Donald Tusk: İlham Əliyev Aİ ilə əməkdaşlığın davam edəcəyi mesajını verdi

Şəklin mənbəyi, tvnewsroom.consilium.europa

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Riqa sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib ki, Azərbaycan prezidenti İlham Əliyev onunla telefon söhbətində ölkəsinin Avropa İttifaqı ilə əməkdaşlığının “daha güclü” davam etdiriləcəyinə dair mesaj verib.

Cümə günü Şərq Tərəfdaşlığı ölkələrinin dördüncü sammiti iki günlük işini başa vuraraq yekun bəyannamə qəbul edib.

Donald Tusk bunu "The Wall Street Journal" qəzetinin müxbirinin verdiyi suala cavab olaraq bildirib.

Müxbir, sammitin və sammit bəyannaməsinin Azərbaycanın narahatlıqlarına görə dayandırıldığı barədə xəbərlərin yayıldığını və bu xəbərlərə görə cənab Tuskun məsələyə aydınlıq gətirmək və rəsmi Bakının imzasına nail olmaq üçün Azərbaycan prezidenti İlham Əliyevə təcili zəng etməli olduğunu demişdi.

Bu suala cavab verərkən cənab Tusk deyib ki, Azərbaycan və Belarusun mövqeyi əməkdaşlığın formasının uyğunlaşdırılıb yoluna qoyulması nümunəsi ola bilər.

Donald Tusk bildirib ki, "burda təəccüblü heç nə yoxdur və bu sammitin gündəliyindəki əsas məsələlərdən biri də elə münasibətlərin yoluna qoyulmasıdır".

Cənab Tusk etiraf edib ki, Şərq Tərəfdaşlığı yeni alətlər tələb edir.

"Mən elə bu gün prezident Əliyevlə də bu məsələni telefonla müzakirə etmişəm. Biz bəyannamə məsələsini müzakirə etməmişik. Bizim Belarus və Azərbaycanı da əhatə edən birgə bəyannaməmiz var. Müzakirəmiz yanaşma fərqlərini nəzərə alan yeni alətlər barədə idi. Əslində Azərbaycan Aİ ilə əməkdaşlığı davam etdirmək niyyətindədir və hətta bu əməkdaşlığı gücləndirmək niyyətindədir. Buna mən tam əminəm. Bu prezident Əliyevin mənimlə söhbətdə verdiyi ən aydın mesaj idi", - deyib Aİ Şürasının prezidenti.

Donald Tusk deyib ki, bəyannamə ətrafındakı emosiyaları başa düşür, çünki bu emosiyalar təbii olaraq ətrafda yaranmış vəziyyətlə bağlıdır.

Yekun bəyannamə

Avropa Parlamentinin sədri Martin Schulz Şərq Tərəfdaşlığı sammitinin yekun deklarasiyasına dair sualların yarandığını və Azərbaycanın sənəddəki Dağlıq Qarabağla bağl müddəaya etiraz etdiyini bildirib.

Cümə günü toplantının 6 iştirakçısı sənəddə "Krımın ilhaqı" ifadəsinə etiraz edib və bəyannaməyə ilhaqın Aİ ölkələri tərəfindən pislənməsi barədə düzəlişdən sonra imza atıb.

Prezident İlham Əliyev Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" proqramına üzv ölkələrin Riqa sammitində iştirak etməyib və Azərbaycan XİN rəhbərilə təmsil olunub.

Proqrama qatılan 6 ölkədən üçü – Ukrayna, Moldova və Gürcüstan – 2014-cü ildə Avropa İttifaqı ilə Assosiasiya Sazişi imzalayıblar.