Ziya Məmmədov haradadır?

Şəklin mənbəyi, azertag.az
Oktyabrın 12-də prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında Nəqliyyat naziri Ziya Məmmədov iştirak etməyib.
Bu xəbər son aylarda Ziya Məmmədov və Nəqliyyat nazirliyinin ətrafında dolaşan şaiyələri daha da artırıb. Şaiyələr Nəqliyyat nazirliyinin bir sıra səlahiyyətlərinin məhdudlaşdırılmasından və nazirin bir sıra tədbirlərdə iştirak etməməməsindən sonra yaranıb.
Şaiyələr arasında Ziya Məmmədovun vəzifədən uzaqlaşdırılacağı iddiaları da var. Bu barədə heç bir dövlət orqanından rəsmi açıqlama verilməyib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov baku.ws saytına deyib ki, mediada yayılmış xəbərlər yalandır. O, nazirin iclasda iştirak etməməsini ölkədə olmaması ilə əlaqələndirib.
"Ziya Məmmədov oktyabrın 23-nədək məzuniyyətdədir, o hazırda xarici ölkədədir", nazirlik sözçüsü bildirib.
Lakin iqtisadçı Natiq Cəfərlinin fikrincə, nazirliyin "həqiqətən problemlə üzləşməsi" artıq sual doğurmur.
Səlahiyyətlərin məhdudlaşdırılması
Bu ilin avqust ayında prezident İlham Əliyevin imzaladığı fərmana əsasən Nəqliyyat Nazirliyinə tapşırılıb ki, taksilərə lisenziya və “Fərqlənmə nişanı”nın verilməsi xidmətlərinin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsini təmin etsin.
Sentyabr ayında isə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2009-cu il 20 iyul tarixli sərəncama dəyişiklər edilib və bu sərəncamla QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb. QSC-nin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi Nazirlər Kabinetinə və Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilib.
Bütün bunlar təhlilçilər tərəfindən nazirliyin fəaliyyətinin məhdudlaşdırılması kimi dəyərləndirilib.
Natiq Cəfərli xatırladır ki, şəhərdaxili nəqliyyat da nazirliyə yaxın şirkətlərdən alınaraq BakuBus MMC-yə verilib.
BakuBus MMC Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindədir və 2014-cü ildə yaradılıb. O, Bakıda avtobus sərnişin daşımaları ilə məşğul olur və MMC üçün 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 30,0 milyon manat məbləğində vəsait ayrılıb.
Cənab Cəfərli bildirir ki, Nəqliyyat nazirliyi ilə bağlı verilmiş bu qərarlar nazirliyin gəlirini xeyli dərəcədə azaldıb. O, Ziya Məmmədov və nazirlik barəsində yayılmış şaiyələr barədə rəsmi açıqlama verilmədiyi üçün "söz-söhbətin ardığını" deyir.
Niyə məhz Ziya Məmmədov?
Natiq Cəfərlinin "ağlabatan" adlandırdığı versiyaya görə, nazirlikdə "çox ciddi korrupsiya və dövlət büdcəsindən ayrılmış vəsaitlərin külli miqdarda yoxa çıxması halları" aşkarlanıb.
İqtisadçı deyir ki, Nəqliyyat Nazirliyi son 10 ildə Müdafiə Nazirliyindən sonra büdcədən ən çox vəsait alan ikinci nazirlik olub.
"İkinci versiya həm daxildə, həm xaricdə, bəzi imic və PR layihələrinin Ziya Məmmədov və ailəsinə tapşırılması və bu layihələrin uğursuzluqla üzləşməsidir. Bu da onlara qarşı qıcığa səbəb olub", o əlavə edir.
Bu iddialar barəsində Nəqliyyat nazirliyindən şərh almaq mümkün olmayıb.
Natiq Cəfərlinin sözlərinə görə, hazırkı prosesi hakimiyyətdaxili elitanın rəqabəti və çəkişməsi kimi dəyərləndirmək olar. Çəkişmənin səbəbi isə, neft gəlirlərinin azalmasıdır.
"Azərbaycanda qurulmuş sistem məhz bir çox hakimiyyətdaxili qrupların razılaşmasının nəticəsi idi. Sahələr bölünüb və büdcədən ayrılan vəsaitin hər qrupun özü tərəfindən müəyyən qaydalar çərçivəsində istifadə olunmasına şərait yaradılmışdı. İndi isə büdcə daralır və gələn il üçün büdcə xərcləri 4 milyard az nəzərdə tutulur. Təbii ki, çəkişmə və rəqabət genişlənəcək", o deyir.
Ziya Məmmədov 2002-ci ildən Azərbaycan Respublikasının Nəqliyyat naziridir.
Bir neçə il öncə Azadlıq radiosunun araşdırmasında iddia edilirdi ki, Ziya Məmmədov və ailəsi ölkə büdcəsində maliyyələşən layihələri icra edən bir sıra şirkətlərə sahibdir. Bu şirkətlər sırasında nazirin oğlu Anar Məmmədovun rəhbərlik etdiyi ZQAN Holdinq, Bank of Azerbaijan ASC, Qarant Sığorta, ZQAN Construction, AZBENTONİT, Goranboy Gips, Göyçay Çınqıl Zavodu, TransEuroCom, Delfin və Meridian mehmanxanaları, Royal Estate daşınmaz əmlak şirkətlərinin adları çəkilirdi.
Son günlər yerli mediada Ziya Məmmədovun ailə üzvlərinə də "problem yaradıldığı" barəsində xəbərlər yayılıb.
Bu həftə Daxili İşlər Nazirliyi Ziya Məmmədovun qardaşı deputat Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus olduğu deyilən Nar Cafe-də əməliyyat keçirilməsi haqda xəbəri təsdiqləyib.
Nazirliyin məlumatına görə, oktyabrın 11-də adıçəkilən kafedə "qanunsuz mərc oyunları keçirilib". Bu zaman 8 nəfər saxlanılıb.



