Aİ Riqa sammitində Əliyevin iştirakını istəyir

Şəklin mənbəyi, AFP
Avropa İttifaqı Azərbaycana may ayında Riqada keçirləcək Şərq Tərəfdaşlığı sammitində iştirakla bağlı dəvət göndərib. Aİ rəsmisi qurumun prezident İlham Əliyevin sammitdə istirakini arzuladığını bildirib.
"Riqa sammitində iştirak üçün dəvətnamələri yeni göndərmişik. Azərbaycandan kimin iştirak edəcəyi barədə məlumatımız yoxdur. Lakin Prezidentin iştirakı ən ideal hal olardı", adının çəkilməsini istəməyən Aİ sözçüsü BBC Azərbaycancaya deyib.
Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Prezident Əliyevin sammitə qatılıb-qatılmayacağından xəbərsizdir.
Azər Qasımov deyir ki, onda prezidentin sammitdə iştirak edib-etməyəcəyi barədə heç bir məlumat yoxdur.
Ötən həftə Rusiyanın mayın 21-22-də Riqada keçiriləcək sammiti özünə hədə görməsi barədə bəyanatlar yayılıb.
“Biz Riqadakı sammiti izləyəcəyik. Artıq indidən məlumdur ki, bizim reaksiyamız sərt və prinsipial olacaq, çünki biz bu tərəfdaşlığın hara apardığını görürük. Bu tərəfdaşlığın mahiyyəti açıq-açığına antirusiya yönlüdür”, aprelin 24-də Rusiya xarici işlər nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç bildirib.
Aİ rəsmisi Rusiyanın verdiyi bu sərt reaksiyaya münasibət bildirməyib. Amma ümumiyyətlə, Şərq Tərəfdaşlığı proqramının heç kimə qarşı yönəlmədiyini, kiminsə bu əməkdaşlıqdan qorxmalı olmadığını deyib.
Rəsmi BBC Azərbaycancaya bildirib ki, bu əməkdaşlıqda iştirakın müxtəlif səviyyələri mövcuddur və nə dərəcədə iştirak edəcəklərilə bağlı seçim "Şərq tərəfdaşlarının özlərinə aiddir, bunu hər kəs özü müəyyən edir".
"Bildiyiniz kimi Gürcüstan, Ukrayna və Moldova assosiasiya sazişini imzalayıblar. Amma siz həm də bilirsiniz ki, məsələn, Ermənistan Avrasiya Gömrük İttifaqının üzvüdür və o eyni zamanda Şərq Tərəfdaşlıq proqramında iştirak edir. Beləliklə, bunların biri o birini istisna etmir", o deyib.
Ermənistan və Belarusun Riqa sammitində iştirak edib-etməyəcəyi barədə dəqiq məlumat isə yoxdur. Lakin Ermənistan prezidenti son həftələr ərzində Aİ və Avrasiya İttifaqı ilə əməkdaşlıq barədə mətbuata bəzi açıqlamalar verib.
Ermənistanın Avrasiya İqtisadi (Aİİ) İttifaqına üzvlüyü avropalı tərəfdaşlarla əlaqələrin ləğv edilməsi, yaxud da ləngidilməsi demək deyil, Serj Sarkisyan mart ayında bəyan edib.
Ermənistan prezidenti Aİ ilə münasibətlərlə bağlı Yerevanın institusional islahatlara xüsusi diqqət yetirdiyini qeyd edib.
“Biz Aİ ilə yeni danışıqlara başlamışıq və elə bilirəm ki, Riqa sammitinə kimi Avropa Komissiyası ilə yeni hüquqi sənədin müzakirəsinə başlayarıq”, - Ermənistan prezidenti deyib.




