Nils Muiznieks: "Görmək istədiyim inkişafı görməmişəm"

Nils Muiznieks

Avropa Şurasının İnsan Haqları Komissarı Nils Muiznieks ötən həftə Azərbaycanda işgüzar səfərdə olub.

O, BBC Azərbaycancaya görüşdüyü məhbuslar, rəsmilər və Avropa Şurasının fəaliyyəti barədə danışıb.

Siz keçən il də Azərbaycana səfərə getmişdiniz. Bununla müqayisədə, hansısa irəliləyişə şahid oldunuzmu?

Müqayisə etmək çətin olardı, çünki keçən ilki səfərim İnternet İdarəçilik Forumu üçün idi. Bir neçə rəsmi ilə görüşmüşdüm, Kürdəxanıda (təcridxanasında) bloqçu və jurnalistlərlə görüşdüm, amma onda monitorinq keçirməmişdik. Amma Neelie Kroes və Dunja Mijatovic ilə birgə bəyanatımızda demişdik ki, ifadə azadlığı ilə bağlı konkret irəliləyişlər görmək istəyirik. Düzünü desəm, görmək istədiyim inkişafı görməmişəm.

Demisiniz ki, Hilal Məmmədov, Zaur Qurbanlı və Hilal Məmmədovla görüşmüsünüz. Niyə məhz onlarla görüşdünüz?

Biz bəzi adamları seçməli idik, çünki bütün günü Kürdəxanıda keçirə bilməzdik. Mən bu şəxsləri bir neçə səbəbə görə seçdim: İlqar Məmmədov Avropa Şurası üçün xüsusi maraq daşıyır, çünki o, Avropa Şurasına bağlı olan Bakı Siyasi Biliklər Məktəbinin rəhbəridir. Siqnal göndərmək istədim ki, Avropa Şurası onun işinə yaxın diqqət yetirir və yumşaq desək düşünür ki, ona qarşı irəli sürülən ittihamlara inanmaq çətindir və o, azad edilməlidir.

Hilal Məmmədov, altı ay bundan əvvəl Dunja Mijatovic-lə birlikdə görüşdüyümüz şəxslərdən biridir və ona qarşı ittihamlara da inanmaq çətindir. O da həbsdə olmamalıdır.

Görüşdüyüm üçüncü şəxs isə gənc NİDA fəalıdır. Altı ay bundan əvvəl o, azadlıqda olanda, onunla da görüşmüşdüm. NİDA-çılara qarşı ittihamlara da - inanmaq çətindir ki, onlar molotov kokteylləri ilə iğtişaş yaratmaq çalışırdılar. Onunla həbsdə olan həmin qrupun bir nümayəndəsi kimi görüşmüşdüm.

Bu görüşlər sizdə hansı təəssürat yaratdı? Nələri müzakirə etdiniz?

Mən ədalətsizlik hiss etdim. Bu adamlar həbsdə olmamalıdırlar. Mən bu səfər İsmayıllıya getdim və orada həbsdə olanların ailələri ilə, vəkillərlə görüşdüm. İlqar Məmmədov orda baş verən iğtişaşlardan bir gün sonra gedib və orda bir saatdan az vaxt keçirib. Amma ona qarşı ittiham sürülür ki, o, həmin iğtişaşları təşkil edib. Xronologiyada nəsə üst-üstə düşmür.

Ayrı-seçkili ədalətə, siyasi fəalların təqib olunmasına qarşı daha güclü tədbirlər görünməlidir.

Sizin bəyanatınızda deyilir ki, bu şəxslər fikirlərinə görə həbsdədirlər - siz onları siyasi məhbus adlandırardınızmı?

Mənim idarəm bu termindən istifadə etmir çünki o, hər hansı beynəlxalq konvensiyada mühafizə edilmir. Biz daha geniş "hüquq müdafiəçisi" terminindən istifadə edirik. Bu şəxslər ya hüquq müdafiəçidilər, ya da ayrı-seçkili ədalətin qurbanlarıdırlar.

Onda sizcə məruzəçi Christoph Strasserin hesabatının Parlament Assambleyasında qəbul edilməməsi, sizin hansı termindən istifadə etməsinə təsir edibmi?

