Leyla Əliyeva: "Azərbaycan müstəqilliyinin mahiyyəti avropalılıqdır"

- Müəllif, Natiq Cavadlı
- Vəzifə, Bakıdan BBC Azərbaycanca üçün
Noyabrın 28-29-da Vilnüsdə “Şərq Tərəfdaşlığı” Sammiti keçiriləcək. Azərbaycan rəsmiləri deyirlər ki, ölkənin Avropa İttifaqına qoşulmaq planları yoxdur.
Ukraynanın sammit zamanı ittifaqla assosiasiya müqaviləsi imzalayacağı gözlənilirdi. Lakin cümə axşamı Kiyev bu prosesi dayandırdığını və Rusiya ilə yaxınlaşmağa hazır olduğunu bəyan etdi. Bir çox şərhçilər bu addımı Kremlin təzyiqilə əlaqələndirirlər.
Azərbaycanda isə xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, Azərbaycan üçün "hər hansı birtərəfli formata qoşulmaq məqsədə uyğun deyil".
Ancaq rəsmilər həmçinin sammit zamanı Azərbaycanla Avropa İttifaqı ölkələri arasında Şengen razılaşması üzrə viza rejiminin sadələşdiriləcəyinə dair sənədlərin imzalana biləcəyini də deyirlər.
Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri və təşkilata üzv olmağa meylsizliyi barədə Milli və Beynəlxalq Tədqiqatlar Mərkəzinin prezidenti, politoloq Leyla Əliyeva BBC Azərbaycancaya danışıb. Onunla müsahibəni Bakıda jurnalist Natiq Cavadlı aparıb.
- Leyla xanım, Azərbaycanın Avropa İttifaqı siyasəti nədən ibarətdir?
- Ötən əsrin 90-cı illərindən fərqli olaraq hökumətin Avropa İttifaqı (Aİ) siyasəti xeyli dərəcədə təkamül mərhələsinə keçdi. Elçibəy hakimiyyəti dövründə Azərbaycanın Avropaya inteqrasiya siyasətində heç bir tərəddüd yox idi. Heydər Əliyev də eyni strateji istiqaməti saxladı və hətta real siyasi addımlar atdı.
Bu addımlar Qərbin enerji maraqlarının gerçəkləşməsinə əsas verdi. Bununla Rusiyanın təsirləri azaldı və Qərbə inteqrasiya prosesi üçün yol açıldı. Ancaq bu yol yalnız Azərbaycanın yox, Cənubi Qafqazın Avropaya inteqrasiyana dəstək oldu.

2004-cü ildən, konkret olaraq neft gəlirlərinin ölkəyə axmasından sonra Azərbaycanda başqa tendensiyalar başladı. Eyni zamanda, sistemin hansısa qaydalara uyğun olaraq Avropaya inteqrasiyası “soyuqlamağa” başladı.
Məsələ ondaydı ki, Heydər Əliyev əsasən makroiqtisadi sabitlik yönündə islahatlar aparmışdı, həmin mərhələ üçün bunlar kifayət edirdi. Çünki Azərbaycanın Avropa İttifaqıyla hansısa dərin münasibətləri olmamışdı.
Sadəcə, ölkənin xarici siyasət istiqamətinin Avropaya inteqrasiya olduğu göstərilmişdi. Ancaq əsas addımlar 2003-cü ildə başladı, Avropa Qonşuluq Siyasəti artıq birinci addım idi, yəni təkcə əməkdaşlıq yox. Bizdən başqa Gürcüstan, Ukrayna, Moldova, Ermənistan da bu siyasətin fəaliyyət planını qəbul etmişdilər.
Fəaliyyət Planında bir sıra siyasi-iqtisadi islahatlar çərçivəsində öhdəliklər götürülmüşdü. Düzdür, Azərbaycan “European aspirations” – Avropaya inteqrasiya istək məsələsini qoysa da, Avropa İttifaqı bununla razılaşmadı.
Cənubi Qafqazda iki ölkə, Gürcüstan və Ermənistan bu istiqamətdə getdilər, sonradan məlumat ictimaiyyətə sızdırıldığından Azərbaycanın sırada olmadığı aydınlaşdı. O zaman Avrointeqrasiya Şurası yaradılmışdı, onlar kəskin şəkildə niyə bizi sıraya daxil etmədiklərini sual şəklində kampaniyaya başlamışdılar.
Bundan sonra Azərbaycanı da eyni fəaliyyət planına daxil etdilər. Sonradan Azərbaycan rəsmiləri tədricən həmin fəaliyyət planında o qədər də maraqlı olmadıqlarını dilə gətirdilər.
- Sizcə Azərbaycan nə üçün Avropa İttifaqına üzv olmaqda maraqlı deyil?
