İlham Əliyev Vilnüsdədir

İlham Əliyev
Şəklin alt yazısı, Cənab Əliyev Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" proqramı ölkələrinin Vilnüs sammitində Azərbaycanı təmsil edəcək

İlham Əliyevin Litvaya işgüzar səfəri başlayıb və o paytaxt Vilnüsdədir.

Cənab Əliyev Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" proqramı ölkələrinin Vilnüs sammitində Azərbaycanı təmsil edəcək.

Noyabrın 28-29-da İttifaqa üzv olan 28 ölkənin və Şərq Tərəfdaşlığına aid olan altı ölkədən - Azərbaycan, Moldova Ukrayna, Gürcüstan, Belarusiya və Ermənistan - dövlət və ya hökümət başçıları Vilnüsə toplanır.

Aİ ilə Azərbaycan arasında münasibətlərin inteqrasiyası və assosiativ sazişin imzalanması məsələsi təhlilçilərin qütbləşməsinə səbəb olub.

Bəziləri buna, Rusiyanın təzyiqlərinin mane olduğunu desə də, digərləri Azərbaycanın müstəqil siyasət yürütməsi və Avropa ailəsinin üzvlüyünə hazır olmaması ilə əlaqələndirib.

Sammitin gündəliyinə əsasən, noyabrın 28-də cənab Grybauskaitė, Aİ prezidenti Herman Van Rompuy və Avropa Komissiyasının prezidenti José Manuel Barrosonun Ukraynadakı vəziyyəti müzakirə edəcək.

Həmçinin Şərq Tərəfdaşlığı təşəbbüsü perspektivləri barədə mövqelərin dəqiqləşdirməsi planlaşdırılıb.

Cümə günü bütün Avropa liderlərinin Şərq Tərəfdaşlığı proqramının inkişafı barədə yekun qərarlar verməsi üçün koordinasiya toplantısı keçirilməsi təklif olunub.

Həmin gün Aİ prezidentinin Şərq Tərəfdaşlığı ölkələri ilə razılaşmalar imzalaması və 34 ölkənin hökümət və dövlət başçılarının Şərq Tərəfdaşlığının inkişafının, gələcək perspektivləri və mövqelərinin müzakirəsi üzrə plenar sessiya gözlənilir.

Sessiyadan sonra Litva prezidenti mətbuat konfransı keçirməlidir. Daha sonra, o altı Tərəfdaşlıq ölkəsinin - Ukrayna, Belarus, Gürcüstan, Moldova, Ermənistan və Azərbaycanın müxalifət nümayəndələrini qəbul edəcək, sammitin saytında deyilir.

Bu görüşdə iştirak üçün Qubad İbadoğlu, Sabit Bağırov, Leyla Əliyeva, Sevil Yüzbaşeva, Anar Orucov, Rəsul Cəfərli, Emin Hüseynov, Zöhrab İsmayıl artıq Vilnüsdədir.

Ukrayna sövdələşməsi

Ukraynanın avrointeqrasiya müqaviləsini imzalamamaq barədə verdiyi qərardan sonra Rusiya sərt tənqid olunub.

Güman edilir ki, sövdələşmənin pozulmasına səbəb, Rusiyanın iqtisadi təzyiqi olub.

Ticarət və islahatlar ətrafında qurulan sazişin imzalanması, sammitin əsas məqamı olacaqdı.

Buna baxmayaraq, Ukrayna prezidenti Viktor Yanukoviç sammitdə iştirak edəcək və onu Aİ liderlərinin ağır sualları gözləyir.

Aİ və Şərq Tərəfdaşlığı üzvü olan ölkələrin dövlət başçılarının ilk görüşü 2009-cu ildə Praqa şəhərində keçirilib. 2011-ci ilin sentyabrında Polşada baş tutan ikinci sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.