Mətbuat icmalı: "korrupsiyaya bulaşmış ölkələr", biçin mövsümü, “Qərb qapısı", məktəbli formaları...

Şəklin mənbəyi, AFP
“Azadlıq”
“Transparency International” təşkilatı Avropa Birliyinə beş ölkə, Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada ilə bağlı xəbərdarlıq edib. Bildirilir ki, Avropa Birliyi ölkələri və Rusiya ilə sərhəd olan bu beş ölkədə “siyasi hakimiyyət və biznes elitası qanunverici hakimiyyəti və məhkəmə sisteminə açıq-aşkar təsir göstərərək, korrupsiya faktlarının araşdırılmasına imkan vermir.”
“Korrupsiyaya qarşı ciddi mübarizənin aparılmaması demokratik proseslərə əngəl olmaqla yanaşı, həm də bu ölkələrin Avropa Birliyinə siyasi və iqtisadi cəhətdən inteqrasiya prosesini pozur”, - deyə “Transparency International”ın hesabatında bildirilir.”
Bundan başqa hesabatda qeyd olunur ki, “yaxın beş il ərzində Avropa Birliyi bu ölkələrə 15 milyard avro məbləğində yardım göstərməyi planlaşdırır. Narahatlıq doğuran məqam odur ki, həmin vəsaitlərin müəyyən hissəsi korrupsionerlərin cibinə gedə bilər.”
“Transparency International” hesab edir ki, Avropa Birliyi maliyyə dəstəyilə bağlı qərarı həmin ölkələrdə korrupsiyaya qarşı mübarizə sahəsində atılan konkret addımlardan asılı olaraq verməlidir. Bundan başqa həmin ölkələrdə vətəndaş cəmiyyətinin azad olması və siyasi təqiblərə məruz qalmaması nəzərə alınmalıdır.
Hesabatda həmçinin qeyd olunur ki, bu ölkələrdə məhkəmə sistemi korrupsiyaya bulaşmış orqanlardan biridir. Bildirilir ki, “neftlə zəngin Azərbaycanın gəlirləri qonşularından iki dəfə çoxdur və bu ölkə regionda ən çox korrupsiyaya qurşanmış iki dövlətdən biridir.
Gürcüstanda isə demokratik sistemin funksionallığı yaxşıdır və o, yuxarıda adları çəkilən beş dövlət arasında ən az korrupsiyalaşmış ölkədir.”
“Azərbaycan”
Stokholmda Ukrayna-Avropa İttifaqı Assosiasiyasının keçirdiyi beynəlxalq forum çərçivəsində “görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın nurlu xatirəsinə həsr edilən “İnfeksion nəzarətə dair elmi əsərlər məcmuəsi” kitabının 5-ci cildinin təqdimatı olub.”
Bildirilir ki, “kitabda pasientlərin infeksion təhlükəsizliyi və onlara keyfiyyətli tibbi yardım göstərilməsi üçün optimal şəraitin təmin edilməsi yolları, habelə müalicə-diaqnostika prosedurlarının həyata keçirilməsi prosesində risklərin idarə olunması barədə əhəmiyyətli elmi-praktik informasiya toplanıb.”
Kitabın müəllifi professor A. Salmanov “akademik Zərifə Əliyevanın nurlu xatirəsinə həsr olunan 9 kitabın, o cümlədən “Cərrahiyyədə risklərin idarə olunması”, “İnfeksion nəzarət standartları”, “Tibbi təyinatlı məmulatın sterilizasiyası” və 5 cilddə “İnfeksion nəzarətə dair elmi əsərlər məcmuəsi” kitablarının müəllifidir.”
“Azərbaycan”
Qəzet, Beyləqanda 40 min tona yaxın taxıl tədarük olunduğu, tovuzlu fermerin kartof sahəsinin hər hektarından 25 tondan çox məhsul yığacağı barədə proqnozlar, Şəmkirdə bir təsərrüfatda hər hektardan 51 sentner taxıl yığıldığı, Naftalanda təsərrüfatlarda biçin və suvarma işləri barədə məlumatlar dərc olunub.