- Bu məsələdə rəsmi və qeyri-rəsmi bəhanə var. Rəsmi bəhanə Dağlıq Qarabağ münaqişəsiylə bağlıdır. Azərbaycan tərəfi deyir ki, Aİ Dağlıq Qarabağ münaqişəsinə yanaşmada ikili standartlar tətbiq edir, amma Gürcüstanın ərazi bütövlüyünü tanıyırlar.
Halbuki, Aİ-nin Dağlıq Qarabağla bağlı iki qətnaməsi var, sənədlərdə ərazi bütövlüyü tanınır və işğala məruz qaldığımız bildirilir. Son vaxtlar rəsmilər Şərq Tərəfdaşlığı Proqramının lazım olmadığını deyirlər.
Çünki Şərq Tərəfdaşlığı Proqramını xüsusən postsovet ölkələri üçün hazırlayıblar. Məsələ ondadır ki, Avropa Qonşuluq Siyasəti həm də Məğrib ölkələrini - Şimali Afrika - əhatə edir.
Ona görə İsveç və Polşa 5 respublika üçün Şərq Tərəfdaşlığı Proqramının hazırladılar ki, daha dərin inteqrasiya edək. Bununla belə Azərbaycan proqrama formal şəkildə qoşuldu, baxın, Assosiativ Sazişi neçə ildir uzadırlar, danışıqlar 4 il davam etsə də, nəticə yoxdur.
- Assosiativ üzvlükdə öhdəliklər nədən ibarətdir?
- Siyasi və iqtisadi islahatlar. Assosiativ Sazişdə DSFTA (Visa facilitation and readmission agreements) – dərin və hərtərəfli, azad ticarət sazişi var. Amma bu sazişi imzalamaq üçün Azərbaycan gərək Dünya Ticarət Təşkilatına (DTT) üzv olsun. Təsəvvür edin ki, Azərbaycan və Belarus istisna olmaqla, 4 ölkə-Gürcüstan, Ukrayna, Moldova və Ermənistan DTT-ya üzvdürlər. Rəsmilər DTT-ya üzv olmamağı neft amiliylə əlaqələndirirlər.
Onlar hesab edir ki, hansısa siyasi-iqtisadi təşkilatın üzvü olmadığımız üçün neftlə siyasi alver etmək mümkündür. Fikri belə qururlar ki, Azərbaycan quruma üzv olsa, müstəqilliyini itirər və enerji təhlükəsizliyində imkanlar məhdudlaşar.
Qeyri-rəsmi bəhanəyə gəldikdə, Azərbaycana deyirlər ki, Avropaya inteqrasiya istəyirsənsə, islahatlar apar.
Ancaq Rəsmi Bakı buna hazır deyil. Çünki islahatlar hakimiyyətin iqtisadi-siyasi inhisarçılıqdan məhrum olması deməkdir. Açıq desək, islahatlar hakim elitanın status-kvosunun pozulmasıyla nəticələnə bilər.
Ona görə hökumət Aİ qarşısında yeni təkliflərlə çıxış edib ki, artıq Assosiativ Sazişdən imtina ediblər. Hakimiyyətin təklifi Strateji Modernizasiya Sazişi adlanır.
- Bu saziş özündə nələri ehtiva edir?
- Əvvəla, Strateji Modernizasiya Sazişini Aİ-na ilk dəfə Rusiya təklif edib. Təsəvvür edin ki, Azərbaycan yuxarıda adlarını çəkdiyim respublikalarla birgə proqramdadır, həm də ikitərəfli saziş istəyir. Bununla Azərbaycan hakimiyyəti özünü Rusiya səviyyəsinə qaldırıb böyük dövlət hesab edir. Hakimiyyət islahatlar aparmaq istəmir. Strateji Modernizasiya Sazişi Azərbaycan cəmiyyəti üçün çox təhlükəli sənəddir. Çünki hakimiyyət bu sənədlə yalnız əməkdaşlıq etmək istəyir, inteqrasiyadan söhbət getmir.
- Əməkdaşlıq hansı səviyyədə olacaq?
- Əməkdaşlıq hakim elita və Brüssel arasında ümumi maraqlar əsasında olacaq. Necə ki, Rusiya islahatlara getmədən Aİ-la Strateji Modernizasiya Sazişini təklif edir, Azərbaycan da enerji, ticarət sahəsində əməkdaşlığa üstünlük verir, amma islahatlar yox.
Brüsselli narahat edən odur ki, Azərbaycan ümumiyyətlə bütün planlardan imtina etsin. Ona görə heç olmasa Strateji Modernizasiya Sazişinin imzalanmasını istəyir. Brüssel siyasi islahatları əhatə edən maddələrin də olmasını istəyir, amma Rəsmi Bakı buna necə yanaşacaq, bilmirəm.
Sadaladıqlarım Azərbaycan hökumətinin Aİ-na inteqrasiya həvəsinin tamam sıfır səviyyəsinə endiyini göstərir.
