#BBCAzeriTrending: "Üzən manat"

Şəklin mənbəyi, Sancaq
Bazar ertəsi Azərbaycan Mərkəzi Bankının üzən məzənnə rejiminə keçmək barədə qərarının ardından dolların məzənnəsi 47 faizdən çox artaraq 1 manat 55 qəpiyə qalxıb.
Qərara əsasən, manatın məzənnəsi valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən amillərin təsirinə uyğun olaraq formalaşacaq.
Bəzi ekspertlər manatın devalvasiyasından sonra xaricdən gətirilən malların qiymətinin artacağını və bəzi bankların fəaliyyətini dayandıracağını proqnozlaşdırırlar.
Manatın qiymətdən düşməsilə bəzi malların bahalaşdığı və mağazaların satışı dayandıraraq alıcıları geri qaytardıqları barədə də məlumatlar yayılıb.
Baş verənlər sosial mediada müxtəlif reaksiyalara səbəb olub.
Hebib Müntezir Facebookda yazıb: “Manat xalq üçün ölüb, batıb. Adamlar "Formula 1"-ə hazırlaşırlar, Azad Rəhimov dedi ki, bunun üçün sadəcə yollara 12 milyon manat xərcləyəcəyik. Onlar üçün #manat avtoşluq edir.”
Sancaq production adlı Facebook səhifəsi isə Bakı dükanlarından birində çəkildiyini iddia etdiyi şəkli paylaşaraq köşklərdə ərzaq və siqaretin qiymətinin 50% qalxdığını yazıb.
Əli Novruzov tvit edib: “Bir sadə zəhmətkeş kimi manatın düşməyi heç narahat eləmir məni. Onsuz da biz zəhmətkeşlərin itirməyə ancaq qolumuzda zəncirlərimiz var.”


@jschwerdtf adlı Twitter istifadəçisi isə belə yazır: “Avroyla qazanıb, manatla kredit ödəyən biri kimi hal-hazırda sevincimin həddi-hüdudu yoxdur.”
“Bərdə, Gədəbəy, Lənkəran və Şəkidə dükan və mağazalar ərzaq satmaqdan imtina edirlər. Çünki xırda sahibkar ziyana getmək istəmir,” @yasharhuseyn adlı Twitter istifadəçisi yazır.
Terlan Mursaliyev adlı Facebook istifadəçisi isə yazır ki, “21 dekabr dünya dağılacaq, düz deyirmişlər. Amma ilin səhv demişdilər . Bu gün çoxsunun dünyası dağıldı.”
Natiq Bayramov isə bir gün əvvəl etdiyi valyuta mübadiləsi barədə Facebookda yazıb: “Dünən axşam dəyişdiyim valyutanın bu günkü kursla fərqi babat bir yeyib-içməyin pulu eləyir. Mənim bir abbasım söhbəti.”
Rauf Hacıyev adlı Facebook istifadəçisi yazır ki, “marketlərdə bir şeydən iki dənə satmırlar, amma qorxudanda, üstlərinə gedəndə 10 dənə də götürə bilərsiniz”.
“Qalxan dollar, Nardaran hadisələri, yanan neft platforması və yenə də düşən manat qalxan dollar. Hökümətimiz gəncləri temasiz qoymur!!!”, @sahinelyazov3 belə tvit edir.
Zöhrab İsmayıl isə Facebook vasitəsilə təklif edir: “Azərbaycan hökuməti də Xəzərə üzməyə buraxılmalıdır…”




