MTN böhranı: yeni nazir müavini və həbslər

Şəklin mənbəyi, penitensiar.justice.gov.az

Prezident İlham Əliyevin sərəncamı ilə Mədət Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib.

Mədət Quliyev 2011-ci ildən Ədliyyə Nazirinin müavini və Penitensiar xidmətin rəisi vəzifəsini icra edib.

Bu gün nazirliklə bağlı daha bir rəsmi məlumat yayılıb: Baş Prokurorluq deyib ki, nazirliyin 7 nəfər vəzifəlisi həbs edilib.

Eldar Mahmudov ötən həftəsonu prezidentin sərəncamı ilə nazir vəzifəsindən azad olunub. Onun yerinə hələ ki, yeni nazir təyin edilməyib.

"Repressiv aparat"

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, Mədət Quliyevin nazir müavinliyinə gətirilməsi qərarı onun üçün gözlənilən olub. Onun sözlərinə görə, avtoritar rejimlər xüsusi xidmət orqanların rəhbərliyində peşəkarların olmasından ehtiyatlanır.

Təhlilçi bildirir ki, birinci müavin postuna təyin olunan şəxsin yenə polis orqanlarında yetişmiş olması 2004-cü ilin təcrübəsinin təkrarlanması deməkdir.

"O vaxt MTN sahəsində yetişmiş nazir Namiq Abbasov kənarlaşdırıldı və onun yerinə Eldar Mahmudov gətirlidi. Ardınca MTN-də bütün əməliyyatçı heyət polis əməiyyatçıları ilə əvəzləndi və nəticə məlumdur. Həmin təcrübə bir daha təkrarlanır", o deyir.

Cənab Oruclu sabiq nazir Eldar Mahmudovun rəhbərliyi dövründə MTN-nin "repressiv aparata" çevrildiyini deyir.

"Əslində xüsusi xidmət orqanları qapalılığa üstünlük verməlidir. Azərbaycanda isə bu qurum son 11 ildə o dərəcədə açıq repressiv aparata çevrilmişdi ki, onun fəaliyyəti haqqında cəmiyyətdə və mediada sərbəst müzakirələr gedirdi. Bu orqanın fəaliyyəti bütün hədlərdən kənara çıxmışdı. Ona görə də bu hadisələr məntiqli sonluqdur", o əlavə edir.

Ərəstun Oruclu deyir ki, hazırda hakimiyyət eyni təcrübəni davam etməyə ehtiyac görür.

"Belə çıxır ki, Azərbaycanda MTN-in qarşısında duran vəzifə dövləti yox, hakimiyyəti qorumaqdır", təhlilçi qeyd edir.

Həbslər

Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi barəsində isə həbs qətimkan tədbiri seçilib, Baş Prokurorluğun məlumatında bildirilir.

Məlumata əsasən, MTN-nin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.

Bu, 17 oktyabrda Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun Azərbaycan prezidentinin sərəncamı ilə vəzifəsindən <link type="page"><caption> azad edilməsindən</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/10/151017_mtn_fired" platform="highweb"/></link> sonra nazirliyin bəzi əməkdaşlarının həbs edilməsi ilə bağlı yayılmış ilk rəsmi məlumatdır.

MTN-nin əməkdaşları Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri üzrə təqsirli bilinirlər.

"İstintaq-əməliyyat tədbirləri nəticəsində, nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasına əsaslı şübhələr müəyyən edilib", məlumatda deyilir.

Sabiq nazir Eldar Mahmudovun saxlanması barədə yayılmış məlumat hələ də təsdiqlənməyib.

<link type="page"><caption> Həmçinin oxu: Azərbaycan hakimiyyəti daxilində nə baş verir?</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/10/151019_azerbaijan_mns_analysis" platform="highweb"/></link>