Deməli, bütün bunları ümumləşdirsək, yalnız yüngülləşdirici viza - visa facilitation - qalıb ki, Azərbaycan bunu imzalayacaq. Halbuki, Gürcüstan və Moldova çoxdan bu mərhələni arxada qoyublar və vizasız rejimə keçmək üçün danışıqlar aparırlar.
- Bütün proses Azərbaycanın bir neçə il də Avropaya inteqrasiyadan uzaqlaşdığını göstərmirmi?
- Azərbaycan hakimiyyəti hesab edir ki, özünü regionda əsl müstəqil və vacib dövlət kimi aparır, bunun üçün resursları da yetərincədir. Bəli, doğrudan da rəsmi Bakının manevr imkanları var.
Məsələn, Rusiya Azərbaycanı Ermənistan kimi Gömrük Sazişinə təhrik edə bilməz. Çünki Azərbaycanın Aİ-ya dərin inteqrasiya etmədiyini də bilir. Yəni Azərbaycan balanslı siyasətiylə nəsə qazanmaq istəyir. Amma bu gedişat da çox davam edə bilməz. Ona görə ki, Azərbaycan müstəqilliyinin mahiyyəti avropalılıqdır.
Azərbaycan dövləti Avropada gedən müasir milli dövlətlərinin tərkib hissəsi kimi formalaşıb. Əgər hakim elita bunları tamam kənara qoyub yeni siyasi identiklik formalaşdırsa, bu, Azərbaycan dövlətinin məhv olması deməkdir.
- Leyla xanım, Ukrayna Aİ ilə partnyorluq münasibətlərinin qurulmasına dair müqavilənin üzərində aparılan işləri gözlənilmədən dayandırdı. Bu qərara münasibətiniz necədir?
- Əslində Vilnüsdə əvvəlcədən çox böyük planlar vardı. Hesab olunurdu ki, 4 ölkə assosiativ saziş imzalayacaq. Ancaq sammitə yaxın çox az ölkə qalıb ki, assosiativ sazişi imzalamağa hazır olacaq.
Tədricən Rusiyanın təzyiqləri qarşısında əvvəl Ermənistan, indi də Ukrayna dayanmalı oldu. Ancaq Ukraynanın maraqları var, bu maraqlar isə daxili siyasətlə bağlıydı.
Elə Ermənistanda daxili siyasi maraqlar idi. Hansı ki, bu ölkəyə Avropaya inteqrasiyaya imkan vermir. Avropa İttifaqı Timoşenkonun məsələsini çox ciddi şəkildə Rəsmi Kiyevin qarşısında qoyub.
Məncə, bu prosesdə yalnız Rusiya faktoru yox, Yanukoviçin öz rejiminin saxlaması maraqları da var. Ona görə Timoşenkonu azad etmir. Ermənistanda da daxili problemlər assosiativ üzvlüyə mane oldu.
- Rusiya Azərbaycana belə təzyiqlər etmək istəsə, əlindəki əsas imkanlar nədir və ilk olaraq nəyə əl atacaq?
- Mən Ermənistanı ona görə misal çəkdim ki, Rusiya Ermənistan təzyiqləriylə Azərbaycana göstərdi ki, istəsə, Sarkisyan rejimini də tarixin arxivinə göndərə bilər.
Necə ki, 9 oktyabr seçkisindən bir müddət əvvəl Rusiyadakı azərbaycanlı iş adamları “Milyarderlər ittifaqı” yaratmışdılar. Bu, həm də Sərkisyana təzyiq idi ki, bax, sənin üçün də oxşar qurum yarada bilərik.
Demək istəyirəm ki, daxili siyasi zəiflik özünü bu mərhələdə aşkarladı. Bu rejimlər Rusiyanın təzyiqləri qarşısında zəifliklərini büruzə verdilər. Sualınızın məğzinə gəldikdə, Azərbaycana yanaşmada təzyiq vasitələri çoxdur. Birinci, daxili məsələlərdir ki, prezident seçkilərində gördük.
İkinci, Qarabağ məsələsi, üçüncü, miqrantlar problemi. Rusiya istədiyi vaxt miqrantlara təzyiqi gücləndirib qazanc arxasınca gedən azərbaycanlıları vətənlərinə qaytarar. Miqrant axını başlasa indiki rejim üçün çox böyük fəlakət yaranar. Çünki indiki sabitlik həm də Rusiyada 2 milyondan çox soydaşımızın qazandıqlarından ailələrinə göndərmələri hesabına davam edir.
Nəhayət, Azərbaycandakı milli azlıqlar, bütövlükdə Kremlin əlində Bakıya təzyiq etmək üçün vasitələr çoxdur. Sadəcə, indiki hakimiyyət özünü elə aparır ki, Rusiya sadaladığım təzyiq vasitələrindən istifadə etməsin. Bakı diplomatiya və balans siyasəti vasitəsilə Moskvanı qıcıqlandırmamağa çalışır.




