Azərbaycan: AŞ sədrliyi ərəfəsindəki tənqidlərin əhəmiyyəti varmı?

Şəklin mənbəyi, AFP
- Müəllif, Leyla Nəcəfli
- Vəzifə, bbcazeri.com
Azərbaycanın Avropa Şurasının Nazirlər Kabinetinə sədrliyi ərəfəsində aylardır ki, ölkədəki insan haqlarının vəziyyətinin “pisləşməsi” daha sərt tənqidlərlə qarşılanıb.
Amma bu sərt tənqidlər rəsmilərdən deyil, əsasən yerli və beynəlxalq QHT-lərdən, araşdırma mərkəzlərindən gəlib.
Ötən həftə N!DA Vətəndaş Hərəkatının fəallarına həbs cəzası hökmünün oxunması, Azərbaycan hakimiyyətinin bu tənqidlərə etinasız yanaşmasının sübutu kimi qarşılandı.
Etinasızlıqda isə təkcə Azərbaycan höküməti deyil, Azərbaycanda enerji maraqları olan Qərb hökümətlərinin rəsmiləri də tənqid olunur.
"Acı istehza"
Amma bu tənqidlər nədən ibarətdir? Əslində Azərbaycanın sədrlik etməməsinə ciddi çağırışlar olmayıb. Tənqidlərin bir qismi Avropa Şurasına, bir qismi isə Azərbaycan hakimiyyətinə yönəldilib: Azərbaycana Avropa Şurası üzvlüyünün “öhdəliklərini yerinə yetirmədiyinə”, Avropa Şurasına isə bununla bağlı tədbirlər görmədiyinə görə.
Qərbi diplomatlar mütəmadi olaraq “narahatlıq” və “təəssüf”lə dolu bəyanatlar yayır, ölkə başçıları Bakıya rəsmi səfərlərdə jurnalistlərin suallarına cavab olaraq narahatlıqlarını qaldırdıqlarını deyirlər. Amma məsələ görünür ki, bununla da bitir.
Bu yaxınlarda Berlində yerləşən Avropa Sabitlik Təşəbbüsü (ESI) araşdırma mərkəzinin AŞPA üzvlərinə göndərdiyi məktubda Azərbaycanın sədrliyinin “ən çox siyasi məhbusları olduğu” vaxta təsadüf etməsinin “acı istehzasından” yazıb.
“Avropa Şurasının üzv ölkəsində heç bir dənə [siyasi məhbus] də olmamalıdır. İndiyə qədər AŞPA ... buna gözlərini yumub”.
Konkret addımlar?
Fransa prezidenti Francois Hollande Azərbaycana səfərdə ikən onu görüşlərini ölkədəki insan haqları məsələsini əsasında keçirməyə çağırışlar Human Rights Watch kimi beynəlxalq təşkilatlardan da daxil oldu.
Nüfuzlu QHT-lərin çağırışlarına baxmayaraq cənab Hollande jurnalistlərə bu barədə ümumi bir şərh verib: "Həmişə görüşlərdə insan hüquqları məsələsinə də toxunulur".
Prezident Əliyev isə öz növbəsində deyib ki, Azərbaycanın daxili və xarici siyasətlə bağlı addımlarına “heç bir kənar dövlət təsir edə bilməz”.
Bundan əvvəl Britaniya XİN başçısı William Hague Azərbaycana gələndə cənab Hollande-ın şərhinə oxşar ümumi bəyanat vermişdi.

Şəklin mənbəyi, AFP
Avropa Şurasının İnsan Haqları Komissarı Nils Muiznieks BBC Azərbaycancaya bu yaxınlarda verdiyi müsahibəsində demişdi ki, onun əlindən gələn “bu məsələləri qaldırmaqdır” və o, bunu etməyə davam edəcək.
“Fundamental dəyişiklərin olacağına dair işarələr görməmişəm, amma cavabdan asılı olmayaraq bu məsələləri qaldırmağa davam edəcəyəm”, AŞ rəsmisi deyib. “Ümid etmək istəyərdim ki, sədrlik Azərbaycan hakimiyyətinə bəzi müsbət dəyişiklikləri edib tənqidləri cavablandırmağa stimul verəcək”.
Bəs məsələləri qaldırmaqdan başqa rəsmilər nə edə bilərlər?
"<link type="page"><caption> Kürü diplomatiyası</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2012/06/120613_caviar_europe.shtml" platform="highweb"/></link>" adlı hesabatın müəllifi, ESI rəhbəri Gerald Knaus Helsinki İnsan Haqları Komitəsində etdiyi çıxışda konkret təkliflər verib:
- Biz yaxşı sözlərimizi geri götürməliyik: “demokratiya”, “azadlıq”, “azad seçkilər”, “demokratiyaya doğru addımlar”. Bu sözlərin mənası olmalıdır. ... Bunun üçün isə biz qurumumuzu ciddiyə almalıyıq. Avropa Şurasının problemi ondadır ki, çox az adamın vecinədir. Çox az Parlament üzvü onu izləyir. Çox az media barəsində məlumat verir. Çox az araşdırma mərkəzləri onların haqqında yazırlar.
- Nazirlər Kabineti nə üçün hərəkət etmir? Burada qərarlar yekdillik olmadan alına bilər. Məsələn, Skandinav ölkələri, (<link type="page"><caption> siyasi məhbuslar üzrə</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/01/130123_coe_discussion.shtml" platform="highweb"/></link>) qətnamənin lehinə səs verənlər deyə bilərlər ki, bunlar düzgün deyil.
- Bir neçə həftədən sonra qurumun yeni Baş katibi barədə səsvermə keçiriləcək. İki namizəd var. Gərək böyük QHT-lər birləşib hər iki namizəddən soruşsun, onlar bu böhranla bağlı hansı konkret addımlar atacaqlar?
Avropa Şurasına sədrlik xüsusi seçim prosesilə deyil, ingilis əlifbası ardıcıllığı ilə hər altı ay rotasiya edir. Azərbaycandan əvvəl Avstriya, ondan əvvəl isə Ermənistan Nazirlər Kabinetinə sədrlik edib.
Amma ilk dəfədir ki, sədr ölkəyə qarşı bu dərəcədə tənqidlər ünvanlanıb. Azərbaycan tərəfi bu cür tənqidləri "qərəz" və "ikili standart" adlandırır.
Hökümət nümayəndələri Azərbaycanın "Avropa dəyərlərinə sadiq" olduğunu bəyan etsələr də görünür ki, nə Avropadakı, nə də Azərbaycandakı vətəndaş cəmiyyətinin əksəriyyəti bu fikirlə razılaşmır.
“Enerji və geosiyasət insan haqlarından vacibdir”: Azərbaycanda artıq illərdir ki, yaranmaqda olan bu imic son zamanlar daha da güclənib.




