Mətbuat icmalı: Urmiya gölünü nə gözləyir?

Şəklin mənbəyi, Getty

"Azərbaycan": Azərbaycanın Qərblə hərbi əməkdaşlığı davam edir

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iyulun 13-17-də Almaniyanın Oberamerqau şəhərində keçirilmiş “Kiçik, yüngül silahlar və minalarla bağlı fəaliyyətlər” kursunda və iyulun 13-dən avqustun 9-dək isə İstanbulda keçirilmiş “Açıq dəniz təlimi”ndə iştirak edirlər.

"Yeni Müsavat": Urmiya gölünü nə gözləyir?

Qəzetin müxbirləri birbaş Urmiyaya gedib, bu mövzuda reportaj hazırlayıb və maraqlı fotoşəkillər çəkiblər.

Yazıda deyilir ki, əvvəllər bu gölə çoxlu çaylar tökülərmiş. Çaylardan Acıçay, Tatuçay, Şəhərçay, Nazlıçay, Cığatı çaylarının adları çəkilir.

“Lakin bir neçə il bundan əvvəl göl ətrafındakı ərazidə quraqlıq olub, yağıntılar az olub; əkinçilik, bağçılıqla məşğul olan əhali, eləcə də İran hökumətinin özü də gölün əsas su mənbəyi olan çayların üzərinə bəndlər çəkib. Nəticədə isə göl qurumağa başlayıb”.

Sən demə, 1967-ci ildə YUNESKO tərəfindən qoruq elan edilmiş Urmiya gölü dünyanın 3-cü ən böyük duzlu gölü imiş. Duzluluğuna görə qışın ən sərt vaxtlarında belə göl donmurmuş.

“Mütəxəssislərin dediklərinə görə, onun duzluluğu okean duzluluğundan iki dəfə çoxdur. Zamanında bu gölün duzlu suyu və palçığı müalicəvi xarakter daşıyırdı. Əsasən də palçığı əsəb, traxoma, müxtəlif dəri və qadın xəstəliklərinin müalicəsində mühüm əhəmiyyət kəsb edirdi”.

Bildirilir ki, “bir zamanlar “Milli park” statusu alan Urmiya gölünün ətrafını həm də “İranın Parisi” adlandırardılar.

Bura xeyli sayda turist gələr, dincələrdi. Lakin faciəli zamanlarını yaşayan gölün ətrafındakı turist evləri xarabaya çevrilib.

Gölün quruması ilə ekoloji tarazlıq pozulmuş, bunun nəticəsində əkinçilik və maldarlıqla məşğul olan yerli əhali İranın müxtəlif bölgələrinə köçməyə məcbur olub.

İstənilən güney azərbaycanlı ilə bu barədə söhbət edəndə onları qəhər boğur, kövrəlir, ən xoş xatirələrin yaşandığı gölün barəsində xatirə kimi danışmağı qəbul edə bilmirlər.

Yayılan son məlumatlara görə İranın prezidenti Həsən Ruhani Urmiya gölünün bərpa ediləcəyi barədə vəd verib, deyilənə görə artıq bununla bağlı komissiya yaradılıb və müzakirələr gedir. İşlərlə əlaqədar 522 milyon dollar vəsait də ayrıldığı bildirilir.”

"Эхо": Koreyada yaşayan azərbaycanlı astronom Ülkər Kərimova ilə müsahibə

Xanım Kərimova Koreya həyatinin rahatlıq və gözəlliyindən, Azərbaycandakı həyatla fərqlərindən danışıb. Koreyalıların növbə, sürücülük mədəniyyəti, ictimai nəqliyyatın yüksək səviyyəsi, ictimai ayaqyollarının təmiz və pulsuz olması həmyerlimizin diqqətindən qaçmayıb.

“...Koreyalılar üçün ən əsas şey tox olmaqdır. Onlar daim insanın ac olub-olmadığını soruşurlar. Bu bir növ bizdə “necəsən?” sualı kimidir. Onlar üçün insanın tox olması vacibdir, çünki əgər o toxdursa deməli yaşayacaq”.

Xanım Kərimova koreyalıların və Koreyada yaşayan başqa xalqların Azərbaycan haqqında eşitmədiklərini, amma SSRİ-ni tanıdıqlarını deyir.

Alim həm də Koreyada təhsilin son dərəcə yüksək səviyyəsindən, azərbaycanlıların koreyalılardan öyrənə biləcəyi bəzi şeylərdən də danışıb. Bura başqa insanların fikrini saya salmamazdan əvvəl onu dinləmək və analiz etmək bacarığı da daxildir.

O həm də koreyalıların bizdən öyrənməli olduğu əlaməti deyib: “Temperament. Onlarda o praktik olaraq yoxdur.”