Təhlil: "Yalnız hökumətin işinə yarayan növbəti devalvasiya"

    • Müəllif, Zöhrab İsmayıl
    • Vəzifə, İqtisadi təhlilçi, Michigan Dövlət Universitetində tədqiqatçı

Dekabrın 21-də Azərbaycanın Mərkəzi Bankı milli valyutanın üzən məzənnə rejiminə buraxıldığını elan etdi.

Düz 10 ay öncə fevralın 21-də Mərkəzi Bank bir gecədə manatın 34 faizlik devalvasiyasına qərar vermişdi, bununla da manatın təxminən 10 il sürən sabitliyi və möhkəmliyi sona çatmışdı.

Bu dəfəki qərardan sonra isə manat qiymətini az qala yarıyadək – 48 faiz itirdi. Mərkəzi Bank ABŞ dollarının məzənnəsini 1.55 manat müəyyən etdi.

2014-cü ilin yekunlarına görə, Azərbaycanda ümumi daxili məhsulun az qala yarısı, dövlət büdcəsinin gəlirlərinin isə üçdə ikisi neft-qaz sektoru hesabına formalaşıb. İxracatda neft və neft məhsullarının payı isə daha kritikdir - 92 faiz.

Devalvasiyaya gələn yol

Şübhəsiz ki, 2014-cü ilin ikinci yarısından başlayaraq, dünya bazarlarında neftin ucuzlaşması Azərbaycanın gəlirlərinin kəskin azalmasına səbəb oldu.

Xüsusən də, 2015-ci ildə Dövlət Neft Fondunun gəlirləri yarıbarı azalıb. Bundan başqa fondun tarixində ilk dəfə olaraq ehtiyatlar artmayıb, əksinə azalıb.

Gəlirlərin azalmasının nəticəsində, faktik olaraq, Azərbaycan hökuməti 2015-ci il üzrə büdcə öhdəliklərini yerinə tam yetirə bilmir.

Devalvasiyanı şərtləndirən daha bir amil Azərbaycanın ödəmələr (tədiyyə) balasında tarazılığın pozulmasıdır. Sadə dildə desək, əvvəlki illərdən fərqli olaraq, ölkəyə daxil olan xarici valyuta ilə ölkədən çıxan xarici valyuta arasında fərq əhəmiyyətli dərəcədə azalıb.

Mərkəz Bankının üzən məzənnəyə keçidlə bağlı son bəyanatında da ödəmələr balansında daxilolmalar və ödənişlərin bərabərləşdiyinə eyham vurulub.

Ancaq rəsmi ödəmələr balansı aysberqin görünən hissəsidir. Azərbaycanda uzun illərdir ki, idxalın bir hissəsinin qeydiyyatdan kənarda baş verməsi və eləcə də ökədən qeyri-leqal maliyyə axınları barədə məlumatlar var ki, bu da əslində elə ilin əvvəlindən ödəmələr balansında tarazılığın pozulduğunu ehtimal etməyə əsaslar verir.

Hökumətin marağı

Manatın devalvasiyasına obyektiv şərtlər olsa da, istər fevraldakı, istərsə də, indi baş verən manatın sərbəst buraxılmasının miqyası gözləntiləri xeyli üstələyib.

Məsələn, fevral devalvasiyasından öncə gözlənti bu idi ki, ilin sonunadək dollarla manatın məzənnəsi bərabərləşəcək. Bununla belə, həmin dövrdə Mərkəzi Bank 34 faizlik devalvasiyaya barədə bir gecədə qərar verdi. 21 dekabrda manatın üzməyə buraxılması qərarının da ssenarisi oxşar idi, sadəcə ölçüsü böyük oldu.

Milli Bank özü qərarını devalvasiya adlandırmasa da, dollara nisbətdə 48 faizlik kurs müəyyən etdi.

Doğrudanmı valyuta bazarı bu miqyasda devalvasiyanı labüd edirdi?

Maraqlıdır ki, fevral devalvasiyasından bir müddət əvvəl manatın devalvasiya zərurəti ilk dəfə yanvarın 27-də “Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası bağlı konfransda prezident İlham Əliyevin dilindən səsləndi. Prezident qeyd etdi ki, manat çox bahalaşıb, əslində avro ilə bərabərləşməlidir.

Ötən həftə neft qiymətləri 37 dollara enib.

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Ötən həftə neft qiymətləri 37 dollara enib.

Dekabrın əvvəlində isə ardıcıl olaraq Mərkəzi Bankın banklararası valyuta birjasında satışa çıxardığı xarici valyutanın həcmi barədə məlumatlar mediaya çıxdı. Ötən həftə bəlli oldu ki, Mərkəzi Bank manatı dəstəkləmək üçün qısa bir müddətdə 748 milyon dollar sərf edib.

Sözsüz ki, tələbatı artıran obyektiv amillər var idi, bunlara Brent markalı neftin qiymətinin 37 dollara enməsi, ABŞ-da uçot dərəcəsini artırması ilə bağlı dolların möhkəmlənməsi gözləntiləri, eləcə də keçmiş milli təhlükəsizlik nazirliyindəki həbslərlə bağlı qeyri-leqal kapital axının artması ehtimalı bu amillərə aid edilə bilər.

Bununla belə ritorik “nəyə görə məhz 48 faiz devalvasiya” sualının aydın bir cavabı yoxdur.

Ancaq Mərkəzi Bankın bəyanatındakı bir məqam bu suala bir qədər işıq salır.

