Mətbuat icmalı: kimono axtaran cüdoçular, bank sisteminin ağır günləri, zəfəran yetişdirmək...

Şəklin mənbəyi, AFP
"Azadlıq”
Azərbaycanın I Avropa Oyunlarında yarışmış cüdoçu qadınları Qafqazinfo saytına federasiya rəhbərinin onlara biganə münasibətindən danışıblar.
Yazıda deyilir ki, “Avropa Oyunlarında medal sayına görə ikinci yeri tutan Azərbaycanın cüdo komandası çox uğursuz çıxış edib. Qadın cüdoçulardan heç biri isə fərqlənə bilməyib.”
Cüdoçulardan jurnalistlərə dediklərindən bir neçə qısa parçanı təqdim bölüşürük: “Yarış günü tatamiyə çıxmaq üçün kimono verməli idilər. Təsəvvür edin ki, biz düşüb ondan-bundan kimono axtarırdıq. Özü pulumuza gedib aldıq ki, kimonosuz qalmayaq. Kim bizdən nəticə tələb edə bilər ki?”
“Onlar özləri də bilir ki, hazırlığımız yoxdur. Ona görə də inanmırlar. Baş məşqçimiz bizi tatamidə qoyub gedirdi. Görüş bitən kimi baxırdıq, yoxdur...”
Qəzet yazır ki, Azərbaycanın cüdo komandasında problem və narazılığın baş verdiyi hələ Avropa Oyunlarından qabaq ictimailəşibmiş. “O zaman cüdoçular federasiyadan pullarını ala bilmədiklərinə görə etiraz etmişdilər. Lakin göründüyü kimi, federasiya rəhbərliyi idmançıların problemlərini həll etməyib.”
“Azadlıq”
Qəzet iki ölkə arasındakı münasibətlərdə gərginlik dövrünün məhz “Azərbaycanda 2013-cü ilin oktyabrında keçirilən son prezident seçkisinə ABŞ-ın mənfi reaksiyasından sonra” başladığını xatırladır və münasibətlərin pisləşməsinin qısa, informativ xronologiyasını təqdim edir: “Məhz bu hadisədən sonra Azərbaycan hakimiyyəti əlində olan bütün imkanlardan istifadə edərək, anti-ABŞ kampaniyasına start verdi. Seçkidən bir neçə ay sonra Azərbaycanda başlanmış repressiyalar çərçivəsində ABŞ-ın bütün dünyada böyük beynəlxalq təşkilatlar kimi tanınan qurumlarına qarşı hücumlar başladı və nəticədə onların Azərbaycanda fəaliyyəti dayandırıldı.
2014-cü ilin sentyabrında ABŞ prezidenti Barak Obama çıxışlarının birində Azərbaycanda vətəndaş cəmiyyəti institutları üçün dözülməz şərait yaradıldığını bildirdi. Bu faktiki Obamanın Azərbaycandakı vəziyyətlə bağlı ilk sərt çıxışı idi. Bu hadisədən sonra Azərbaycan hakimiyyəti anti-ABŞ ritorikasını daha da gücləndirdi.”
Qəzet hər il iyulun ilk günlərində ABŞ səfirliyinin Amerikanın müstəqillik günü münasibətilə ənənəvi ziyafət təşkil etdiyini, 90-cı illərdə mərhum prezident Heydər Əliyevin bu tipli tədbirlərdə şəxsən iştirak etdiyini yazır. Bildirilir ki, “son illərdə adətən bu qəbildən olan tədbirlərdə Azərbaycan hökumətini maliyyə naziri Samir Şərifov təmsil edirdi. Lakin dünən ABŞ səfirliyinin təşkil etdiyi ziyafətdə Azərbaycan hökuməti gənclər və idman nazirinin müavini səviyyəsində təmsil olunurdu.”
Qəzet bu faktı Azərbaycan-ABŞ münasibətlərinin həqiqətən də pisləşməsinin göstəricisi kimi qiymətləndirir.
“Azadlıq”
Dünən Bakıda işə başlamış Azərbaycan Beynəlxalq Sığorta Forumunun açılışında çıxış edən Maliyyə Naziri Samir Şərifov bildirib ki, neftin qiymətlərinin aşağı düşməsi və devalvasiya sığorta şirkətlərinə də mənfi təsir edib.
