Mətbuat icmalı: Qərbin təzyiqi, seçkilər, SOCAR və gülənçi iddiaları

Şəklin mənbəyi, Getty

“Azadlıq”: SOCAR-la Gülen camaatını nə birləşdirir?

“Türkiyə mediasından sensasion yazı – Gülənçilər SOCAR vasitəsilə AKP-yə yaxın şirkətləri enerji sektorundan sıxışdırmaq istəyib” Türkiyənin “Sabah” qəzeti yazıb ki, “Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın Türkiyədəki törəmə şirkəti “SOCAR Turkey Energy”nin icraçı direktorunun birinci müavini hazırda AKP hökumətinin “terror təşkilatı” kimi tanıdığı Fətullah Gülən camaatının adamıdır.”

Qəzet yazır ki, “paralel yapı”, yəni Fətullah Gülən və onun təriqəti enerji sektorunda söz sahibinə çevrilmək üçün Türkiyənin enerji sektoruna on milyardlarla dollar yatırmağı planlaşdıran SOCAR-a da öz adamlarını yerləşdirib. Bu məqsədlə “paralel dövlət” SOCAR-da “Ağ türk” adı verilən şəxslər vasitəsilə xüsusi struktur formalaşdırıb. Gülənçilər bu yolla Türkiyənin enerji sektorundan AKP-yə yaxın şirkətləri sıxışdırmaq və bu sektoru nəzarət altına almaq istəyir.

“AKP hökumətinə bağlı qəzet daha sonra yazır ki, SOCAR-ın rəhbərliyində fətullahçılara bağlı olan daha bir neçə önəmli şəxslər də var və bu şəxslərin adlarını rəsmi Ankara Bakıya bildirib. Azərbaycan hakimiyyəti Türkiyə rəhbərliyinin istəyi ilə ölkədəki fətullahçı şəbəkəni zəiflətmək üçün bir sıra addımlar atıb, lakin bu təriqətin təsir imkanları hələ də qalır. Bildirilir ki, Türkiyədə böyük investisiyaları olan SOCAR-da təşkilatlanmış fətullahçıların fəaliyyətinə son qoyulması Ankaranın Bakıdan əsas tələblərindən biridir.

Bundan başqa bildirilir ki, şirkətdə AKP tərəfdarları müəyyənləşdirilir və onlar işdən uzaqlaşdırılır. “Dövlət Neft Şirkəti (ARDNŞ) “SOCAR Turkey Energy”nin adının “nurçuluq”da hallanmasına münasibət bildirib.

Şirkətin mətbuat xidməti bu iddiaların əsassız olduğunu bildirib.

“SOCAR bütün ölkələrdə olduğu kimi, Türkiyədə də ölkənin qanunlarına uyğun fəaliyyət göstərir və həmin xəbərlər həqiqəti əks etdirmir. SOCAR-ın rəhbərliyində təmsil olunan şəxslərin heç biri hər hansı dini cərəyana mənsub deyil. Bu, Türkiyə daxili ziddiyyətlərin, hakimiyyətə gəlmək istəyənlər, siyasi partiyalar arasında mübarizənin təzahürüdür. Bunun SOCAR-ın Türkiyədəki fəaliyyətinə, investisiya layihələrinə heç bir aidiyyəti yoxdur”,- deyə ARDNŞ-nin mətbuat xidmətindən bildirilib.”

“Azadlıq”: Məşhur beynəlxalq KİV-lər seçkini izləmək üçün Azərbaycana buraxılmır

Bir sıra məşhur beynəlxalq KİV-in Azərbaycanda 1 noyabr parlament seçkiləri ərəfəsində işləmək üçün akrreditasiya verilməsi barədə müraciətinə rədd cavabı verilib, Azadlıq qəzeti bildirir.

Turan agentliyi xəbər verir ki, “imtina cavabı alanlar arasında dünyanın aparıcı KİV və agentlikləri var. Azərbaycan XİN bu məsələ ilə bağlı aydın izahat vermir, deyə məlumat bildirib. Həm də bəzilərinə əvvəlcədən rəsmi şəxslərlə sırf iqtisadi mövzularda müsahibələr razılaşdırılmasına baxmayaraq imtina edilib. Bu arada, XİN-in mətbuat xidməti seçkiqabağı dövrdə jurnalistlərin normal işi üçün hər cür şərait yaradıldığını iddia edir.”

“Azadlıq”: MM sədri: “Azərbaycan Rusiyaya görə Qərb ölkələri tərəfindən təzyiqə məruz qalır.”

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov bəyan edib ki, Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etdiyinə görə Qərb ölkələri tərəfindən təzyiqə məruz qalır. Xəbəri RİA Novosti yayıb.

“Bizə təzyiqin əsas mahiyyəti Azərbaycanın Rusiyaya qarşı sanksiyalara qoşulmamasından ibarət idi”, – o, jurnalistlərlə görüşdə bildirib.

