Mətbuat icmalı: SOCAR-la layihələr Türkiyəyə milyardlarla zərər vurubmu?

Şəklin mənbəyi, Getty

“Azərbaycan”: İpoteka Fondunun statusu dəyişdirildi

Prezident “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb. Sənəddə deyilir:

“1. Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılsın. 2. Cəmiyyət Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun hüquqi varisidir və onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir. 3. Müəyyən edilsin ki, 3.1. Cəmiyyət Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizminin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına köməklik göstərilməsi ilə bağlı işləri yerinə yetirir...”

“Azadlıq”: Türkiyədə SOCAR-la bağlı qalmaqal

“Türkiyədə seçkiöncəsi çıxışlarda Azərbaycanın və Dövlət Neft Şirkətinin (SOCAR) adı da hallandırılır. Ana müxalifət partiyası olan CHP AKP və SOCAR-ı Türkiyəyə milyardlarla dollar zərər vurmaqda ittiham edib.

CHP-dən olan millət vəkili Aykut Ərdoğdu iddia edir ki, Türkiyə Azərbaycanla imzaladığı qaz alışı sazişinə görə milyardlarla dollar itirib. Onun sözlərinə görə, 2001-ci ildə imzalanan sazişdə qiymətlərin dünya bazarından asılı olaraq dəyişməsi nəzərdə tutulurdu. Amma sonradan sazişin qiymətiylə bağlı şərtlər dəyişdirilib və bundan Türkiyə itirib: “Iki illik qiymət fərqi müqabilində Türkiyə Azərbaycana ümumilikdə 1, 4 milyard dollar pul ödəyib”.

CHP üzvünün iddiasına görə, müqavilənin qüvvədə olduğu müddətdə Türkiyənin zərəri 10 milyarda yaxın olub. Məsələ ilə bağlı SOCAR Türkiyənin rəhbəri Kənan Yavuz bildirib ki, indiyədək Türkiyə ən ucuz qazı məhz Azərbaycandan alıb: “Üstəlik bu günə qədər ümumilikdə Türkiyə Azərbaycandan heç 10 milyard dollarlıq qaz almayıb. Belə olan halda necə 10 milyard ziyana düşə bilər?!”.

Türkiyənin enerîi naziri Ali Rza Alaboyun isə deyib ki, ümumiyyətlə heç bir zərərdən söhbət getmir. Və CHP-nin məqsədi indiki hakimiyyətin işlərinə, eləcə də Azərbaycanla birgə həyata keçirdiyi TANAP kimi nəhəng bir layihəyə qara yaxmaqdır.”

“Azadlıq”: Beynəlxalq hüquq müdafiə təşkilatlarının nümayəndələri Azərbaycan hökumətini tənqid ediblər

Almaniyanın Frankfurter Rundschau nəşrinə açıqlama verən Transparency International təşkilatının “İdman” işçi qrupunun rəhbəri Silviya Şenk və Human Rights Watch təşkilatının Almaniya bürosunun rəhbəri Ventsel Mixalski bildiriblər ki, “özünü mütərəqqi kimi təqdim edən Azərbaycan hakimiyyəti ölkələ daxilində tənqidçilərini təqib etməklə məşğuldur.

Hüquq müdafiəçiləri bu ilin iyun ayında Bakıda keçirilən Avropa Oyunları ərəfəsində jurnalist Xədicə İsmayılın, hüquq müdafiəçiləri Leyla və Arif Yunusun, Rəsul Cəfərovun və digərlərinin həbs olunduğunu xatırladırlar. Həmçinin yarış ərəfəsində Bakıda ATƏT-in bürosunun bağlandığını yada salan hüquq müdafiəçiləri Amnesty International nümayəndələrinin ölkəyə buraxılmadığını qeyd edirlər. Eyni zamanda ölkədəki repressiyalara və Azərbaycanın olimpia xartiyasına riayət etməməsinə göz yuman Beynəlxalq Olimpiya Komitəsi də Silviya Şenk və Ventsel Mixalski tərəfindən ciddi tənqid olunur. Nəticədə Azərbaycanda təqib sistemi heç vaxt olmadığı qədər gücləndi.”

“Azadlıq”: ABŞ Senatında Azərbaycanda insan hüquqlarının pozulması məsələsilə bağlı dinləmələr keçiriləcək

“Turan”ın Vaşinqton müxbiri xəbər verib ki, oktyabrın 28-də ABŞ Senatında Azərbaycanda insan hüquqlarının pozulması məsələsilə bağlı dinləmələr keçiriləcək.

““Azərbaycanda seçkilər ərəfəsində insan hüquqları” adlanan dinləmələrə senatorlar Mark Kirk və Kris Kuns, həmçinin bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatları təşəbbüs göstəriblər.

Bu təşəbbüs 1 noyabr parlament seçkiləri fonunda Azərbaycanda insan hüquqlarının pozulmasının və vətəndaş cəmyyətinin sıxışdırılmasının davam etməsindən irəli gəlib. “Bir ildə Azərbaycan cəmiyyəti görünməmiş təzyiqlərə məruz qalıb, onlarla jurnalist və vətəndaş cəmiyyəti fəalı, siyasətçi, din xadimi həbs edilib.

