Müdafiə Nazirliyi: yaralı əsgər vəfat edib

Şəklin mənbəyi, AFP

Müdafiə Nazirliyi bir neçə gün öncə "Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttindəki Azərbaycan postlarına basqın cəhdinin qarşısını alarkən" ağır yaralanmış bir əsgərin vəfat etdiyini açıqlayıb.

Biləsuvar rayonundan olan 18 yaşlı əsgər ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Əsgər iyulun 31-dən avqustun 1-ə keçən gecə atışma zamanı yaralanıb. Həmin vaxt Azərbaycan tərəfi 8 əsgərini itirib. Bir gün sonra isə Azərbaycan tərəfi 4 itki verib, Nazirliyin müxtəlif vaxtlarda yaydığı açıqlamalarda deyilir.

Beləliklə, Azərbaycan tərəfi ötən həftə Azərbaycan və erməni silahlı qüvvələri arasında atəşkəsin pozulması nəticəsində 13 əsgərini itirib.

Tanınmamış Dağlıq Qarabağ Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlərdə 5 erməni əsgəri ölüb, 7-i isə yaralıdır.

Müdafiə Nazirliyi avqustun 4-ə keçən gecə cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejiminin ümumilikdə 130 dəfə pozulduğunu qeyd edib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında son bir neçə gündə atəşkəs pozulması müşahidə olunub. Atəşkəsin pozulmasına görə tərəflər bir-birini "kəşfiyyat-diversiya cəhdləri”ndə ittiham edib.

Hər iki tərəf bir-birini itkiləri gizlətməkdə ittiham edib və digərinin daha çox itki verdiyini iddia edib.

Azərbaycan və Ermənistan arasında atəşkəs sazişi 1994-ci il mayın 5-də imzalanıb.