Mətbuat icmalı: "Məktəbli forması bahalaşmayacaq"

Şəklin mənbəyi, AFP

“Azadlıq”: Britaniyanın 75 musiqiçi və musiqişünası Kral Opera Teatrına müraciət edərək BP şirkəti ilə əlaqələrini pozmağı xahiş ediblər.

“The Guardian”-ın dərc etdiyi müraciətdə deyilir ki, bu neft şirkəti ilə əlaqə Kral Opera Teatrının beynəlxalq nüfuzuna ləkədir. Aksiyada iştirak edən bəstəkar Kris Qarrard bəyan edib ki, ...BP Azərbaycan və Qərbi Papuada repressiv rejimlərə dəstək verməklə aydın şəkildə sübut etdi ki, azadlığın tərəfində deyil. BP şirkəti mədəniyyət müəssisələrində olmamalıdır.

Müraciət müəllifləri BP-nin keçmişdə ətraf mühitə ciddi ziyan vurduğunu və belə təhlükələrin gələcəkdə təkrarlana biləcəyini də qeyd ediblər. “Özünü böyük mədəni tədbirlərlə bağlayan BP layiq olmadığı sosial legitimlik almaq və bütün dünyada törətdiyi ekoloji, korporativ cinayətlərini ört-basdır etmək istəyir”, - deyə müraciətdə bildirilir.”

Etiraza səbəb iyulunun 3-də BP-nin sponsorluğu ilə tamaşaya qoyulmuş Motsartın “Don Juan” operasının Böyük Britaniyada BP-nin loqosu əks olunan böyük ekranlarda nümayiş etdirilməsi olub.

”Financial Times” yazır ki, “teatrın rəhbərliyi artıq müraciətə reaksiya verib və sponsorun dəyişdirilməsi ilə bağlı müzakirələrə başlayıb.”

“Azərbaycan”: Əlibaba Məmmədovun fonoalbomu

Azərbaycanın Xalq Artisti, muğam ustası, bəstəkar-xanəndə Əlibaba Məmmədov Dövlət Səs Yazıları Arxivinə çox maraqlı və dəyərli bir fonoalbom təqdim edib.

Heydər Əliyev Fondunun layihəsi olan albom 3 kitab, 4 diskdən və xüsusi zövqlə hazırlanmış qutudan ibarətdir.

Ümumilikdə, bu üç kitabda “bəstəkar-xanəndə, mahir muğam bilicisi və ifaçısı Əlibaba Məmmədovun yaratdığı 30 təsnif və 57 mahnı toplanıb.

Sənətkarın bu dəyərli hədiyyəsi dövlət mühafizəsinə qəbul olunub və arxivin “Qızıl fondu”na daxil edilib.”

“Xalq qəzeti”: Sahibkarlığa Kömək Milli Fonduna müraciət etməyə dəvət

“İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2015-ci il iyulun 2-də Qəbələ rayonunun Vəndam kəndində işgüzar forum keçirib. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:

- ixtisaslaşdırılmış yaşıl marketin yaradılması;

- intensiv bağçılıq, tərəvəzçilik, taxılçılıq və balıqçılıq təsərrüfatlarının yaradılması;

- arıçılıq təsərrüfatlarının, balın sənaye üsulu ilə emalı və qablaşdırılması, şirniyyat məhsullarının istehsalı və xalçaçılıq müəssisələrinin yaradılması;

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər. Məlumatda həmçinin fondun fiziki və elektron ünvanı və əlaqə nömrələri təqdim edilib.

"Эхо": Vergi cinayətlərindən 26 milyon manat gəlir

“Bu ilin birinci yarısında Vergilər Nazirliyinin vergi cinayətlərinin ilkin araşdırılması departamentində vergidən yayınma və qeyri-qanuni sahibkarlıq faktları ilə bağlı 998 cinayət işi açılıb.

Hesabat dövründə materiallar və cinayət işləri ilə bağlı aparılan araşdırmalar nəticəsində dövlət büdcəsinə 26 milyon 366,9 min manat pul vəsaiti daxil olub ki, bu da keçən il üçün analoji göstəricidən 4.8 dəfə çoxdur.”

"Эхо": Məktəb forması bahalaşmayacaq

Bir neçə gün əvvəl Bakı Tikiş Evinin satış şöbəsinin müdirinə istinadən məktəb formasının bahalaşacağı barədə yazan qəzet bu gün BTE-nin eyni rəsmisinə istinadən daha əvvəl yayılmış xəbərin doğru olmadığı, məktəbli formasının bu il bahalaşmayacağı barədə məlumat dərc edib.

Bundan əvvəl baş verəcək bahalaşmanın milli valyutanın devalvasiyası ilə bağlı olduğu, formanın tikilməsi üçün lazım olan xammalın Türkiyədən alınması ilə bağlı olduğu qeyd olunmuşdu.

Echo.az-a müsahibəsində BTE-nin şöbə müdiri Etibar Əzimov bildirib ki, məktəbli formalarının bütün dəstlərinə eyni qiymət tətbiq olunacaq. Belə ki, 1-6-cı sinif şagirdləri üçün olan formanın əvvəllər 40 manata çatan qiyməti 34 manat olacaq. Hazırda qiyməti 40 – 45 manat arasında dəyişən 7-11-ci sinif şagirdləri üçün olan dəstlərinsə standart qiyməti 40 manat olacaq.

Şirkətin devalvasiya ilə bağlı itkilərə məruz qaldığını deyən şöbə müdiri bu il rəhbərliyin vətəndaşların maliyyə vəziyyətinə anlayışla yanaşaraq qiymətləri qaldırmamaq qərarına gəldiyini deyib.

"Эхо": Ermənistan Azərbaycan mallarını idxal edirmi?

İqtisadçı Oqtay Haqverdiyev echo.az saytına bildirib ki, "Ermənistan Azərbaycan məhsullarını İranda fəaliyyət göstərən şirkətlər vasitəsilə idxal edir. Əgər Gürcüstanda bu məsələyə nəzarət varsa, İranda bu nəzarəti həyata keçirmək mümkün deyil. Bizim hər hansı bir şirkətimizin İranda erməni tərəfinə bizim xalçalarımızı satması da istisna deyil.

Bizim dövlətimiz də buna xüsusi fikir vermir, çünki söhbət çox kiçik məbləğlərdən gedir. Amma, təbii ki, Ermənistanla Azərbaycan arasında heç bir ticarət münasibətlərindən söbət gedə bilməz.”

İqtisadçı deyib ki, xidmətlərə gəlində, Azərbaycanın üzərindən uçan Ermənistan təyyarələrinin enərək burada yanacaq doldurmağa məcbur olduğu hallar olur. Bizim yanacağımızdan istifadə etməklə, onlar faktiki olaraq bizim məhsulumuzu idxal etmiş olurlar. Bizim təyyarələrimizin onların hava limanında yanacaq doldurmağa məcbur olduğu hallarda da analoji vəziyyət yaranır.