Onların bir çoxu, Leyla və Arif Yunuslar səhhətləri ağır olsa da işgəncələrə, iztirablara məruz qalıblar. Həmçinin bir sıra Amerika QHT-ləri, “Azadlıq” radiosunun nümayəndəliyi təqib və təzyiqlərə məruz qalıb, radionun əməkdaşı Xədicə İsmayılova həbs olunub”, – deyə dinləmələrlə bağlı məlumatda deyilir.

Qarşıdakı müzakirələr Azərbaycanda hazırki siyasi atmosferin qiymətləndirilməsinə və aşağıdakı sualların cavablandırılmasına yönəlib: Gələcək demokratiya baxımından 1 noyabr parlament seçkiləri hansı əhəmiyyəti daşıyır? Hansı insan haqları pozuntuları baş verib? Azərbaycanın demokratik dəyərlərdən uzaqlaşması onun ABŞ ilə tərəfdaşlığına necə təsir göstərir? Azərbaycanda insan hüquqlarını necə qorumaq və ölkələr arasında ləyaqətli tərəfdaşlığı necə saxlamaq olar?

Tədbirə dəvətlilər arasında Leyla və Arif Yunusların qızı Dinara Yunus, ABŞ-ın Bakıdakı keçmiş səfiri Riçard Kozlariç, Milli Demokratiya Fondunun nümayəndəsi Miriam Lanskoy, Freedom House nümayəndəsi Tamara Grigoryeva da var. Tədbirin moderatoru ABŞ dövlət katibinin keçmiş müavini Devid Kramer olacaq.”

“Yeni Müsavat”: MTN və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Qəzet Eldar Mahmudovun nazir vəzifəsindən çıxarılmasının və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə aid olayları təhlil edir. "Bir neçə gün əvvəl vəzifəsindən azad olunan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynovun həbs olunduğu rəsmən təsdiqlənib".

Qəzet iddia edir ki, MTN işi ilə bağlı iki araşdırma aparılır. "Sahibkarlardan qanunsuz xərac alınması və onların incidilməsi ilə bağlı istintaq Respublika Prokurorluğunun nəzarətindədir. Qanunsuz dinləmələrlə bağlı istintaq isə birbaşa Xüsusi Dövlət Mühafizə Xidmətinin nəzarəti altındadır və oraya prokurorluğun müstəntiqləri belə müdaxilə etmək səlahiyyətində deyil".

“Yeni Müsavat”: “Azərbaycan üçün “Belarus modeli””

“Avropa Birliyi (AB) bu həftənin sonunadək Belarusa qarşı tətbiq etdiyi sanksiyaları dayandırmağa hazırlaşır. Xəbəri AzadlıqRadiosunun Brüssel müxbiri Rixard Yozvyak özünün twitter hesabından yayıb. Jurnalistin əldə etdiyi bilgiyə görə, Avropa Birliyi Belarusun 14 şirkəti üzərindən sanksiyaları tamamilə götürməyi qərara alıb.”

Həmçinin sanksiya tətbiq olunan 175 məmurdan 171-i qadağalardan azad olunacaq. “Sanksiyalar cəmi 4 nəfərin üzərində qalacaq. Digər 171 nəfər ilkin olaraq 4 aylığa sanksiyalardan azad ediləcək” –deyə Azadlıq Radiosunun əməkdaşı əlavə edib.

“Ölkədə keçirilən son prezident seçkisindən sonra Avropa Birliyinin prezidentinə istinadən Aleksandr Lukoşenkoya qarşı tətbiq edilən sanksiyanı götürəcəyi xəbərləri yayılmışdı. Hələlik üzərində sanksiya qalacaq 4 məmurun kimliyi bilinmir. Digər Belarus məmurları isə sanksiyalar götürüldükdən sonra Avropa Birliyinə gedə biləcək, onların dondurulan bank hesabları açılacaq.

...Yayılan məlumatlar yetərincə mötəbər hesab olunur və həftəsonu həqiqətən də sanksiyalar aradan qaldırıla bilər. Belə görünür, Qərb Avrasiya (postsovet) məkanında antidemokratik rejimlərə münasibətdə sanksiya siyasətinə təzədən baxmağa hazırlaşır.

Baş verənlər Ukrayna böhranı səbəbindən Rusiya-Qərb münasibətlərinin gərginləşdiyi və yeni “soyuq müharibə” küləklərinin əsdiyi dövrə təsadüf eləməsi ilə diqqəti cəlb edir. Eyni zamanda proseslərin birbaşa və dolayısıyla Azərbaycana dəxli var.” Bir neçə səbəbdən.

