Manatın düşməsi regionda valyutalara "mənfi təsir edə bilər"

Manatın dollara nisbətdə ucuzlaşması regionun əsas valyutalarına mənfi təsir edəcək, təhlilçilər deyir.

Lakin manatın vəziyyətinin rus rubluna təsiri gözlənilmir.

"Çünki zəif rubl, aşağı neft qiymətləri ilə birgə Azərbaycan valyutasının hərəkətinin təsiredici qüvvəsi olub", - Renaissance Capital investisiya fondundan Oleq Kouzmin bildirib.

Bazar ertəsi Azərbaycanın Mərkəzi Bankı üzən məzənnə rejiminə keçib, nəticədə dolların məzənnəsi 47 faizdən çox artaraq 1 manat 55 qəpik olub.

Son illərdə neftin qiymətinin üç dəfədən çox aşağı düşməsi və tərəfdaş ölkələrdə davam edən devalvasiyalar Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib, MB açıqlayıb.

Təhlilçi, manatın ucuzlaşmasının Qazaxıstan təngəsinə təsirini "azca mənfi" kimi qiymətləndirib.

Çünki Azərbaycandan öncə, bu ilin əvvəlində Qazaxıstan da üzən məzənnə rejiminə keçib.

Məsələdən ən zərərli çıxan isə gürcü larisi olacaq - lari, 2014-cü ilin noyabrından dollara nisbətdə dəyərini 45 faiz itirib.

Azərbaycanın iqtisadiyyatının birbaşa bağlı olduğu neftin qiyməti isə enməkdə davam edir. Bazar ertəsi 1 barrel Brent markalı neftin qiyməti son 11 ildə ən aşağı, 36.09 dollar olub.

Hazırda manatın məzənnəsi cümə günündən bəri 32.3 faiz enərək 1 dollara nisbətdə 1.55 AZN olub.

Mərkəzi bank fevraldan bəri enməkdə olan manatı dəstəkləmək üçün özünün xarici valyuta fondunun yarısını xərcləyib. İndiki addımla isə bankın valyuta ehtiyatları 3.1 milyard manat artıb.

Fevralın 21-də Mərkəzi Bank manatı təxminən 33 faiz devalvasiya edib, həmin vaxt 1 manat 1.05 ABŞ dollarına bərabər olub.