“Yeni Müsavat”
Bu təhlil yazısında qəzet son günlərdə Rusiyanın Gürcüstanla Azərbaycan arasındakı münasibətlərə zərbə vurmaq cəhdləri, bunun doğura biləcəyi arzuolunmaz nəticələr barədə yazır.
Yazıda Rusiyanın regiondakı sürətlə aqressivləşən davranışı barədə həyəcan təbili döyülür: “Gürcüstanın müdafiə naziri Tinati Xidaşeli ötən həftəsonu SOS şəkildə bəyan elədi ki, Rusiya Gürcüstanı bir neçə saata işğal edə bilər: “Rusiyaya tezliklə Ukraynada qətiyyətli cavab verilməsə, onun suveren dövlətlərə qarşı işğalçılığı davam edəcək.
Sivil dünya 2008-ci ilin səhvini Ukraynada təkrarlamamalıdır, nə vaxt ki, Gürcüstan kömək istəsə də onu axır ki, ala bilmədi. Təkcə mən - müdafiə naziri deyil, gürcülərin hamısı Rusiyanın Ukraynada apardığı müharibə sarıdan narahatdır.
Gürcüstan hələ də Rusiya ilə müharibə vəziyyətindədir. Döyüşlər getməsə də, hər gün Rusiyanın işğal elədiyi Abxaziya və Cənubi Osetiyada insanlar itkin düşür. Hazırda Cənubi Osetiya Rusiya silahlı qüvvələrinin hərbi bazasına və Gürcüstanı bir neçə saat ərzində işğal eləmək üçün plasdarma çevrilib,” deyə o bildirmişdi.
İndi məntiqlə qonşuda “yanğın” gözlənilirsə, deməli, Azərbaycan da öz işini möhkəm tutmalıdır. Bu mənada Bakının Qərblə bütün körpüləri yandırması indi heç vaxt olmadığı qədər milli maraqlarımızın əleyhinə işləmiş olardı. Azərbaycan üçün “Qərb qapısı” çoxdan təkcə coğrafi anlamda deyil.”
“Yeni Müsavat”
Qəzet yazır ki, bu silsilə maşın yanğınları səbəbindən polis gecədən səhərə qədər ərazidə növbə çəkir. Hətta iş o yerə çatıb ki, mülki geyimli polis qəsəbədə şübhəli görünən istənilən şəxsi saxlayıb kimliklərini yoxlayır.
"ЭХО":
Qəzet Bakı Tikiş Evinin rəsmisinə istinadən yazır ki, hazırda yeni qiymətlər barədə dəqiq məlumat olmasa da məktəbli formalarının qiymətinin artırılması planlaşdırılır. Hazırda qiymətlər məktəblinin sinfindən asılı olaraq 46-52 manat arasında dəyişir.
"ЭХО"
Qəzet yazır ki, aprel ayından bəri ilk dəfə London birjasında Brent markalı neftin bir barreli 60 dollar həddini keçərək 59.55 dollar olub.
Məlumatda deyilir: “Bundan başqa, investorlar İranla beynəlxalq vasitəçilərin “altılığı” (BMT TŞ-nın beş daimi üzvü və Almaniya) arasında danışıqların gedişatını da diqqətlə izləyirlər.
İran ümid edir ki, beynəlxalq sanksiyaların aradan qaldırılmasından sonrakı altı ay ərzində neft ixracını iki dəfə artıra biləcək.
Lakin Goldman Sachs Group, Bank of America Corp. və Societe Generale SA kimi bankların təhlilçiləri hesab edirlər ki, ölkə bunu edənə qədər uzun yol keçməlidir. Onların dəyərləndirməsinə görə ixracatı iki dəfə artırmaq üçün İran neft hasilatını sutkada 500 min barrelə çatdırmalıdır ki, bunun üçün də ona on iki aya qədər vaxt tələb olunacaq.”





