Mətbuat icmalı: Skype və Whatsapp bağlanılacaqmı?

Şəklin mənbəyi, AFP

“Azərbaycan”: Azərbaycan Avropanı qonaqlayacaq qədər geniş ürəyə sahibdir

Esseyə bənzəyən bu yazıda deyilir: “Azərbaycan bir daha sübut etdi ki, ərazisi kiçik, əhalisinin sayı digər ölkələrdən az olsa da, bütün Avropanı qonaqlayacaq qədər geniş ürəyə sahibdir.”

“Azərbaycan”: Azərbaycanda ilk dəfə

Məlumatda deyilir ki, “Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Azərbaycanda ilk dəfə qaraciyər xəstəsinə "Kök hüceyrə transplantasiyası" əməliyyatı həyata keçirilib. ...

Xəstənin sümük iliyindən əldə edilən mezenximal kök hüceyrələrini intraarterial yolla qaraciyərə köçürüblər.”

“Yeni Müsavat”: Yunanıstanı Kremllə dostluq yıxdı

Bu qənaətə gəlmiş müəllif yazıda deyir: “Sipras Qərbin sanksiyaları ilə təklənmiş Rusiyaya borcunu qaytarmağa başladı. Sipras Avropa Birliyi liderlərinin iradəsinə zidd olaraq Moskvaya səfər edərək, Vladimir Putinlə görüşdü.

Sipras maddi çətinlik çəkən Yunanıstana Putindən kredit, həmçinin Rusiyanın Avropa Birliyi ölkələrinə tətbiq etdiyi sanksiyanın Afina üçün götürülməsini istəyirdi.

Sipras eyni zamanda qaz tədarükündə Afinaya endirim edilməsini də arzulayırdı. Putin isə Avropa Birliyinin “parçalandığı”na sevinərək “Yunanıstan kartı”ndan təkcə qəzəbli olduğu Avropa liderlərinə qarşı deyil, bütün dünyaya qarşı oynamağa başladı.”

“Yeni Müsavat”: Şirvanda yerləşən hərbi təyinatlı zavodda partlayış

“İyulun 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən “Telemexanika” zavodunda güclü partlayış olub. 3 saylı sexdə baş verən partlayış zamanı aldığı xəsarətlərdən 1 işçi ölüb, 19 nəfər yaralanıb və zəhərləniblər. Yaralılar Şirvan şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına aparılıb.”

Termik yanıq xəsarətləri ilə Şirvan mərkəzi xəstəxanasına yerləşdirilmiş altı şəxsin adı sadalanır. Onların hamısı qadındır.

Qəzet hadisə yerinə müxbirlərini göndərərək geniş reportaj hazırlayıb və müəssisənin direktorundan müsahibə alıb.

Bildirilir ki, hadisədə "terror izi" də araşdırılır.

"ЭХО": Azərbaycanda Skype bağlana bilər

Qəzet Skype və Whatsapp kimi yalnız internet traffikrindən istifadə etməklə əlaqə qurmağa imkan verən proqramlardan istifadə nəticəsində Azərbaycanın mobil operatorlarının 1.5 milyon manata qədər qazancdan məhrum olduğunu yazır.

Bu səbəbdən də adı çəkilən xidmətlərin ölkə daxilində istifadəsinə blok qoyulacağı barədə xəbərləri araşdıran qəzet Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədov da daxil olmaqla ekspertlərin fikirlərini və apardığı ətraflı tədqiqatın nəticələrini birləşdirib.

Nazir müavini qəzetə bildirib ki, "Azərbaycan internetin azad olduğu, hər kəsin hər hansı bir lisenziya almadan Şəbəkəyə qoşulma xidmətləri göstərə biləcəyi az sayda ölkədən biridir. Bu gün ölkədə 40-dan çox internet xidməti təklif edən provayder fəaliyyət göstərir. Bu nöqteyi-nəzərdən məhdudlaşdırma tədbirləri həll yolu deyil, əksinə, onların texnoloji inkişafı hamının marağındadır. Adı çəkilən tətbiqlərin məhdudlaşdırılması gündəliyimizdə deyil.".

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovsa echo.az saytına müsahibəsində bildirib ki, messencer xidmətlərinə görə milli mobil rabitə şirkətləri 1.5 milyon manatlıq qazancdan məhrum olublar.

"Messencerlərdə səs mesajlarını bloklamaq qanuna uyğun deyil. Bu, birbaşa istehlakçı hüquqlarının pozulmasıdır. Bundan başqa konstitusion hüquqlar da pozulur. Hətta əgər mobil operatorlar böyük itkilərə məruz qalırlarsa belə buna imkan verilməməlidir. Belə ki, dünyanın heç yerində belə addımlar atılmır.

Operatorların səs zənglərini bloklamağa qərar verəcəyi təqdirdə Azad İstehlakçılar Birliyi açıq şəkildə bu qərara qarşı çıxış edəcək.

“Azadlıq”: Vicdan məhbusu İntiqam Əliyevin məhkəməsində qalmaqal

İntiqam Əliyevin vəkili məhkəmə zalında fiziki kobudluğa məruz qalıb.

İntiqam Əliyevin vəkili Cavad Cavadovun iclasda qaldırdığı vəsatətləri arasında müvəkkilinin məhkəmə zalında quraşdırılmış səskeçirməyən şüşə kabinədən çıxarılıb, onunla yanaşı əyləşməsi, məhkəmə iclaslarının audio və video yazısının aparılmasına icazə verilməsi, İntiqam Əliyevin barəsindəki həbs-qətimkan tədbirinin girov və ya ev dustaqlığı qətimkan tədbirilə əvəzlənməsi, həmçinin apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılması olub.

… “Prokuror çıxış edən zaman vicdan məhbusu bir neçə dəfə şüşəni döyərək, heç nə eşitmədiyinə işarə edirmiş. …Vəkil hakimə bildirib ki, nəzarətçi ona qarşı fiziki kobudluq edir. Nəzarətçi də deyib ki, heç kimin məhkumla kamerada tək qalmasına icazə verilmir. Vəkil və İntiqam Əliyev buna etiraz edərək, vəkillə görüşün konfidensiallığının pozulduğunu bildiriblər.

Daha sonra prokuror Cavad Cavadovun vəsatətlərinə də münasibət bildirərək, onların heç birinin təmin olunmamasını istəyib. Elə hakimlərin də vəsatətlərlə bağlı qərarı prokurorun mövqeyinə uyğun olub - vəsatətlərin heç biri təmin olunmayıb.”