Qəzet yazır ki, “neftin qiymətinin aşağı düşməsi və devalvasiya ilə əlaqədar olaraq banklar üçün çətin əməliyyat mühiti yaranıb. Bankların gəlirlərinin azalacağı və maliyyə vəziyyətlərinin daha da pisləşəcəyi gözlənilir. Beynəlxalq kredit reytinqi agentliyi Moody's Azərbaycanın bank sistemi üzrə proqnozunu “stabil”dən “neqativ”ə endirib.”
Maliyyə Nazirinin müavini Azər Bayramovsa deyib ki, “mənfəətin artırılması şirkətlərin öz xərclərinin azaldılması hesabına olmalıdır, sığorta ödənişlərinin qanunsuz azaldılması hesabına yox. Sığorta şirkətləri işlərini daha optimal qurmalı və müasir texnologiyalardan daha çox istifadə etməlidirlər”.
“Azərbaycan”
Qəzet Prezidentin qızı Leyla Əliyevanın AZƏRTAC-a verdiyi geniş müsahibəni dərc edib. Xanım Əliyeva öz ictimai fəaliyyətinin bütün sahələrindən, Heydər Əliyev Fondunun fəaliyyətindən tutmuş özünün incəsənətə, şeirə və rəsmə marağına və uşaqların tərbiyəsi barədə fikirlərinə qədər ən müxtəlif mövzularda danışıb.
Müsahibədən kiçik bir parçanı diqqətinizə çatdırırıq: “…Ən əsası, mən onlarla bir yerdə olanda yaxşı əhval-ruhiyyədə oluram, onlar heç vaxt məni məyus və kədərli vəziyyətdə görməyiblər. Mən həmişə onlara deyirəm ki, hər şey yaxşı olacaq. Mən onları müsbət ruhda kökləyirəm.
Mənim üçün onların təhsili çox əhəmiyyətlidir. Onlar üç dildə danışırlar: Azərbaycan, ingilis və rus. Onlar riyaziyyatla, incəsənətlə maraqlanırlar. Mən daim onlara kitablar oxuyuram və çalışıram ki, onlar kompüter arxasında daha az vaxt keçirsinlər. Çox istərdim ki, övladlarım böyüyəndə öz uşaqlıq illərini həmişə sevə-sevə xatırlasınlar, yada salsınlar.”
“Xalq qəzeti”
Qəzet mətbuatdan tanıdığımız İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun məqaləsini dərc edib. Məqalədə deyilir: “Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və şəxsi təşəbbüsü ilə reallaşan bu möhtəşəm bayramın kifayət qədər uğurlu təşkil edilməsinin əsas səbəbi hazırlıq və eləcə də yarışların təşkili işinə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etməsi idi.
Dövlət başçımızın və onun xanımının Oyunlarda milli komandamıza dəstək verməsi bu yarışlarda əldə edilən uğurların təməlini formalaşdırdı. Oyunlardan əvvəl və sonrakı mərhələdə müxtəlif daxili və xarici qüvvələrin qərəzli kampaniya aparmalarına baxmayaraq, Azərbaycan xalqının həmişə olduğu kimi, bu dəfə də cənab Prezidentin təşəbbüsünü dəstəkləməsi belə möhtəşəm tədbirin uğurla yekunlaşmasına öz müsbət təsirini göstərdi.”
"Эхо" qəzeti
Qəzet Azərbaycanda vaxtilə zəfəran yetişdirən sovxozun mövcud olduğu, indi isə bu qiymətli məhsulun istehsalının hədsiz dərəcədə azaldığı, lakin bu sahəni inkişaf etdirmək üçün ölkədə çox sayda maraqlı imkan və perspektivin mövcud olduğu barədə yazır.
Qəzet bundan başqa iyulun 6-dan avqustun 15-dək keçiriləcək Koreya kino festivalı barədə məlumat dərc edib. Məlumatdan festival çərçivəsində nümayiş olunacaq filmlərin son illərə aid olduğu görünür. Bundan başqa bildirilir ki, filmlər yalnız Gəncə, Sumqayıt, Qəbələ, Lənkəran və Ağdaşda nümayiş olunacaq. Seanslara giriş tamamilə pulsuz olacaq.





