Əliyevin Strasburq səfərilə Azərbaycandakı həbslərin nə əlaqəsi var?

Şəklin mənbəyi, AFP
Azərbaycanda hüquq müdafiəçilərinin hədəfə alınmasına son qoyulmalıdır, Avropa Şurasının (AŞ) İnsan Haqları Komissarı Nils Muiznieks Bakıya səfəri başa çatandan sonra deyib.
Cənab Muiznieks-in BBC Azərbaycancaya verdiyi məlumata görə, onun səfəri, iyul və avqust aylarında ofisinin Azərbaycandakı demək olar ki, "bütün partnyorları həbs edildiyinə görə" bu həftəyə planlaşdırılıb.
"Həbs olunan tərəfdaşlarımızla, onların ailə üzvlərilə, vəkillərilə görüşmək istəyirdim. Çətin olsa da, hakimiyyətlə dialoqumuzu davam etdirmək istəyirdim", cənab Muiznieks BBC Azərbaycancaya müsahibəsində deyib.
AŞ rəsmisi qeyd edib ki, görüşdüyü şəxslər arasında "səhhətinin fikizi və psixi durumu baxımından" ən zəif vəziyyətdə olanı Leyla Yunus olub. "Onun həbsi, sağlamlığı ilə uyğunlaşmır və mən hakimiyyəti onu dərhal azadlığa buraxmağa çağırıram", cənab Muiznieks deyib. "Amma onlar bunu etməkdənsə onun həbs-qətimkan tədbirini uzatdılar".
Leyla Yunusun həbsdə döyülməsilə bağlı iddiaları şərh edən İnsan Haqları Komissarı deyib ki, iddia olunan hadisə bir neçə həftə əvvəl baş verib deyə bunun fiziki əlamətlərini görməyib, amma onun narahatlıqları "müzakirə olunub".

"Həbs edilməzdən əvvəl də onun səhhəti yaxşı deyildi və indi ancaq pisləşib".
Mən Baş prokuror və digər rəsmilərlə görüşdüm, onlar dedilər ki, (Leyla Yunus) istintaqa müdaxilə edə bilər. Mən isə dedim ki, zəifliyinə görə onun heç nəyə müdaxilə etməyə gücü yoxdur".
Eynilə cənab Muiznieks mətbuatda onun Milli Məclisdə hökümət və vətəndaş cəmiyyəti arasında Azərbaycanda insan hüquqları və siyasi məhbuslarla bağlı İşçi qrupunun iclasınıboykot etməsi barədə məlumatlara münasibət bildirib.
"Bu, mənim təşəbbüsüm deyildi. Onu Avropa Şurasının Baş katibi Thorbjorn Jagland və Prezident Əliyev qərara alıb", cənab Muiznieks izah edib. "Mən bu müzakirələrdə tərəf deyiləm və konkret nəticələr olana qədər onun haqqında qərar verməyəcəyəm".
Hökumətin izahatına "inanmaq çətindir"
Cənab Muiznieks ilə danışan rəsmilər hakimiyyətin repressiya dalğası barədə ittihamlara necə cavab verib? "Hakimiyyət deyir ki, QHT-lərin xaricdən maliyyələşməsinin miqyasını ancaq bu yaxınlarda öyrənib. Sözün düzü buna inanmaq mənə çətin gəlir".

Şəklin mənbəyi, AFP
Komissar deyir ki, İlham Əliyevin iyun ayında Strasburq səfərində ona etiraz edənlərin çoxu hazırda ya həbsdədir, ya da mühacirətə gedib və bütün tənqidçi fəaliyyətini dayandırıb.
"Mən burada əlaqə görürəm. Avropa Şurası və digər beynəlxalq qurumlarla birgə işləyənlərə qarşı təzyiq tədbirləri görülür".
İlham Əliyev Strasburqda Azərbaycanın Avropa Şurasına sədrlik planını müzakirə etmək üçün getmişdi. Onun çıxışı ərəfəsində iki etiraz aksiyası və insan haqları problemlərini müzakirə edən əlavə tədbirlər keçirilmişdi.
İlqar Məmmədov azad ediləcəkmi?
Komissar ofisinin indiyə qədər əməkdaşlıq etdiyi hüquq müdafiəçilərinin və digər partnyorlarının həbsdə olduğunu bildirib. Bu halda bundan sonra Komissarın ofisi kiminlə əməkdaşlıq edə biləcək?
"Həbsdə olan dostlarımız və partnyorlarımızla əməkdaşlıq etməyə davam edəcəyəm, hakimiyyəti onları mümkün qədər tez azadlığa buraxmağa çağırmağa davam edəcəyəm. İnsan haqları sahəsində uzun illərdir işləyən bu şəxsləri yeni nəsil qısa bir müddət ərzində əvəzləyə bilməyəcək", o deyib.
"Hakimiyyət anlamalıdır ki, bu adamlar inqilabçı deyil, casus deyil, onlar Azərbaycanda demokratiyanın keyfiyyətini yaxşılaşdırmaq istəyən partnyorlarımızdır".
Cənab Muiznieks həmçinin Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) İlqar Məmmədov haqqında verdiyi son qərarı dilə gətirib. Qərara əsasən Azərbaycan məhkəməsi Məmmədovu "cinayət deyil, başqa bir səbəbə görə həbs edib" və azad edilməlidir.
Amma İnsan Haqları Komissarının BBC Azərbaycancaya dediyinə görə, bununla bağlı hakimiyyətdən aydın cavab ala bilməyib. "Onlar dedilər ki, qərarı tədqiq edəcəklər. (AİHM qərarı) onlar üçün güclü bir siqnal olmalıdır".




