Manatın qiyməti: "mallar 50 faiz bahalaşacaq"

Azərbaycanda bazar ertəsi dolların məzənnəsi 47 faizdən çox artaraq 1 manat 55 qəpiyə qalxıb, Mərkəzi Bank bildirib.

Məlumat Mərkəzi Bankın üzən məzənnə rejiminə keçilməsi barədə qərarından sonra verilib. Qərara əsasən, manatın məzənnəsi valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən amillərin təsirinə uyğun olaraq formalaşacaq və Mərkəzi Bankın valyuta bazarında iştirakı bu rejimə uyğun həyata keçiriləcək.

Fevralın 21-də Mərkəzi Bank manatı təxminən 33 faiz devalvasiya edib, həmin vaxt 1 manat 1.05 ABŞ dollarına bərabər olub.

Dollarlaşma prosesi

İqtisadçı Zöhrab İsmayılın sözlərinə görə, bu manatın 48 faizlik devalvasiyaya uğraması deməkdir.

Zöhrab İsmayıl izah edir ki, bu qərardan sonra Mərkəzi Bank, ötən ildən fərqli olaraq, bu il manatın məzənnəsini dəstəkləmək üçün banklararası birjada satışa xarici valyuta çıxarmayacaq.

İqtisadçı hesab edir ki, bu addım gözlənilən idi. Onun sözlərinə görə, son həftələr dollar satışı artmağa başlayıb və iki həftə ərzində 700 milyon dolları keçib.

Mərkəzi Bankın valyuta ehtiyatları kəskin azaldığı üçün bu proses uzun müddət davam edə bilməzdi.

"Görünən o idi ki, Azərbaycan hökumətinin beynəlxalq maliyyə inistitutlarından bununla bağlı hansısa sabitləşdirici kreditlər almaq fikri yoxdur. Yeganə çıxış yolu kimi bunu görüblər və məzənnənin dəstəklənməsinə son veriblər", iqtisadçı əlavə edir.

Onun sözlərinə görə, manatın devalvasiyasından sonra xaricdən gətirilən malların qiyməti 50 faiz bahalaşacaq və insanlar manatla investisiya qoymaq manatla alış-satış həyata keçirməyə son verəcəklər.

"İqtisadiyyatda dollarlaşma prosesi başlayacaq", iqtisadçı deyir.

Zöhrab İsmayıl, manatın devalvasiyasının davam edə biləcəyini də qeyd edir.

"Banklar bağlanacaq"

Banklar üzrə təhlilçi, hüquqşünas Əkram Həsənov bu devalvasiyanın səbəbini ötən 10 ay ərzində Mərkəzi Bankın ölkədən valyuta axınının qarşısını almaq üçün hər hansı "tədbir görməməsi" ilə əlaqələndirir.

Onun sözlərinə görə, Mərkəzi Bank, bankların açıq valyuta mövqeyi limitini ləğv edərək növbəti devalvasiya üçün şərait yaradıb.

Cənab Həsənov deyir ki, devalvasiyadan ən çox zərər çəkənlər banklara, kredit təşkilatlarına borcu dollarla olanlardır.

Hüquqşünas bankların vəziyyətinin daha da ağırlaşacağını və bankların kreditləri toplamaq üçün qanunsuz yollara əl atacağını proqnozlaşdırır.

"Çünki qanuni yolla bankların öz kredit borclarının yığması mümkün deyil. Yəni borcluları məhkəməyə verib məhkəmədə öz xeyirlərinə olan qərar qəbul etdirəcəklər, vətəndaşları daha çox təhdid etmə üsulundan istifadə edəcəklər,” o qeyd edir.

O hesab edir ki, devalvasiyanın nəticəsi olaraq gələn il bankların əksəriyyəti fəaliyyətini dayandıracaq.

Mərkəzi bankın məlumatında deyilir ki, son illərdə neftin qiymətinin üç dəfədən çox aşağı düşməsi və tərəfdaş ölkələrdə davam edən devalvasiyalar Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib.

Yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri edib, Mərkəzi Bank qeyd edib.