Avropa Şurası Nazirlər Kabinetində sədrlik Azərbaycana keçir

Şəklin mənbəyi, AFP
Avropa Şurası Nazirlər Komitəsində sədrlik növbəti altı ay müddətinə Azərbaycana keçir.
Bu, çərşənbə axşamı 47 üzv ölkənin xarici işlər nazirlərinin Vyana görüşündə reallaşacaq.
Azərbaycan XİN başçısı Elmar Məmmədyarov tərəfindən qəbul ediləcək sədrlik dövrünə mayın 14-dən başlayacaq və noyabra qədər davam edəcək.
Sədrlik dövründə Azərbaycanın prioritetləri sırasında Şuranın əsas üç sütun vəzifələrini - insan haqları, qanunçuluq və demokratiya məsələlərinin həyata keçirilməsi planlaşdırılıb, Avropa Şurasının saytında çap edilmiş Azərbaycanın altı aylıq planında yazılır.
Azərbaycan Şuraya üzvlüyündən bəri ilk dəfədir ki, Avropanın ən yüksək insan haqları qurumuna sədrlik edəcək.
Sədrlik ərəfəsində beynəlxalq və yerli insan haqları təşkilatları Azərbaycanı insan haqları, söz azadlığı və toplaşma azadlığı məsələlərinə görə tənqid edir.
Onlar əsasən, ötən il "Əsgər ölümlərinə son" aksiyası zamanı həbs edilən N!DA Vətəndaş Hərəkatı fəalları, Rauf Mirqədirov, Əvəz Zeynallı, Pərviz Həşimov və digər jurnalistlərin həbsi məsələlərini önə çəkir.
Azərbaycan sədrliyinin prioritetləri
- İdman yarışları nəticələrinin manipulyasiyası da daxil olmaqla, korrupsiyaya qarşı mübarizə ətrafında əməkdaşlıq qanunçuluğu gücləndirmək.
Şuranın saytında çap olunmuş məlumatda yazılır ki, Azərbaycan höküməti son illərdə bu sahədə xeyli irəliləyiş əldə edib, Açıq hökümətin təşviqatı və Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı qəbul edib və həyata keçirilir. Həmçinin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) yaradılıb və qurum uğurla fəaliyyət göstərir. Bu zəmində 30 iyun-1 iyul tarixlərində Bakıda korrupsiyaya qarşı mübarizəyə dair yüksək səviyyəli konfrans təşkil ediləcək.
Azərbaycanın sədrliyi dövründə, Nazirlər Komitəsinin idman yarışları nəticələrinin manipulyasiyası haqqında Konvensiyanı qəbul etməsi gözlənilir. Bu konvensiya barədə qətnamə 2010-cu il, sentyabrın 22-də Bakıda keçirilmiş Nazirlərin idmana dair qeyri-rəsmi görüşündə qəbul edilib. O vaxtdan davam edən Konvensiyanın hazırlanması bu ilin yanvarında tamamlanıb.
Sənəddə deyilir ki, Azərbaycanın sədrliyi dövründə belə bir sənədin qəbul edilməsinin bir səbəbi də 2015-ci ildə Bakıda ilk Avropa Olimpiya Oyunlarının keçirilməsidir.
- Hörmət və anlaşmaya əsaslanan mədəni müxtəlifliyə əsaslanan cəmiyyət.
Müsəlmanların üstünlük təşkil etdiyi və müxtəlif etnik və dini icmaların dinc mövcudluğu ənənəsinə malik ölkə kimi Azərbaycan Avropada dözümsüzlük və diskriminasiyaya qarşı mübarizə üçün nədəniyyətlərarası dialoqun rolunu vurğulayır. Bu barədə tədbir sentyabrın 1-2-ə nəzərdə tutulub.
30-31 oktyabrda isə Bakı Mədəni dairələr üzrə məsləhət forumuna ev sahibliyi edəcək. Forumun təşkili Azərbaycanın da həmtəsisçisi olduğu Avropa Şurası Mədəni Dairələr üzrə Qismən Razılıq sənədinə əsasən təşkil ediləcək.
Oktyabrda keçiriləcək digər bir tədbir isə, Miras Günləri adlanır. Tədbir mədəni mirasların qorunması və təşviqinə həsr edilir.
Azərbaycan sədrliyi, həmçinin AŞ-nın "Nifrət çıxışına yox hərəkatı"nı da dəstəkləyəcək. Bu məqsədlə, 1-5 oktyabr tarixlərində gənclər üçün tədbir təşkil ediləcək.
Rəqəmsal dövrdə mədəniyyətin idarəsi barədə tədbir- "Mədəniyyət və Rəqəmsallaşma" isə iyul ayına nəzərdə tutulub.
- Sosial birgəlik və sosial dayanıqlılıq: həssas qrupların insan haqları.
Azərbaycanın sədrliyi Avropa Şurasının hamıya diskriminasiyasız, eyni sosial hüquqlar verilməsi barədə öhdəliklərini yerinə yetirməyə çalışacaq. Bu məqsədlə Bakıdakı konfransda Avropa Şurası Sosial Birgəlik Strategiyası və Fəaliyyət Planı nəzərdən keçiriləcək. Xüsusilə, Azərbaycanda məcburi köçkünlərin haqlarının qoruması məsələsi qaldırılacaq.
Mayın 20-21-də Bakıda keçiriləcək AŞ Demokratik Vətəndaşlığa görə Təhsil və İnsan haqları Xartiyası koordinatorlarının 21-ci görüşündə həssas zamanlarda uşaqların həyatında dəyişiklik məsələləri müzakirə ediləcək.
- Demokratik vətəndaşlıq və insan haqları sahəsində gənclərin təhsili: Təhsilli və məsuliyyətli gənc nəsil tərbiyəsi və onların haqlarının qorunması.
Sənəddə deyilir ki, Azərbaycan təhsil məsələlərinə sədrliyi dövründə xüsusi diqqət yetirəcək. Milli səviyyədə, Azərbaycan Hökümətinin siyasəti gənclərə yönəlik təhsildir. Oktyabrda Avropa Ali Təhsil Sahəsinə dair nazirlərin 4-cü regional görüşü təşkil olunacaq. Həmçinin, oktyabrın 28-30-da Gənclik Siyasəti üzrə BMT Qlobal Forumunun keçirilməsi gözlənilir.
Qonşuluq siyasəti və onun gələcək inkişafına dair xüsusi tədbir isə sentyabrın 18-19-a təyin olunub.
Nazir Elmar Məmmədyarov Vyanaya ötən gün yola düşüb. Xarici İşlər Nazirliyi bildirib ki, nazir AŞ Nazirlər Komitəsinin 124-cü sessiyasında çıxış edəcək və ikitərəfli görüşlər keçirəcək.




