Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə nələr mane olur?

- Müəllif, Nailə Abdiyeva
- Vəzifə, BBC Azərbaycanca, Bakı
Vilnüsdə “Şərq Tərəfdaşlığı” sammiti ərəfəsində Avropa ilə daha yaxın inteqrasiyanın mənfi və müsbət cəhətlərinə diqqət çəkilir.
Bakıda mediada açıqlanan bəyannamə layihəsində proqramın üzvü olan ölkələrin Avropa “istəkləri” qeyd olunub.
Layihənin Azərbaycanla bağlı hissəsində Assosiasiya Sazişinə dair Azərbaycanla aparılan danışıqlardakı “tərəqqi” alqışlanır və rəsmi Brüsselin bu ölkə ilə saziş barədə danışıqların başlanmasına hazır olduğu vurğulanır.
Azərbaycanı sammitdə Prezident İlham Əliyev təmsil edir.
Avropa təsiri
Politoloq və iqtidaryönlü deputat Rasim Musabəyov Azərbaycanın Aİ ilə assosiasiya sazişi imzalamağı planlaşdırmadığını deyib.
BBC Azərbaycancaya danışan politoloqun sözlərinə görə, bundan öncə Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü olmalıdır.
“Azərbaycan Avropa Birliyi ilə çox geniş əməkdaşlıq etməyə tələsmir. Bunun üçün öncə iqtisadi cəhətdən hazırlıq lazımdır. Digər tərəfdən bu sazişin imzalanması Azərbaycanı Avropa Birliyinin təsiri altına sala bilər”, o qeyd edib.
Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov noyabrın 24-də ANS televiziyasına müsahibəsində deyib ki, Azərbaycan Aİ ilə Assosiasiya Sazişi imzalamaq fikrində deyil.
“Biz hələ bir il əvvəl Avropa İttifaqını Assosiasiya Sazişini qəbul etməyəcəyimizə dair məlumatlandırmışıq. Biz Avropa İttifaqı ilə münasibətlərimizin səviyyəsinə uyğun sənəd hazırlamaq istəyirik”.
"Rusiya təzyiqi"
Cənab Məmmədov rəsmi Bakının Aİ ilə Assosiasiya Sazişi imzalamaq istəməməsini Rusiyanın təzyiqi ilə əlaqələndirilməsi haqda suala cavab verməkdən yayınıb.
Hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Mizəzadə Rusiyanın Azərbaycana Assosiasiya Sazişini imzalamamaqla bağlı təzyiqləri haqda danışarkən deyib ki, “Rusiya bu addımların 3-cü tərəfə yönəlmədiyi barədə kifayət qədər məlumatlıdır” Azərbaycan müstəqil siyasəti və maraqlarına cavab verən addımlarla tanınıb.
“İnanmıram ki, Rusiya buna görə Azərbaycana təzyiq edər. Rusiyanın özü də Avropa Birliyinin böyük iqtisadi , siyasi maraqların təmin edilməsində maraqlıdır”, millət vəkili BBC Azərbaycancaya deyib.
Üzvlük
Aydın Mirzəzadənin sözlərinə görə, Azərbaycanın Aİ ilə əlaqələrində üzvlük məsələsi qoyulmur və Azərbaycanın assosiativ üzv olmaq istəyi olsa belə, hər iki tərəf buna hazır deyil.
“İnteqrasiyanın ən yüksək səviyyəsi üzvlükdür, amma xeyli sayda ölkələr var ki, Avropa Birliyi ilə münasibətləri müxtəlif sahələri əhatə edir və bu tərəflər əməkdaşlığı üzvlük sahəsində görmür”, o qeyd edib.
Deputat sammitdə viza rejiminin sadələşdirilməsi haqda sazişin imzalanacağına dair suala “bununla bağlı mövqeyim yoxdur, amma tərəflər hazırdırsa, buna sevinərdik” deyə cavablandırıb.
"SSRİ-nin bərpası üçün bir addım"
Azərbaycan Yazıçılar Birliyinin sədri yazıçı Anar hesab edir ki, Rusiyanın dəstəklədiyi Gömrük İttifaqı "SSRİ-nin bərpası üçün bir addım" olduğundan ondan yan keçmək lazımdır.
“..Azərbaycan Gömrük İttifaqına girməməlidir. Çünki Gömrük İttifaqı yenidən SSRİ-nin bərpası üçün bir addımdır və vaxtilə SSRİ qurulanda bu respublikalar SSRİ-nin tərkibinə necə girmişdilər və istədiyi an o ittifaqdan çıxmaq hüququna malik olan respublikalar idi. Amma kim bunu dilinə gətirsəydi, o saat tutub basarlardı”, yazıçı Meydan TV-ə müsahibəsində bildirib.
O, Gömrük İttifaqını Rusiya siyasətinin "qəribəliyi" adlandırıb.
“Rus siyasətinin qəribəliyi ondadır ki, rus xalqının qayğısına qalmaqdansa, deyir ki, gəl sən də mənə qoşul. Niyə axı? Qoşulduq, 70 il bir yerdə yaşadıq, yaxşı şeylər də oldu pis şeylər də oldu”, o əlavə edib.
Cənab Rzayev Qərbə inteqrasiyanın tərəfdarı olduğunu deyib.
“Biz Qərb dəyərlərinə yaxınlaşmalıyıq, amma Qərbin də hər şeyini qəbul etmək olmaz”, o qeyd edib.



