Mətbuat icmalı: İlham Əliyev italiyalılara "niyə də yox?" deyir

Şəklin mənbəyi, Getty

“Yeni Müsavat”: Rusiyalı ultramillətçi milyonçunun Qarabağa köçməsi barədə

Ultramillətçinin arvadı Alyona Sterliqova bir rus telekanalına müsahibəsində jurnalistin “Rusiyanı niyə tərk etdiniz” sualına cavab olaraq bildirib: “Bilmirəm, ərim belə qərar verdi. Dedi ki, vəziyyət elə yaranıb ki, biz hələ ki, Rusiyaya geri dönə bilmərik. Konkret nə baş verdiyini isə o, mənə sonra deyəcəyini söylədi”.

“Daha öncə “REN TV” Sterliqovun Rusiyadan qaçmasının əsas səbəblərindən biri kimi adının millətçi BORN (rus millətçilərinin silahlı təşkilatı) qruplaşmasının cinayətlərində hallanmasını göstərmişdi. Rusiyada dövlət quruluşunu dəyişməyi qarşısına məqsəd qoymuş BORN qruplaşması millətçiliklə mübarizə aparan qeyri-rusları qətlə yetirirdi.”

Yazıda daha sonra bu qruplaşmanın törətdiyi bir neçə cinayət sadalanır və qeyd olunur ki, “German Sterliqovun bu cinayətlərin neçəsində əli olduğunu yəqin ki, istintaqın gələcək gedişləri göstərəcək.”

Qəzet yazır ki, “amma Sterliqovun cəmi 40 min adamın qaldığı Qarabağ bölgəsində pulu necə qazanacağı sirr olaraq qalır.”

“Yeni Müsavat”: Azərbaycan qazının Avropaya nəqli üçün yeni perspektivlər

Məlumatda deyilir: “İtaliyanın "Snam S.p.A." şirkəti Azərbaycan qazını Avropaya nəql edəcək Trans Adriatik Boru Xəttinin (TAP) tikintisi layihəsindən pay almaq istəyir.

…İtaliyada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu məsələyə münasibət bildirib. Dövlət başçısı Milan EXPO beynəlxalq ticarət sərgisində jurnaslitlərin suallarını cavablandırarkən deyib:

"Niyə də yox? Əgər digər şirkətlər öz səhmlərini sata bilərsə, mən burada heç bir problem görmürəm.” İlham Əliyev layihənin 2020-ci ildə başa çatdırılacağını təsdiqləyib.”

Bildirilir ki, “TAP-ın hazırkı səhmdarları BP (20 faiz), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, (SOCAR) (20 faiz) Norveçin "Statoyl" (20 faiz), Belçika "Fluxys" (19 faiz), İspaniyanın "Enagas" (16 faiz) və İsveçrənin ”Axpo” (5 faiz) şirkətləridir.”

"Эхо": Daha çox peyk daha az risk deməkdir

“Azercosmos”dan bildiriblər ki, ikinci stasionar peykin buraxılması 2017-ci ilə planlaşdırılır. Onun ardınca isə orbitə alçaq orbitli peyk buraxılacaq. Ümumilikdə yaxın illər ərzində Azərbaycanın peyklərinin sayı dördə çatacaq.”

Azərbaycan İnternet forumunun rəhbəri Osman Gündüz echo.az saytına müsahibəsində deyib ki, “həmişə ehtiyatda bir peyk olmalıdır. Yaxın illərdə ölkəmizin peyklərinin dördə çatacağı yaxşıdır. Bu, riski azaldacaq və daha çox dövlət və təşkilatın bizim peyklərdən istifadə etmək istəməsinə gətirib çıxaracaq.”

O deyib ki, “telekommunikasiyalar bazarında bu sahədə böyük rəqabət var. Təkcə bir peykin olması böyük riskdir, çünki nasazlıqlar yarana bilər. Ona görə bizim həmişə ehtiyat resurslarımız olmalıdır. ... Əgər bizim peykimiz çox da yüksək olmayan qiymətlər müqabilində keyfiyyətli xidmət göstərərsə və perspektivli əraziləri əhatə edərsə onda peyklər öz dəyərini doğruldacaq.”

“Azərbaycan”: Uğurla başa çatmış mürəkkəb əməliyyat

Bildirilir ki, “Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının ağız, üz və çənə cərrahiyyəsi şöbəsində aparılmış uğurlu əməliyyat nəticəsində xəstə karotid hemodektomalardan azad edilib. Bu barədə AZƏRTAC-a ATU-nun mətbuat xidmətindən məlumat verilib.”

“Azərbaycan”: “Nənələr”dən biri dünyasını dəyişib

Məlumatda deyilir: “Lənkəranın Separadi kəndində fəaliyyət göstərən “Nənələr” folklor kollektivinin üzvlərindən biri - Xanbibi Əzimova iyulun 10-da 79 yaşında vəfat edib.

... “Bacılar” adı ilə fəaliyyətə başlayan “Nənələr” folklor qrupu 1970-ci ildə yaradılıb. Altı nəfərlik kollektivin qədim mahnı və rəqslərimizin qorunub saxlanmasında, onların gələcək nəsillərə çatdırılmasında xidmətləri əvəzsizdir. Folklor kollektivinin repertuarında Azərbaycan və talış dillərində 100-dən çox bayatı və el nəğməsi var.”