Vilnüs Sammitindən nə gözləmək olar?

Noyabrın 28-i və 29-da Avropa İttifaqının nümayəndələri Litva paytaxtı Vilnüsdə keçmiş SSRİ ölkələrinin liderləri ilə görüşəcəklər.
Sammitdə Aİ-nin Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində bu ölkələrlə iqtisadi və siyasi əməkdaşlıq məsələlərinin müzakirə olunması və bəzi sazişlərin imzalanması nəzərdə tutulur.
Şərq Tərəfdaşlığı Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynaya Aİ ilə daha yaxın iqtisadi inteqrasiya imkanı yaradır. 2010-2013 arasında layihəyə təxminən 2.5 milyard avro (2.66 milyard AZN) vəsait ayrılıb.
Proqramda iştirak edən ölkələr Avropa İttifaqı ilə daha yaxın iqtisadi əlaqələrdən faydalana bilər, amma bunun üçün bəzi şərtlər var, Reuters xəbər agentliyi yazır.
Buna korrupsiyaya, mütəşəkkil cinayətkarlığa, insan, narkotik və silah qaçaqmalçılığına qarşı mübarizə də daxildir.
Şərq Tərəfdaşlığındakı bəzi ölkələrlə Assosiasiya Sazişi müzakirə olunur.
Avropa İttifaqı ilə Assosiasiya Sazişi və ya buna bənzər saziş imzalayan ölkələr üçün idxal və ixrac üzrə baryerlər azaldılacaq.
Assosiasiya Sazişinin Avropa İttifaqına qoşulmaq üçün keçid olduğu deyilir.
Reuters xəbər verir ki, son nəticədə bu müqaviləni imzalayanlar üçün Aİ-yə daxil olmağa viza lazım olmayacaq,
Vilnüsdən gözləntilər
Azərbaycanın Aİ ilə viza rejiminin sadələşdirilməsi barədə razılaşmanın imzalanması gözlənilir. Bu, Azərbaycan vətəndaşlarına vizanı daha tez, daha asan və daha ucuz almaq üçün imkan yaradacaq.
Gürcüstan və Moldovadan gözlənilir ki, bu ölkələr Aİ ilə ticarət üzrə razılaşmalarının tamamlanmasını təsdiq edəcəklər, Reuters yazır.
Ukraynanın da buna bənzər saziş imzalaması gözlənilirdi amma rəsmi Kiyev Rusiya ilə yaxın əlaqələri bərpa etməyi daha üstün tutub.
Buna baxmayaraq Ukrayna aviasiya üzrə yaxın əməkdaşlıq barədə hazırlıqları tamamlayacaq.
Azərbaycanın iştirakı
Gözlənilir ki, Azərbaycanın sammitdə iştirakı təmkinli olacaq, BBC Monitoring yazır.
Viza sadələşməsi barədə razılaşmanın imzalanacağını artıq bir neçə yerli rəsmi bildirib.
Bakıdan səslənən bəyanatlardan belə görünür ki, Azərbaycan iki təşkilat arasında seçim etmək məcburiyyərində qalmadığını düşünür.
Hakim YAP-ın İdarə Heyətinin üzvü, millət vəkili Mübariz Qurbanlı məsəlnin dilemma təşkil etmədiyini deyib.
“Bizim dövlətimiz yalnız bərabərhüquqlu təşkilatlara daxil olur. Gömrük İttifaqı və Şərq tərəfdaşlığı ilə bağlı assosiativ üzvlük məsələsi Azərbaycanın siyasətində dilemma məsələsi deyil. Bu geosiyasətdir", noyabrın 21-də Mediaforum saytı Mübariz Qurbanlıdan sitat gətirib.
"Azərbaycan təcavüzkar Ermənistanla eyni ittifaqda ola bilməz. Fikirləşsək ki, Qərbə inteqrasiya nəyisə həll edir, bu cür yanaşma da doğru deyil, - millət vəkili deyib. - Ya o tərəf, ya bu tərəf" yoxdur. Milli marağımız var, ona uyğun da addım atılmalıdır".





