AŞ İnsan Haqları Komissarı: İfadə azadlığına məhdudlaşdırmalar davam edir

"Jurnalistlər, bloqçular, fəallar və digər müstəqil fikirli şəxslər ifadə azadlığına məhdudlaşdırmalarla üzləşməyə davam edirlər", Avropa Şurasının insan hüquqları komissarı Nils Muiznieks deyib.

Azərbaycana səfəri haqqında danışan cənab Muiznieksın sözlərinə görə, yuxarıda deyilən kateqoriyalara aid olan bir sıra şəxs həbsdədir və "aydındır ki, onlar həbsxanada olmamalıdırlar".

Səfər zamanı komissar İsmayıllıda baş verən iğtişaşları müzakirə edib, Kürdəxanı Təcridxanasında REAL təşkilatının sədri İlqar Məmmədov, jurnalist Hilal Məmmədov və N!DA Vədəndaş Hərəkatının koordinatoru Zaur Qurbanlı ilə görüşüb.

Cənab Muiznieks həmçinin Prezident İlham Əliyevi internetdə böhtan və təhqirin cinayət məsuliyyəti daşıması haqqında qanunu qüvvəyə mindirməməyə çağırıb.

Sərbəst toplaşmaq azadlığına gəldikdə, cənab Muiznieks hesab edir ki, bu hüquqa "ciddi mane olunur".

2006-cı ildən nümayişçilərin "faktiki olaraq qadağan" olmasını qeyd edən Nils Muiznieks, hakimiyyəti "birinci addım olaraq" dinc nümayişlər üçün Bakının mərkəzində və digər şəhərlərdə yer ayırmağa çağırıb.

Komissar Bakının mərkəzində evlərin sökülməsinə də münasibət bildirib. Cənab Muiznieksın deyib ki, sökülmələrə aid bəzi hallara Avropa İnsan Haqları Məhkəməsində baxılsa da, hakimiyyət bu məhkəmənin qərarını gözləmədən "milli səviyyədə düzəlişin olmasını təmin etməlidir".

Azərbaycan hökuməti Bakının mərkəzində abadlaşdırma işlərilə əlaqədar evləri sökülən sakinlərə bazar qiymətlərinə uyğun kompensasiyalar ödədiyini deyir.

Nils Muizniekslə müsahibə bir azdan saytımızda olacaq.