Suriya böhranı: İslam Dövləti “müharibə cinayətləri törədib”

Şəklin mənbəyi, AFP
İslam Dövləti silahlıları Suriyada “kütləvi vəhşiliklər” törədib, o cümlədən uşaqlardan döyüşçü kimi istifadə edib, BMT bildirir.
BMT təhqiqatçıları həmçinin Suriya hökumətini bu il ərzində ayrı-ayrılıqda baş verən 8 halda kimyəvi silahdan istifadədə ittiham ediblər.
İslam Dövləti - əvvəlki İŞİD prezident Bəşər Əsədə qarşı vuruşan qruplardan biridir.
2011-ci ildə başlayan münaqişədə 200 minədək adam həlak olub.
BMT-nin təqdim etdiyi hesabat insan haqlarının pozulması üzrə yanvar ayından iyul ayınadək aparılan yarım illik araşdırmanın yekunudur.

Şəklin mənbəyi, Reuters
Hesabatın əhatə etdiyi müddət Suriyada İslam Dövlətinin təsirinin artmasına təsadüf edir. Bu hərəkatın məqsədi Suriya və İraqda müstəqil İslam Dövlətini yaratmaqdır.
Cihadçı qrupun sıralarında yerli döyüçülərlə yanaşı əcnəbi silahlılar da vuruşur.
Hesabata əsasən İslam Dövləti Suriyanın şimalında həyata keçirdiyi təhdid kampaniyasında ictimai edamlar, əl-ayaqların kəsilməsi və şallaqlanmadan istifadə edib.
"İslam Dövlətinin geyim qaydalarına riayət etməyən qadınlara şallaq vurulub. Raqqa şəhərində 10 yaşındakı uşaqlara İslam Dövlətinin düşərgələrində təlim keçirilib”, hesabatda deyilir.
Çərşənbə günü İslam Dövlətinin tərəfdarları Raqqa şəhərindəki Tabaqa hava bazasını ələ keçirdikdən sonra internetdə şəkillər paylaşıblar.
İddia edilir ki, bu şəkillərdə Suriya ordusu əsgərlərinin İD döyüşçüləri tərəfindən edamı göstərilir.

Şəklin mənbəyi, AFP
Şəkillərin həqiqiliyi təsdiqlənməyib.
Müharibə cinayətləri iddiaları arasında Bəşər əl-Əsəd hökumətinin aprel-may aylarında ayrı-ayrılıqda baş verən 8 halda güman edilən xlorin qazının istifadəsi göstərilir.
Hesabatda həmçinin Suriya Hava Qüvvələri tərəfindən mülkilərin yaşadığı məhəllələrə çəllək bombalarının atılması ilə bağlı təfsilatlı məlumat verilir.
Suriyada baş verənləri təhqiq edən BMT komissiyasının rəhbəri Paulo Pinheiro deyib ki, beynəlxalq ictimaiyyət Suriyada “mülkilərin müdafiəsi və vəhşiliklərin qarşısının alınması” kimi vəzifələri həyata keçirməyin öhdəsindən gələ bilməyib.
Təhqiqatçılardan biri Müharibə Cinayətləri üzrə BMT Tribunalının sabiq prokuroru Carla del Ponte dünya qüdrətlərini Suriyanı Beynəlxalq Cinayət Məhkəməsinə verməyə çağırıb.




