Neft 2004-dən bəri ən aşağı qiymətə satılır

Şəklin mənbəyi, Science Photo Library
Brent markalı neftin bir barelinin qiyməti 36.2 dollara düşüb - bu, 2004-cü ilin iyulundan bəri ən aşağı göstəricidir.
Qiymət enişinin əsas səbəbi bazarda təklif edilən neftin çoxluğudur.
ABŞ-da neft ehtiyatları 1930-cu ildən bəri ən yüksək həddədir, ötən həftə açıqlanmış rəqəmlər deyir.
Bundan başqa, cümə günü ABŞ-ın neft ixracına 40 il əvvəl qoyulmuş qadağa götürülüb.
Neftin qiymətləri dekabrın əvvəlindən sürətlə enir.
Təhlilçilər bunu ABŞ və OPEC ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı ilə qiymət müharibəsiylə əlaqələndirir.
OPEC üzvləri son görüşlərində neft hasilatının həddini təyin etməkdən imtina edib.
Hazırda kartel sutkada 31-21 milyon barrel neft hasil edir.
Səudiyyə Ərəbistanı bu yolla bazarda öz payını artırmaq və son illərdə "şist inqilabı" edərək neft hasilatının azalmasına nail olmuş Amerika şirkətlərini məğlub etmək istəyir.
Rusiya da neft hasilatını artırır. Son 11 ayda neft hasilatı ötən illə müqayisədə 1.4 faiz, 488 milyon ton artıb, İnterfaks agentliyi bildirib.
Enerji naziri Aleksandr Novak deyib ki, Rusiya sutkada 10.7 milyon barrel neft hasil edir.
Bundan başqa, bazarda neft təklifinin sanksiyaların götürülməsindən sonra İrana görə artacağı gözlənilir. Təhlilçilər İranın 2016-cı ilin ilk rübündə neft ixracına başlayacağını proqnozlaşdırır.
Bütün hallarda isə bazarda neftə tələbat Çin iqtisadiyyatında yavaşlama və inkişaf etmiş ölkələrin neft tələbatının azlığı səbəbilə aşağıdır.




