Azərbaycan Aİ ilə viza sadələşdirilməsi sazişini imzalayıb

Vilnüs sammiti

Azərbaycan və Avropa İttifaqı arasında viza rejiminin sədələşdirilməsi müqaviləsi imzalanıb, Aİ Şərq Tərəfdaşlığı proqramının saytı bildirir.

Bu müqaviləyə görə, əsasən təhsil və biznes üçün Avropaya üz tutan azərbaycanlılar vizanı daha asan üsulla əldə edəcək. Belə ki, bura rüsum və tələb edilən sənədlərin azaldılması da aiddir.

Sənəd noyabrın 28-də Litvada Aİ "Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrinin III zirvə görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Litva xarici işlər naziri Linas Linkevičius və Avropa qonşuluq siyasəti üzrə komissarı Stefan Fule tərəfindən imzalanıb.

Litva prezidenti Dalia Grybauskaitė jurnalistlərə açıqlamasında hadisəni, Şərq Tərəfdaşlığı proqramının 4 illik mövcudluğu dövründə irəliyə doğru "ciddi" addım olduğunu deyib.

Ratifikasiya

Sənədin ratifikasiya prosedurlarına isə Azərbaycan və Avropa parlamentləri və xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev imza atmalıdır.

Trend agentliyi yazır ki, Şengen zonasında yerləşən, lakin Aİ üzvlüyünə daxil olmayan Norveç, İsveçrə, İslandiya və Lixtenşteynlə ikitərəfli müqavilələr bağlana bilər.

Viza sadələşdirilməsi razılaşmasının 2014-cü ildə Aİ ilə readmissiya haqda saziş imzalandıqdan sonra qüvvəyə minməsi gözlənilir.

Ukrayna, Gürcüstan və Moldova

Sammitdə Gürcüstanla Moldova nümayəndələri təntənəli şəraitdə Avropa İttifaqı ilə ilkin müqavilə altına imza atıblar.

Cümə axşamı sammitə gələn Viktor Yanukoviç Avropa liderlərilə bir neçə görüş keçirib, amma Aİ ölkələrinin liderləri Ukrayna Prezidenti Viktor Yanukoviçi Assosiasiya Müqaviləsini imzalamağa təzədən razılaşdıra bilmədilər.

Cümə günü Viktor Yanukoviçlə Almaniya kansleri arasında görüş keçirilib, hərçənd ki, bu söhbətin təfsilatları açıqlanmır. Fransa Ukrayna üçün qapıların açıq qaldığını bildirib.

Müqavilənin imzalanması, bu gün başa çatan sammitin əsas nailiyyəti olacaqdı. Lakin sammitə bir həftə qalmış Kiyev sazişin imzalanmasına hazırqlığın dayandırıldığını elan etdi.

Bunun Rusiyanın iqtisadi təzyiqinə görə baş verdiyi güman edilir.