Eks nazirin səlahiyyətlərini müavini icra edir

Şəklin mənbəyi, mincom.gov.az

Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsindən azad edildikdən sonra onun səlahiyyətlərini nazir müavini İltimas Məmmədov icra edir.

Nazirlik haqqında Əsasnaməyə uyğun olaraq, nazir olmadığı zaman onun funksiyaları avtomotik olaraq birinci müavinə keçir, Turan agentliyi nazirliyin sözçüsünə istinadən yazır.

12 noyabrda nazir Əli Abbasov tutduğu vəzifəsindən azad edilib.

Azərbaycan prezidenti İlham Əliyev Konstitusiyanın 109-cu maddəsinin 5-ci bəndinə uyğun olaraq Azərbaycan prezidenti Əli Abbasovun Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında qərar qəbul edib, prezident.az saytı yazır.

Əli Abbasov 2004-cü ildə nazir təyin olunub.

Bundan əvvəl, Azərbaycanda başqa bir nazir, Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edilib.

Eldar Mahmudov da nazir vəzifəsinə 2004-cü ildə təyin olunub.

Son günlər hökumətdə müəyyən dəyişikliklərin olunacağı barədə çoxsaylı şərhlər yayılıb.