Əvvəla, hər iki ölkədə siyasi rejimlərin xarakteri oxşardır. İkincisi, Azərbaycan da, Belarus da Ukrayna məsələsində eyni mövqe tutmaqla Qərbin yanındadır. Üçüncüsü, hər ikisi postsovet ölkələridir və Avropa Birliyinin “Şərq tərəfdaşlığı” Proqramına üzv-ölkələrdir, üstəlik, bu proqram çərçivəsində Gürcüstan, Moldova və Ukraynadan fərqli olaraq, təşkilatla oxşar səviyyəli münasibətlərə malikdir. Bu üzdən AB Bakı və Minskə yanaşmada son zamanlar eyni prinsiplərdən çıxış edir.”

Qəzet yuxarıda göstərilənlərdən belə nəticəyə gəlir ki, “Belarusa münasibətin yumşalması Qərbin Azərbaycanla bağlı strategiyaya da düzəliş edə biləcəyi ehtimalını artırır…

Belə bir taktika artıq Belarusa münasibətdə özünü göstərməkdədir. O da diqqətçəkicidir ki, AB-nin Minsk üzərindən sanksiyaları götürmək istəyindən əvvəl prezident Aleksandr Lukaşenko ölkədəki siyasi məhbusları azad edib. Bununla da demokratiya paytaxtlarının ona qarşı loyal addımlar atmasına zəmin yaradıb. Hərçənd, ölkədə iki həftə öncə keçirilən prezident seçkiləri əvvəlkilərdən ciddi fərqlənməyib, beynəlxalq standartlara uyğun olmayıb.

Bir daha aydın olur ki, Qərbin Belarusa münasibətdə strategiyanı dəyişmək zərurətini digər amillər diktə edir. Hansılar? Biri qeyd olundu - Kremlin postsovet məkanında aqressiv davranışı. …Bir sıra Qərb analitikləri ABŞ və Avropanı bu davranışı neytrallaşdırmaq üçün təcili və qəti və fəal addımlar atmağa çağırıblar. Onların qənaətincə, ləngimə həmin ölkələrin dövlətçiliklərinin itirilməsi ilə sonuclana bilər. Söhbət həm də Güney Qafqaz ölkələrindən gedir.”

...Azərbaycana gəlincə, üzərində Rusiya təhlükəsinin müşahidə olunduğu postsovet ölkələrindən biri də odur. Ancaq Moskva təbii ki, Bakıdan siyasi məhbusların azad etməyi, korrupsiya-rüşvətin miqyasını azaltmağı tələb eləmir, sanksiyalarla da hədələmir - həm də o səbəbə ki, özü sanksiyalar altındadır…”

“Yeni Müsavat”: Elza Seyidcahan mənsub olduğu YAP-ı narahat olmağa məcbur edir

54 saylı Şabran-Siyəzən dairəsindən namizəd olan əməkdar artist Elza Seyidcahan daha əvvəl “musavat.com-a açıqlamasında bildirmişdi ki, həmin dairənin hazırki deputatı, namizəd Tahir Süleymanov və YAP-ın Siyəzən rayon şöbəsinin sədri Etibar Həmidovun adamları ona qarşı təhqir və təzyiqlər edir, seçicilərinə və ona hədə-qorxu gəlir.”

Məsələ ilə əlaqədar 54 saylı Şabran-Siyəzən seçki dairəsinin sədri Saleh Təhməzov açıqlama verərək “bildirib ki, E.Seyidcahan baş vermiş hadisə ilə bağlı sözügedən quruma hər hansı ərizə ilə müraciət etməyib: “Rəsmi qaydada heç bir şikayət olunmayıb”.

“Yeni Azərbaycan” Partiyasının rayon şöbəsinin sədri Etibar Heydərov isə Elza Seyidcahanın iddialarını təkzib edib. O, əməkdar artisti seçki qanunvericiliyini kobud surətdə pozmaqda günahlandırıb: “O, hər yerdə deyir ki, mən Prezidentin namizədiyəm, buna isə biz dillənmirik. Belə şey olmaz. “Yeni Azərbaycan” Partiyasının bir namizədi var, o da Tahir Süleymanovdur. Mən də onun rəsmi şəkildə səlahiyyətli nümayəndəsiyəm. Tahir müəllim bir kəlmə də olsun, bu barədə heç nə demir. Mənim vəzifəm Tahir Süleymanovun təbliğatını aparmaqdır. Elza Seyidcahan partiyanın namizədi deyil. Mən səviyyəsiz adamam bəyəm, ağzıma gələni deyəm? O, mətbuata çox şey deyə bilər, amma bunun heç bir əsası yoxdur".

…Bu günlərdə YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov da mətbuata açıqlamasında bildirmişdi ki, parlament seçkilərindən sonra əməkdar artistin partiyada qalıb-qalmaması məsələsinə baxılacaq: “Biz xəbərdarlığımızı etmişik və bildirmişik ki, YAP-ın rəsmi namizədlərinə alternativ olanlarla yollarımızı ayıracağıq”.

Verilən rəsmi açıqlamalara namizəd Elza Seyidcahanın münasibətini öyrənmək istədik. Əməkdar artist aktiv surətdə seçki təbliğat-təşviqat kampaniyası apardığını desə də, suallarımızı cavabsız qoyub.”