AŞ İnsan Haqları Komissarı "bütün lazımi tədbirləri görmək niyyətindədir"

Nils Muiznieks

"Komissar Azərbaycandakı məsələlərin inkişafını yaxından izləməyə davam edəcək. Avropa Şurasının müstəqil və bitərəf müəssisəsi olaraq, o, AŞ-nin insan haqlarının müdafiəsi üzrə standartlarını irəli çəkmək və həyata keçirmək mandatı çərçivəsində bütün lazımi tədbirləri görmək niyyətindədir", AŞ İnsan Haqları Komissarının çərşənbə axşamı çap olunan hesabatında deyilir.

Mayın 22-24 tarixlərində Azərbaycana səfərdə olan Nils Muiznieksin hesabatı ifadə, sərbəst toplaşmaq və birləşmək azadlıqları və mülkiyyət hüququ üzrədir.

"Azərbaycanda jurnalistlərin və tənqidi fikirlərini ifadə edən digər şəxslərin təqib olunması, insan haqları barədə ciddi narahatlığa səbəbdir", Nils Muiznieks deyib.

Məlumatları toplamaq üçün cənab Muiznieks həm hakimiyyət orqanları, həm də qeyri-hökümət təşkilatları ilə müzakirələr aparıb.

Mülkiyyət hüququ

"Mülkiyyət hüququ ölkədə ciddi insan haqları məsələsinə çevrilib", Komissarın hesabatında deyilir.

Komissarın "üçqat narahatlıq" adlandırdığı məsələ, prosesin şəffaflığından, müsadirələrin qeyri-qanuniliyi və kompensasiyanın bazar dəyərindən aşağı olmasından ibarətdir.

Bu məsələlərlə məşğul olan jurnalistlər və hüquq müdafiəçilərinin də "hədəfə alınması" barədə məlumatlar qeyd olunur.

İfadə azadlığı

Hesabata əsasən insan haqlarının pozulmasını işıqlandıran və sənədləşdirən jurnalistlər "məlumata görə, bəzən fiziki hücumlara məruz qalırlar".

Komissar Azərbaycanda jurnalistlərə qarşı tez-tez açılan diffamasiya üzrə məhkəmə işlərinin tendensiyasını qeyd edir.

Hesabatda İnternet azadlığı, diffamasiya və jurnalistlərin təqib olunması halları da qeyd olunub.

Sərbəst toplaşmaq azadlığı

2013-cü ilin əvvəlində İsmayıllıda baş verən iğtişaşları və martın 10-da keçirilən "Əsgər ölümlərinə son!" aksiyasını nümunə gətirən Komissar sərbəst toplaşmaq azadlığına qarşı tətbiq olunan məhdudiyyətlərdən yazır.

"Qanun beynəlxalq standartlara uyğun olsa da, təcrübədə dinc toplaşmaq azadlığı hüququna həddən artıq sərt məhdudiyyətlərin tətbiq olunması barədə məlumatlar var."

Eyni zamanda qeyd olunur ki, hakimiyyət Bakının mərkəzinə yaxın və əlverişli olan bir sıra məkanların mitinq üçün ayrılması barədə "zəmanət verib".

Səfər zamanı İsmayıllı məhbusları ilə görüşən Komissar qeyd edir ki, həbsdə olan bəzi fəallar- məsələn Ilqar Məmmədov və Tofiq Yaqublu - yanvarın 24-də İsmayıllıda "təxminən 1 saat keçiriblər" və onların etirazlara görə məsuliyyət daşımasına "inanmaq çətindir".

Tövsiyə olaraq Komissar hakimiyyəti "zorakılıqda iştirak etmələri barədə haqqında kifayət qədər sübut olmayan bütün adamları" sərbəst buraxmağa çağırır.

Birləşmək azadlığı

Hesabatın birləşmək azadlığına həsr olunmuş hissəsində qeyri-hökümət təşkilatlarının üzləşdiyi problemlərdən danışılır.

"QHT-lər, xüsusilə işləri insan haqları ilə bağlı olan və höküməti açıq tənqid edənlərin işlərini yerinə yetirməkdə problemlərlə üzləşmələri barədə məlumat var."

Belə təşkilatlar kimi Human Rights House, National Democratic Institute və Election Monitoring and Democracy Studies Centre adları çəkilib.

Ən çox qeydiyyatdan keçmək problemləri və bununla bağlı bürokratiya tənqid olunur və deyilir ki, QHT-lərin maliyyələşdirilməsi barədə həyata keçirilən qanun dəyişikləri, onların fəaliyyətinə məhdudiyyət yaradır.

"Komissar hakimiyyəti QHT-lərin qeydiyyatında tələbatları yüngülləşdirməyə ... çağırır."

Son olaraq Komissar medianın və siyasətçilərin QHT-lər haqqında "stiqma yaratmaq" istəyini tənqid edir və hakimiyyəti konstruktiv addımlar atmağa çağırıb.