Bəyanatda deyilir: “Ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin yaranmasını nəzərə alaraq cari ilin fevral ayında manatın devalvasiyası həyata keçirilmiş, iqtisadiyyat, valyuta bazarı və manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya olunmuşdu”.

Bu məqamda Mərkəzi Bank bir növ etiraf edir edir ki, fevraldakı devalvasiyanın əsas məqsədi manatı neftin qiymətinə uyğunlaşmaq olub.

Doğrudan da fevralda devalvasiya baş verməsəydi, hökumətin büdcə öhdəliklərini heç 72 faiz də yerinə yetirə bilməyəcəkdi. İzahat çox sadədir.

Azərbaycan hökumətinin əsas gəlirləri neft hesabına dollarla formalaşır və onu yüksək məzənnə ilə dəyişməklə dövlət büdcəsinə daha çox manat cəlb edib cari xərcləri örtmək mümkün olur.

Nəzərə alsaq ki, nə bu il, nə də gələn il dövlət təşkilatlarda maaş və pensiyaların artımını gözlənilmir. Belə olan halda, fevralın 21-dən sonra hökumət büdcə üçün nəzərdə tutulmuş hər dollardan 34 faiz daha çox manat əldə etmiş olur.

Bundan sonrakı dövrdə isə eyni minvalla hökumət büdcə üçün nəzərdə tutulmuş hər dollardan 48 faiz daha çox manat əldə edərək “yaralarını sağaltmış” olacaq.

Eyni faydanı maliyyə çətinlikləri ilə üzləşmiş SOCAR da görəcək. Beləliklə də Milli Bankın dili ilə desək, indi baş vermiş devalvasiya da bir növ neftin 36-40 dollar olan qiymətinə uyğunlaşma sayıla bilər.

Bu məqamdə qeyd etmək yerinə düşər ki, Qazaxstan Mərkəzi Bankı da oxşar düşüncə ilə son bir ildə iki dəfə devalvasiyaya gedib. Bu ili avqustunda baş verən 35 faiz devalvasiyanın ardından Qazaxtan da üzən təngənin üzən məzənnə rejiminə keçdiyini elan edib.

Kim uduzur-kim udur?

Manatın zəifləməsindən sonra bir sıra mağazalarda ixrac olunan malların satışı dayandırlıb və yaxud da onlara qiymət qaldırılıb.
Şəklin alt yazısı, Manatın zəifləməsindən sonra bir sıra mağazalarda ixrac olunan malların satışı dayandırlıb və yaxud da onlara qiymət qaldırılıb.

Azərbaycan idxaldan asılı ölkə olduğundan, daxili bazardakı qiymətlər dolların məzənnəsindən çox asılıdır. Bu baxımdan manatın devalvasiyanın idxal olunan bütün mallara proporsional təsirini göstərəcəyi şübhəsizdir. Eyni zamanda bir sıra xidmətlərin bahalaşması da qaçılmazdır.

Məsələn, artıq aviabiletlərin bahalaşması barədə məlumatlar var. Beləliklə də, maaşların və təqaüdlərin artırılmasının gözlənilmədiyi bir şəraitdə devalvasiyadan ən çox sadə insanların ziyan çəkəcəyini söyləmək mümkündür.

Manatın dəyərini itirməsindən banklar da ciddi ziyan çəkəcəklər. Fevraldakı devalvasiyadan sonra əmanətçilərin mühüm hissəsi əmanətlərini dollara dəyişib.

Eyni zamanda Mərkəzi Bankın təlimatlarına uyğun olaraq, banklar kreditlərin mühüm hissəini (məsələn, güzəştli ipoteka kreditlərinin hamısını) isə manata çeviriblər.

İndi manatla olan aktivlərinin 48 faiz azalması bankların durumunu daha da ağırlaşdıra bilər.

Manatın ucuzlaşmasının daşınmaz əmlak və avtomobil bazarındakı likvidliyə də öz mənfi təsirini göztərəcyi şübhəsizdir. Əmlak ekspertlərinin fikrincə, fevral ayındakı devalvasiyadan sonra Bakıda daşınmaz əmlakın qiyməti dollarla təxminən 30 faizədək enmişdi. İndi bu prosesin dərinləşməsi gözləniləndir.

Ümumiyyətlə isə devalvasiyanın iqtisadiyyatın bütün sektorlarına mənfi təsiri qaçılmazdır. Devalvasiyanın yerli istehsalı və ixracatı stimullaşdırdığı barədə çoxlu söz-söhbətlər olsa da, son illərin araşdırmaları bunun əksini söyləyir.

Son bir ildə milli valyutası devalvasiya uğramış Rusiya, Braziliya, Türkiyə və başqa ölkələrin ixacatlarında əslində azalma baş verib. Xüsusilə də, yerli istehsalı əhəmiyyətli olmayan və idxaldan asıllığı yüksək olan ölkələrdə bu bank sektorunun iflasından, inflyasiyanın dərinləşməsindən, alıçılıq qabiliyyətinin azalması, bazarlarda likvidliyin aşağı düşməsindən və işsizliyinin artmasından başqa biş şey gətirmir.

Belə görünür ki, devalvasiyadan udan yalnız hökumətdir. Yaranmış vəziyyətdə köklü islahatlar planlaşdırmayan hökumət bununla bir tərəfdən valyuta rezervlərinin tükənməsinin qarşısını almağı düşünür, o biri tərəfdən isə nominal olaraq büdcə öhdəliklərini yerinə yetirir. Necə deyərlər, harda qırılar-qırılar...