İlham Əliyev Riqa sammitində iştirakdan "imtina edib"

Şəklin mənbəyi, Getty
Prezident İlham Əliyev Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" proqramına üzv ölkələrin Riqa sammitində iştirak etməyəcək, prezidentin köməkçisi Əli Həsənov deyib.
Cənab Həsənovun yerli mediaya bildirdiyinə görə bu, prezidentin qrafikinin "həddən artıq sıx" olduğuna görədir.
Lakin APA-nın "diplomatik mənbələrdən əldə etdiyi" məlumatına görə, səbəb "son zamanlar Qərbdə Azərbaycana qarşı qərəzli kampaniyanın həyata keçirilməsinə, Avropa mərkəzlərindən idarə olunan QHT-lərin geniş anti-Azərbaycan fəaliyyətinə reaksiyadır".
Riqa Sammiti mayın 21-22-də keçiriləcək. Əli Həsənovun bildirdiyinə görə, sammitdə Azərbaycanı PA rəhbərinin müavini Novruz Məmmədov və XİN başçısı Elmar Məmmədyarov təmsil edəcəklər.
Rusiyanın etirazı
Ayın əvvəlində Aİ sammitdə iştirakla bağlı Azərbaycana dəvət göndərmişdi və BBC Azərbaycancaya danışan Aİ rəsmisi bildirmişdi ki, qurum Prezident İlham Əliyevin sammitdə istirakini arzulayır.

Şəklin mənbəyi, Getty
Eyni zamanda Rusiyanın mayın 21-22-də Riqada keçiriləcək sammiti özünə hədə görməsi barədə bəyanatlar yayılıb.
"Biz Riqadakı sammiti izləyəcəyik. Artıq indidən məlumdur ki, bizim reaksiyamız sərt və prinsipial olacaq, çünki biz bu tərəfdaşlığın hara apardığını görürük. Bu tərəfdaşlığın mahiyyəti açıq-açığına antirusiya yönlüdür", ötən ay Rusiya xarici işlər nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç bildirmişdi.
Ötən həftə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana səfər etmişdi və Prezident Əliyevlə görüşmüşdü. Səfərdən öncə yerli mediada "Patruşev İlham Əliyevi Riqa sammitinə getmək fikrindən daşındırmağa gəlir" kimi spekulyasiyalar yaranmışdı.





