Suriya böhranı: İşgəncənin törətdiyi psixoloji travma ilə yaşamaq problemi

Syria

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Minlərlə suriyalı 3 il əvvəl müharibə başlanandan həbs edilib.
    • Müəllif, Lina Sinjab
    • Vəzifə, BBC News, Beirut

Ömər Cibaii Dəməşqin mərkəzində, 3 mərtəbə yerin altına gedən beton blokda, sahəsi 7mX4m olan kamerada saxlanılıb.

Suriyanın ən iri həbsxana mərkəzinin darısqal, havasız kamerasında o, daha 100 nəfər digər məhbusla qalmalı olub.

"Hərənin cəmi 20 santimetrlik yeri var idi. Bütün günü eyni vəziyətdə keçirməli olurdun, eyni duruşda yeyib-içib, eyni duruşda da yatmalıydın", teatr direktoru Ömər 3 ay sürmüş həbsxana həyatını yada salır.

Ömərin bəxti, demək olar kı, gətirib - işgəncəyə verilməyib və nisbətən qısa vaxtdan sonra o, azadlığa çıxıb.

Ömər druz etnik azlığının nümayəndəsi olduğunu bildirərək, davam edir: "Sünnilərə isə həbsxanada hər gün işgəncə verilirdi".

Ömər cənubdakı Deraa şəhərindən olan 13 yaşlı oğlana necə işgəncə verildiyini xatırlayır.

"Onu qollarından asıb hər gün 8 saatadək işgəncə verirdilər. İşgəncədən canı qurtarsın deyə mən ona ölüm arzulayırdım, lakin o, ölmürdü", Ömər deyir.

Mənəvi travma

Ömər azadlığa buraxıldıqdan sonra Suriyanı tərk edib.

O indi Beyrutda yaşayır və həbsxana xatirələrinin törətdiyi travmanın öhdəsindən gəlməyə çalışır.

Həvəskar aktyorlarla birgə teatr quruluşları yaratmaq müalicənin bir növüdür, lakin eyni zamanda Suriya məhbəslərində nəyin baş verdiyini dünyaya xatırlamağın da bir yoludur.

Beyrutdakı mənzildə ispaniyalı dramaturq Antonio Buero-nun "Doktor Valmy-nin ikili həyatı" adlı pyesinin tamaşası təşkil edilib.

"Teatr səhnəsi" divan, iki stul və masadan ibarətdir.

Pyes İspaniya vətəndaş müharibəsi hadisələrindən bəhs etsə də, tamaşadakı səhnəciklər bu gün Suriyada verən hadisələri yada salır.

Əsərdə zabitin məhbuslardan birinin orqanlarını kəsib onu şikəstə çevirməsindən, lakin nəticədə özünün də cinsi zəifliyə məruz qalmasından söhbət gedir.

Zəifliyə düçar olmasının səbəbinin qəddarlığı ilə bağlı olmasını nə özü, nə də arvadı qarşısında boynuna almağa zabitin cürəti çatmır.

"Məhbuslara işgəncə verənin özünü necə hiss etməsi məni hər zaman maraqlandırıb. Onlar bundan sonra evlərinə, arvad-uşaq qarşısına nə üzlə dönürlər?" Ömər öz-özünə sual verir

Məhbəs terroru

Ömərin köməyinə teatr gəlsə də, minlərlə keçmiş məbus öz ağır yükünü daşımaqda davam edir.

Suriyada insan haqları təşkilatları on minlərlə adamın həbsxanalara salındığını qeydə alıb, çoxları üçün bombardmanda ölüm həbsxana şəraitindən daha üstündür.

Suriya

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Bəziləri üçün teatr səhnəcikləri psixoloji travmanı üstələməyə kömək edir

2011-ci ildə üsyan başlayandan dinc fəal Lütfi 3 dəfə həbsxanaya salınıb.

Həbsxananı o, belində və ayağında yaralarl avə psixoloji travma ilə tərk edib.

Onun kim olması həbsi üçün kifayət etmişdi. Lütfinin pasportunda onun İdlibdən olduğu və Dəməşqin kənarında, Douma qəsəbəsində yaşadığı qeyd olunub.

29 yaşlı bank işçisi demokratiya və dünyəvilik müdafiəçisidir, lakin onun sünni olması rejim üçün cinayətə bərabərdir.

Lütfi Suriyanı tərk edəndən yalnız ən yaxın dostları ilə ünsiyyət saxlayır, qaradinməzə və içki aludəçisinə çevrilib.

“Hətta krandan suyun damcılaması belə məni həyəcanlandırır, işgəncələri yadıma salır. Bunu unutmaq istərdim, lakin edə biləcəyimə əmin deyiləm", Lütfi deyir.

'Bəxtəvərlər'

Suriya höküməti üsyanın davam etdiyi 3 ili ərzində 4 amnistiya elan etsə də, siyasi fəallar həbsxanada qalmaqdadır.

Onların arasında prezident Əsədin ələvi opponentləri - siyasətçi Əbdul Əziz Əl Xəyer (2013-cü ilin əvəlində yoxa çıxıb), jurnalist Mazen Darwish və insan haqları vəkili Xəlil Maatuk da var.

Onlar yüzlərlə dinc fəallardan cəmi bir neçə nəfərdir.

Lütfi və Ömərin bəxti gətirib ki azadlığa çıxıblar. Minlərlə digərləri isə həbsdədir, onların çoxuı ölənədək işgəncəyə məruz qalırlar.

Azadlığa çıxanlar mənəvi travmadan əziyyət çəkir və psixoloji yardıma ehtiyacları var.

Çoxları düşünür ki, müharibə bitəndən sonra təkcə hərbin yox, həbsxana həyatının da vurduğu yaraların müalicəsi üçün hələ xeyli vaxt tələb olunacaq.