqmı?

Qəzetin əməkdaşları bu dəfə Azərbaycanın sərhədlərinə yaxınlaşmaqda olan MERS virusuna hazırlıq səviyyəsi ilə maraqlanıblar. Məlumdur ki, azərbaycanlılar MERS virusunun qeydə alındığı ölkələrə də səfər edə bilərlər. Bu isə virusun ölkəyə gətirilməsi riskini artıra bilər.

Qəzet Səhiyyə Nazirliyinin Epidemiologiya şöbəsinin müdirindən müsahibə alıb. Nazirliyin rəsmisi bildirib ki, koronovirusun ölkə ərazisinə daxil olmaması üçün bütün mümkün tədbirlər görülür. Bura KİV vasitəsilə əhali arasında məlumatlandırma işinin aparılması, tibb işçilərinə müvafiq təlimatların verilməsi də daxildir.

"Biz əhaliyə müraciət edərək vurğulayırıq ki, gigiyena qaydalarına əməl etmək vacibdir. Evə gələn kimi əllər yuyulmalı, zəruri olduqda nəm salfetlərdən istifadə edilməli, çirkli əllərlə üzə toxunulmamalıdır. Bundan başqa hava limanında sərnişinlərə xüsusi diqqət yetirilir. Bu zaman Yaxın Şərq və Cənubi Koreyaya səfər edənlərə xüsusi diqqət yetirilir, çünki onlar risk qrupuna daxildirlər.” Nazirlik rəsmisi bununla bağlı xüsusi qaynar xəttin yaradıldığını da deyib və telefon nömrəsini təqdim edib.

«Эхо»: Evlərin qiyməti enməkdə davam edəcək

Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev echo.az saytına deyib ki, Azərbaycanda daşınmaz əmlak qiymətlərinin azalması tendensiyası daşınmaz əmlak bazarında kapitalın hərəkət prosesi bərpa olunana qədər davam edəcək. “Bu gün ikinci əl evlərin dollarla qiyməti 30%-dən çox aşağı enib.”

Ekspert daşınmaz əmlak qiymətlərinin enməsinə səbəb olan amillər arasında neft qiymətlərinin düşməsini, bununsa öz növbəsində dövlət xərclərinin və ölkəyə xaricdən maliyyə vəsaitlərinin daxil olmasının azalmasına səbəb olduğunu qeyd edib. Bundan başqa o, likvidliyin aşağı səviyyədə olması, daşınmaz əmlak bazarında kapitalın hərəkətinin məhdudlaşması da vurğulayıb və sonuncu amilin bankların manat kreditlərini məhdudlaşdırması nəticəsində baş verdiyini deyib.

“Bir çox vətəndaşlar daşınmaz əmlakı satırdılar ki, əllərində nəğd pul olsun. Əhalinin əlində get-gedə daha az ehtiyat və sərbəst nəğd vəsait qalmaqdadır. İpoteka kreditlərinin məhdudlaşdırılması faktı da az rol oynamayıb. Bu gün bəzi banklar ilkin ödənişin miqdarını artırmaqla özlərini sığortalamağa çalışır ki, bu da, təbii olaraq verilən ipoteka kreditlərinin həcminə təsir göstərib.”