Erməni tərəfi təmas xəttində son döyüşlər haqqında

Şəklin mənbəyi, v
Erməni tərəfi son həftələr mütəmadi olaraq təmas xəttində atəşkəs rejiminin pozulmasında Azərbaycanı suçlayır.
Ermənistanda və Dağlıq Qarabağda erməni yaşayış məntəqələri istiqamətində “diversiya hücumları və müntəzəm surətdə atəşlərlə Azərbaycan erməni əhalisi arasında vəlvələ salmaq istəyir”, erməni informasiya vasitələri general- mayor Arkadi Ter-Tadevosyanı iqtibas edir.
Eyni zamanda general Ter-Tadevosyan Azərbaycanın tammiqyaslı müharibəyə hazır olmadığını iddia edir.
“Buna görə də onlar [Azərbaycan tərəfi] xüsusi kəşfiyyat dəstələrini formalaşdırıb Ermənistan və Qarabağ sərhədlərində vaxtaşırı təxribatlar törətməyə cəhd edəcəklər... Sərhəddə gərginlik artmaqda davam edəcək. Çünki Azərbaycan öz ictimaiyyətinə göstərmək istəyir ki, müharibə yolu ilə əraziləri qaytarmaq iqtidarındadır”, - deyib Ter-Tadevosyan.
Cəbhə xəttində silahlı insident nəticəsində Azərbaycan Ordusunun 8 əsgər həlak olub, Azərbaycan Müdafiə Nazirliyi bildirib.
İtkilər
Cümə günü tanınmamış Dağlıq Qarabağ Respublikasının Müdafiə Nazirliyi “Azərbaycan tərəfinin növbəti hücumu nəticəsində” iki erməni əsgərin öldürüldüyünü bildirib.
“Ön xətdə yerləşən qüvvələrimizin mütəşəkkil müqaviməti ilə qarşılaşan düşmən, ağır itkilər verərək, geri oturdurulub”, - bir qayda olaraq nazirliyin növbəti bəyanatı da bu sözlərlə başa çatır.
Qarabağ erməni hərbi rəhbərliyi “Azərbaycan kəşfiyyat-diversiya dəstəsinin hücum etməsinin sübutu kimi” onlardan “müsadirə edilmiş” silah və texniki vasitələrin fotoşəkillərini də mətbuata təqdim edib.
Eyni zamanda Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan cümə günü baş vermiş döyüş nəticəsində qarşı tərəfin Azərbaycan Müdafiə Nazirliyinin məlumatında göstərildiyindən daha çox itki verdiyini bəyan edib.
Ermənistan rəsmisi erməni silahlı qüvvələri bölmələrinin cümə axşamı gecəsi diversiya törətmək cəhdi haqqında Azərbaycan tərəfinin bəyanatını təkzib edib.
Sərhədyanı kəndlər atəş altında
Erməni tərəfi son vaxtlar az qala hər gün tək erməni hərbi mövqeləri deyil, həm də sərhəd yaxınlığında yerləşən erməni kəndlərinin Azərbaycan tərəfindən atəşə tutulduğunu bildirir.
Artsrun Hovhannisyan Tavuş Rayonunun Ayqedzor kənd sakini, 49 yaşlı Valeri Çaqaryanın Azərbaycan tərəfindən atılan gülləyə tuş gələrək xəsarət aldığını bildirib.
Sərhəd bölgəsində yerləşən İcevan rayonunun Berkaber kəndinin başçısı Artur Madatyan kəndin tez-tez“düşmən tərəfindən” atəşə tutulduğunu, lakin son gecə “kənd istiqamətində atəşin” arası kəsilmədiyini bildirib.
Berkaber kimi, Berd rayonunun Movses, Çinari, Ayqepar kəndlərinin də atəş nəticəsində zərər çəkdiyi xəbər verilir.
Bunun səbəbindən kəndlilər bağ-bostanlarında, tarlalarda məhsul yığımını başa vura bilmir.
Berkaber kəndində məhsulu gecə saatlarında yığmağa çalışırlar, Movses kəndində, kənd başçısı Ararat Avalyanın sözlərinə görə, nisbətən təhlükəsiz sahələrdə yığırlar. Ayqepar kəndində isə bu il heç əkin işlərini görə bilməyiblər.
Ötən həftə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan nümayəndəliyi kəndlilərin xahişi ilə məhsul yığımına dəstək olmaq üçün Çinari kəndinə gedib. Lakin “Azərbaycan tərəfindən atəşkəsin pozulması” səbəbindən “təəssüf edərək, missiyasını başa vurmağa məcbur olub”, yerli KİV-lər yazır.
“O dərəcədə təhlükəlidir ki, camaat nəinki bağ-bostanlarına gedir, hətta kəndin içində rahat hərəkət edə bilmir”, - Moses kəndinin başçısı Avalyan deyib.




