#BBCAzeriTrending: #matəmelanolunsun- Azərbaycanlıların əsgər ölümünə reaksiyası

Cəbhə xəttində silahlı insident nəticəsində Azərbaycan Ordusu əsgərlərinin həlak olması xəbəri sosial şəbəkə istifadəçilərinin qınağı ilə qarşılanıb.
Müdafiə Nazirliyi iyulun 31-dən avqustun 1-ə keçən gecə Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttində atəşkəsin pozulduğunu təsdiqləyib. Lakin itkilərin sayı barədə rəqəm açıqlamayıb. Yerli mediada isə həlak olan əsgərlərin sayı 8-11 nəfər arasında dəyişir, bir neçə nəfərin yaralandığı da deyilir.
Azərbaycanlı sosial media istifadəçiləri #matəmelanolunsun və #8şəhid teqləri ilə Orduya ayrılan büdcəni, əsgər hazırlığını, şəhid xəbərlərinə rəğmən əyləncə proqramı verən yerli televiziyaları tənqid edib, profil şəkillərini qara rəngli görüntülərə və matəm lentlərinə dəyişib
Orduya ayrılan milyardlar..
"Peşəkar ordu olmalıdır. Yaxşı maaşlı, yaxşı hazırlıqlı. Çoxumuz əsgərlikdə olmuşuq, 18-19 yaşlı uşaqlar nə mübarizə aparacaq ki...", Dilgam Ahmad Facebook profilində paylaşıb.
"Orduya ayrılan milyardlar və 8 əsgərin həlak olması barədə xəbər həddən artıq təzadlıdır. Allah rəhmət eləsin...", jurnalist Maarif Çingizoğlu yazıb.
Bəxtiyar Hacıyev Dağlıq Qarabağ münaqişəsinə görə Rusiyanı və hakimiyyəti ittiham edib.
"Allah bizə bu münaqişəni yaradan, alovlandıran, qızışdıran, həll olmağa imkan verməyən Rusiyanın təsirindən birdəfəlik xilas olmağı nəsib eləsin. Allah bizə "Əsgərimiz ölməsin" dediyinə görə 8 gənci həyatlarının ən gözəl, faydalı çağlarını 8 il həbsdə keçirməyə məcbur edən və şəhid verdiyimiz gündə xalqa 8 TV ilə konsert göstərən hökümət yox, sadəcə və sadəcə öz ölkəsinin, xalqının, vətəndaşının, insanının maraqları uğrunda yaşayan, işləyən, döyüşən hakimiyyət qismət eləsin".
Hüquqşünas Rəşid Hacılı ölüm xəbərini "dəhşətli" adlandırıb.
"8-10 əsgərimizin öldürülməsi dəhşətli xəbərdir. Bu, həm də vəziyyətin xeyli kəskinləşmə mərhələsinə qədəm qoyduğunu göstərir. Əminəm ki, indiki durumda bu kəskinləşmənin impulsları xeyli kənardan gəlir".
Matəm tələbi və əyləncə proqramları
Jurnalist Turxan Qarışqa "ölkədə matən elan olunması"nın vacibliyini qeyd edib.
Ayuk Utopik adlı istifadəçi günorta vaxtı Azərbaycan televiziyalarında gedən verilişləri sıralayıb.
"Hal-hazırda TV-lərdə: AzTV - Bağçılıq verilişi. Bağbanın biri güllərdən danışır. Lider TV - Səda verilişi. Dilçilikdən söhbət gedir. İtv - Sağlam yaşam verilişi. Burun estetikasından danışırlar. Space tv - Günaydın verilişi. Adamın biri könlümün sirdaşı falan kimi bir mahnı oxuyur. Ans - Evdəyik verilişi. Yemək bişirirlər, müğənnilərin həyatından danışırlar. Atv - Cəsur Ürək filmi. Mədəniyyət tv - bayatılardan danışırlar. Xəzər tv - Bizim gün verilişi. İnstrumental musiqi gedir".
@GunaiAliyeva paylaşıb ki, 'Bizim neftimiz var,güclü ordumuz var, qış olimpiya oyunumuz var'. Və 8 ŞƏHİDimiz var. Heç başın sağ olmasın vətən".
@_CniveS_ yazıb ki, "Allah səbr verməsin artıq! #matəmelanolunsun".
"Azərbaycan yalnız televizorlarda olan şənliklərlə xoşbəxtdi, çön bir bax göyün fəryadına, əsl Azərbaycan bax budu", deyə @lalehikmet cümə gününün yağmurlu havasına diqqət yönəldib.
Bəzi şərhlərdə #matəmelanolunsun teqi ilə fərdi matəmin elan edilməsinə çağırış edilib.
Deputat Aydın Mirzəzadə "cəbhə xəttində xırda döyüşlərin getdiyini" yazıb.
"Ermənistan-Azərbaycan cəbhə xəttindən gərgin xəbərlər gəlir. Ermənistan diversiya qruplarının bizim mövqeləri ələ keçirmək üçün cəhdlər etdiyi və xırda döyüşlər getdiyi bildirilir. İgid əsgər və zabitlərimiz düşmənin həmlələrinə qəhrəmancasına cavab verir, Azərbaycan torpağını mərdliklə qoruyurlar".
Deputat Qənirə Paşayeva Facebook profilində açıqlayıb ki, ona televiziya və radiolarda əyləncə proqramlarının gün ərzində dayandırılması üçün çoxsaylı zənglər gəlib.
"Televiziya və radiolarımızda əyləncə, çal-çağır proqramlarının dərhal dayandırılması lazımdır. Səhər tezdən indiyədək bununla bağlı nə qədər zəng, məsaj gəlib. Bir çox İnsanlarımız bu kimi proqramların gün ərzində dayanmasını vacib sayırlar. Mən də hesab edirəm ki, bu kimi proqramlar öncədən nəzərdə tutlsa da televiziya və radiolarımız yayımda dəyişiklik edib, çox əyləncə və çal-çağır proqramlarını dayandırıb yerinə vətənpərvərlik, şəhidliklə bağlı müəyyən proqramlarını, filmlərini qoya bilərlər".
Türkiyənin Azərbaycandakı səfiri, cənab İsmail Alper Coşkun Twitter mikrobloqunda baş-sağlığı verib.
“Azərbaycanlı qardaşlarımızın təmas xəttində şəhid olması barədə xəbərlər gəlir. Hamısına tanrıdan rəhmət diləyirəm, ailələrinə başsağlığı verirəm”.