Assambleyanın öz prosedurları, öz terminləri var. Onların yanaşması bir qədər siyasi kompromis və siyasi qruplaşmalardan təsirlənir. Mən ancaq məsələyə insan haqları cəhətindən baxmalıyam. Onların yanaşmaları və mənim yanaşmam arasında birbaşa əlaqə yoxdur.

Bəs ümumiyyətlə cənab Strasserin siyasi məhbuslar üzrə hesabatının keçməməsi, indiki duruma təsir edibmi?

Mən deyə bilmərəm. Bakıda bəzi fəallardan eşitdim ki, bu, hakimiyyəti daha da cəsarətləndirib amma mənim üçün bu fərziyyədir.

Bu günkü hesabatınızda siz İlham Əliyevi "onlayn diffamasiya" barədə qanun dəyişikliklərə qol çəkməməyə çağırdınız. Sizcə Avropa Şurasının Azərbaycan höküməti üzrə nüfuzu varmı ki, belə bir çağırışın təsiri olsun?

Maraqlı sualdır. Məncə aydındır ki, Avropa Şurasında Avropa İnsan Haqları Məhkəməsinin hansısa təsiri var. Hakimiyyət əməkdaşlıq etsə, yalnız onda mənim təsirim ola bilər. Bunun üçün mən inandırıcı olmalıyam.

Bəzi təşkilatlar iddia edirlər ki, Azərbaycanla Avropa Şurası ilə Azərbaycan arasındakı münasibət ləkələnib, "kürü diplomatiyası" və bahalı hədiyyələrə görə. Şəxsən siz bununla üzləşmisinizmi?

Mən bu cür fəaliyyətin hədəfində olmamışam. Hesabatları oxumuşam, onlar daha çox Parlament Assambleyasına aiddirlər. Amma Parlament Assambleyasının Azərbaycan haqqında son hesabatını oxusanız, mən deməzdim ki, orada özünü saxlayır. Məncə kifayət qədər güclü hesabatdır.

Lobbiçilik fəaliyyətini və onun təsirini şərh etmək mənim üçün çətindir, çünki mən onlara məruz olmamışam. Ola bilsin, lobbiçiliyə məruz olanlar və Avropa Şurası arasındakı münasibətə təsir etsin, amma mən buna məruz olmamışam.

Azərbaycanda hansı rəsmilərlə görüşdüz?

Mən daxili işlər naziri, ədliyyə nazirinin müavini, prezident administrasiyasının rəhbəri, və telekommunikasiya və İKT nazirinin müavini ilə görüşdüm.

Bu görüşlərdən nə əldə etdiniz?

Mənim üçün onların fikirlərini öyrənmək vacib idi. Məsələn, mən onların mərkəzi Bakıda nümayişlər üçün məkanlar ayırmaq planları haqqında məlumat aldım. Mən onları bu siyahını genişləndirməyə və onu tezliklə açıqlamağa çağırdım. Diffamasiyanın dekriminallaşdırılmasının xeyirli olmasına inandırmağa çalışdım. Xüsusən daxili işlər nazirinin müavini ilə mülkiyyət hüquqları haqqında danışdıq. Mən onları Avropa İnsan Haqları Məhkəməsinin qərarını gözləməyib bu məsələni daxildən, problemin kökündən həll etməyə çağırdım.

Görüşlər yaxşı idilər. Bəzi məsələlər haqqında razılaşmadıq və mən buna dialoq fürsəti kimi baxıram.

Məhz hansı məsələlərdə razılaşmadınız?

Diffamasiyanın dekriminallaşdırılmasına gəldikdə müsbət siqnal almadım.

Nümayişlər üçün məkanlar haqqında, altı ay bundan əvvəl prezident administrasiyasının rəhbəri ilə danışmışdıq və sevindirici hal idi ki, bu siyahı üzrə işlər gedir və Bakı meri və digər şəhərlərin hakimiyyətləri siyahını bir azdan nəşr edəcəklər.

Həbsdə olan bəzi şəxslərə qarşı irəli sürülən ittihamlar haqqında skeptik olduğumu göstərdim və mənə dedilər ki, bu şəxslər cinayətlərinə görə istintaq olunurlar. Məncə fikir ayrılığının əsas səbəbi bu idi.