Azərbaycan Avropa Şurasının Nazirlər Kabinetinə sədrliyə nə ilə gedir?

Şəklin mənbəyi, AFP
- Müəllif, Nailə Abdiyeva
- Vəzifə, BBC Azərbaycanca, Bakı
Hüquq müdafiəçiləri və müxalifət Azərbaycanın Avropa Şurasının Nazirlər Kabinetinə sədrliyinin başlaması ilə ölkənin daxilində olan problemlərə diqqətin yönələcəyini düşünürlər və bu xüsusda insan haqlarının, söz və ifadə azadlığının vəziyyətinin "acınacaqlı" olduğunu deyirlər.
Hakimiyyət isə əksinə Azərbaycanın Avropa dəyərlərinə malik ölkə olduğunu qeyd edir və ölkədə adı çəkilən problemlərin olduğunu qəbul etmir.
Mayın 14-də Azərbaycan rəsmi olaraq Avropa Şurasının Nazirlər Kabinetinə sədrliyinə başlayır.
İnsan hüquqları
"Təəssüf ki, Azərbaycan Avropa Şurasına sədrliyi çox acınacaqlı bir durumunda öz üzərinə götürür. Avropa Şurası kimi təşkilata rəhbərliyi seçkiləri mütəmadi saxtalaşdıran, insan hüquqları ilə bağlı həddindən artıq acınacaqlı reputasiyası olan bir hökümətin təmsilçisi həyata keçirəcək", - Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli belə hesab edir.
Cənab Kərimlinin sözlərinə görə, hakimiyyətin sədrlik öncəsi ölkədə siyasi məhbusları azad etməsi və müəyyən demokratik təsisatlara gedəcəyi gözlənildiyi halda, bu baş vermədi.
"Azərbaycan höküməti rəsmi prioritetində bunların olduğunu elan etsə də, biz əməldə əksini görürük və son vaxtlarda da yeni həbslər həyata keçirilir. Bütövlükdə demokratik təsisatlara qarşı hökümətin elan olunmamış savaşı davam edir" - cənab Kərimli BBC Azərbaycancaya bildirib.
YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə müxalifətin arqumentləri ilə razılaşmayaraq qeyd edir ki, hakimiyyət öz opponentlərinə fikirlərini ifadə etmək üçün həmişə şərait yaradıb.
"Avropanın demokratiya ocağı olan ölkələrində də insan hüquqları sahəsində hökümətin fəaliyyəti ilə bağlı ciddi tənqidlər var. Hesab edirəm ki, o fəlakət olardı ki, kimlərsə problemin olmadığını bildirərdi və yaxud da cəmiyyətin hamısı eyni bir əqidə sahibi olardılar", - cənab Mirzəzadə deyir.
Sərbəst toplaşmaq, söz və ifadə azadlığı
Azərbaycan 14 ildir ki, Avropa Şurasının üzvüdür və bu müddət ərzində üzlüyə qəbul olarkən təşkilat qarşısında öhdəliklər götürüb.
Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri, hüquq müdafiəçisi Arzu Abdullayeva deyir ki, bu öhdəliklərin yerinə yetirilməsini Azərbaycandan tələb edən olmayıb.
Onun fikrincə, Avropa Şurasına üzv olmaq üçün müraciət edəndə Azərbaycanın sivil ölkələr sırasında olması təkcə hakimiyyət üçün yox, xalq üçün də vacib idi.
"Amma çətinliklə də olsa bu reallaşsa da, çox əfsuslar olsun ki, Azərbaycan insan hüquqları və demokratik təsisatlara aid çox böyük pozuntularla bu sədrliyə gedir", - Arzu Abdullayeva deyir.
Hüquq müdafiəçisi siyasi və vicdan məhbuslarının ölduğunu və ölkədə siyasi azadlıqların pozulduğunu xüsusi qeyd edir.
"Sərbəst toplaşmaq azadlığı haqda qanuna dəyişiklik etdilər və indi mitinq keçirmək üçün mütləq iqtidarın icazəsi lazımdır, əks halda bu mümkün deyil. Qeyri-hökümət təşkilatların və vətəndaş cəmiyyətinin fəaliyyətinin məhdudlaşdıran mürtəce qanunlar qəbul olunub".
Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Azərbaycanın AŞ-na sədrliyə "pis tendensiyalar və mənfi yüklə getdiyini" deyir və bu xüsusda Azərbaycanda azad mətbuatın "məhv edildiyini" iddia edir.
"Azərbaycanın Avropa Şurasına üzvlüyü dövründə ölkədə bütün istiqamətlərdə, xüsusilə insan hüquqlarının pozulması, söz və ifadə azadlığının məhdudlaşdırılması, sərbəst toplaşma azadlığının məhdudlaşdırılması, alternativsiz azad mətbuatın Azərbaycanda demək olar ki məhv edilməsi reallığı var və vəziyyət ilbəil pisləşir".
Sədrliyin müsbət yanı
İqtidar nümayəndələri Azərbaycanın AŞ Nazirlər Kabinetinə 6 ay ərzində sədrlik etməsindən danışarkən Azərbaycanı "Avropa dəyərlərinə sadiq" ölkə kimi təsvir edir.
Cənab Mizrəzadənin sözlərinə görə, Azərbaycan müstəqillik qazanandan Avropa ölkəsi olub.
"Azərbaycan müstəqillik qazandığı dövrdən dünyanın ən qabaqcıl ölkələrinin nümunələrini götürməyə çalışmış, Avropa ölkəsi olduğumuza görə regional təşkilatların üzvü olmuş və siyasətinin müəyyənləşdirilməsində bir çox ciddi addımlar atıb və Avropa Şurasının nüfuzlu ölkələrindən biridir".
Deputat bildirir ki, indiki hakimiyyət demokratik ölkə qurculuğuna, insan hüquq və azadlıqlarının qorunmasına, sahibkarlığın inkişafına "ciddi önəm" verir.
"Sədrliyi dövründə Avropa dəyərlərinin qorunması, dövlətlərin bir-biri ilə münasibətlərinin yaxşılaşması istiqamətində çox işlər görəcəkdir", - cənab Mirzəzadə bildirir.
Hüquq müdafiəçisi Arzu Abdullayeva Azərbaycanda insanların fikirlərinə görə təqib olunduğunu qeyd edir və deyir ki, iqtidar bu məsələdə "qeyri-peşəkarlıq" nümayiş etdirir.
"Həm dini, həm milli məsələyə lazimi qədər diqqət yetirilsəydi, müxalifətlə iqtidar, iqtidarla və vətəndaş cəmiyyəti ilə dioloq mühiti yaransandı, bəlkə də bütün bu problemlər hamısı aradan qalxardı".
AXCP sədri Əli Kərimli sədrlik müddətində Azərbaycana beynəlxalq ictimaiyyətin diqqətinin artacağını deyir və bunu "yeganə müsbət məqam" kimi qiymətləndirir.
"Azərbaycan həm kütləvi informasiya vasitələri həm siyasətçilərin daha çox diqqətində olacaq, Azərbaycana çoxlu Avropalı siyasətçilər gələcək. Amma bütövlükdə öz ölkəsində avtoritarizmə qərar vermiş bir hökümət Avropa qitəsində hüququn aliliyi və demokratik islahatların qabaqcılı, öncülü ola bilməz, heç kimdən AŞ qarşısındakı öhdəlikləri yerinə yetirməsin tələb edə bilməz".
Azərbaycanda insan hüquqlarının vəziyyəti müsbətdir və heç kim siyasi baxışlarına görə təqib olunmur, bunu bazar ertəsi Fransa Prezidenti ilə Bakıda görüşən Prezident İlham Əliyev deyib.
O ölkədə siyasi və iqtisadi islahatlar aparıldığını bildirib.
Jurnalist Mehman Əliyev Azərbaycanın AŞ-da fəaliyyətinin ölkə daxilindəki vəziyyəti "mülayimləşdirəcəyini" düşünür.
"Müsbət məqam odur ki bəlkə müəyyən dərəcədə vəziyyət mülayimləşə bilər, hakimiyyət təqib siyasətindən əl çəkmək istəmir, amma sədrlik müəyyən dərəcədə təqiblərin qarşısını ala bilər. Çünki hakimiyyət məcburdur buna və Azərbycana diqqət çoxdur. Qarşıdan parlament seçkiləri və Bakı Olimpiya oyunları gəlir", - Mehman Əliyev deyir.