"Biz öz siyasətimizi, öz münasibətlərimizi yürütmək istəyirik. Bizim prezident müstəqil siyasət yürütmək istəyir, bu, çoxlarının xoşuna gəlmir. Bizə olan hücumların mahiyyəti bundan asılıdır."

“Azadlıq”: Mehman Əliyev: «Hakimiyyət geniş və ciddi islahatlara getməyə hazır deyil, bununla bağlı vahid planı da yoxdur»

“Son zamanlar Azərbaycan hakimiyyətinin yuxarı eşalonunda sanki bir çaşqınlıq yaşanırdı. Əvvəlcə bu prosesin Nəqliyyat naziri Ziya Məmmədovun “vurulması” ilə bitəcəyini düşünənlər gözlənilmədən sürprizlə qarşılaşdı. Milli Təhlükəsizlik Nazirliyi və onun ətrafında baş verən hadisələr ölkə gündəminini dəyişdi" - yazan Azadlıq qəzeti mövzu ilə bağlı “Turan” Informasiya agentliyinin direktoru, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Mehman Əliyevlə söhbət edib.

Müsahibədə Mehman Əliyev deyir ki, son olaylar daha çox sıravi vətəndaşı çaşdırmaq niyyəti güdür:

"Belə baxanda sistem bunun üzərində qurulub. Bütün dövlət orqanları, icra hakimiyyətləri – vergisi, polisi, gömrüyü, fövqəladə halları, yəni bütün orqanlar sahibkarlara, necə deyərlər, divan tutublar. Təkcə iş adamlarına qarşı deyil, eləcə də bu problemlər sıravi vətəndaşlara qarşı da edilib. Kiminsə əlinə bir qədər imkan düşüb, reketçiliklə məşğul olub. Sahibkarın, vətəndaşın cibinə girib. Bu versiya cəfəngiyyatdır. 2005-ci ildə də buna bənzər bir hadisə oldu, Əli Insanovla Fərhad Əliyevi həbs edəndə əvvəl dövlət çevrilişinə cəhdlə tutdular, sonra iqtisadi cinayətkarlıqla onları ittiham etdilər".

“Azərbaycan”: Yoxlamaların dayandırılması haqqında qanun ayın 1-dən qüvvəyə minir

Qəzet Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikasının Qanununu dərc edib. “Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə qərara alır: Maddə 1. Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 (iki) il müddətinə dayandırılır. Maddə 2. Qanunun tətbiq dairəsi

2.1. Bu qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.

2.2. Bu qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan yoxlamalara şamil edilmir.

2.3. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı digər məsələlər bu qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların müddəaları nəzərə alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

…3.2. Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, habelə inzibati və məhkəmə qaydasında şikayət verə bilər.”

“Yeni Müsavat”: İlqar Məmmədovun vəkili mədiaya təşəkkür edib

“REAL Hərəkatının sədri İlqar Məmmədova yaxınları ilə telefonla danışmaq üçün icazə verilib. Eyni zamanda həyat yoldaşı Vəfa Məmmədovanın sözlərinə görə, İlqar Məmmədov həbsxanada döyülüb və dişi sındırılıb.” İlqar Məmmədovun vəkili Fuad Ağayev bildirib ki, detallı açıqlama vermək istəmir. Ancaq o da İlqar Məmmədovun telefon danışığı ilə bağlı qadağasının artıq götürüldüyünü təsdiq edib. Vəkil Cavad Cavadovsa media işçilərinə və hüquq müdafiəçilərinə öz təşəkkürünü edib: “İlqar Məmmədovun 2 saylı cəzacəkmə müəsisəsində telefonla zəng etmək hüququ bərpa olunub və o, artıq bu imkandan istifadə edib. Dəstəyə görə hamıya, o cümlədən media və hüquq müdafiəçilərinə təşəkkür edirəm. Ümid edirik ki, bu qanunsuzluqlar bir daha təkrarlanmayacaq”.

“Vəkil həmçinin bildirib ki, İlqar Məmmədovun döyülməsi ilə bağlı dövlət qurumlarına etdiyi müraciətlərə hələ də rəsmi cavab almayıb. İ. Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova isə bildirib ki, müraciətlərdən sonra ombudsman və Ədliyyə Nazirliyinin əməkdaşları İlqar Məmmədovla görüşüblər:

“Sentyabrın 7-dən etibarən telefon danışığına qadağa qoymuşdular. Heç bir səbəb olmadan. Oktyabrın 24-də artıq qadağaya son qoyulub. Özü zəng etmişdi. Bizi əmin edirlər ki, bundan sonra heç bir problem olmayacaq”. O həmçinin bildirib ki, İlqar Məməmdov artıq özünü pis hiss etmir. Onun ağrıları getdikcə çəkilir.”