Bakı: "Ermənistan qüvvələri işğal olunmuş Azərbaycan ərazilərini tərk etməlidir"

Şəklin mənbəyi, bb
Azərbaycan və Ermənistan cəbhə xəttində atəşkəsin pozulmasında bir-birini ittiham etməkdə davam ediblər.
XIN-i "son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhəddinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində" atəşkəsin Ermənistan ordusu tərəfindən pozulduğunu bildirib.
Bəyanatda Ermənistan ordusunun Azərbaycan mövqelərinə "bir neçə dəfə basqın etdiyi, təmas xəttini keçməyə cəhd göstərdiyi" vurğulanıb.
Sənəddə bu hərəkətlərin "cəbhə xətti boyunca gərginliyin xeyli artmasına və çox sayda insan tələfatına" səbəb olduğu qeyd edilib.
Azərbaycan XİN-i yaranmış təhlükəli vəziyyətə görə bütün məsuliyyətin rəsmi Yerevanın üzərinə düşdüyünü vurğulayıb.
"Danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən, status kvonun qorunub saxlanmasında maraqlı olan və həmçinin Madrid Sülh Planından boyun qaçıran işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi, qanlı etnik təmizləmə siyasəti həyata keçirməsi, 1 milyondan artıq insanı öz yurdundan qovması və sonunda sülh prosesinə xələl gətirən bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verir", beyanatda qeyd olunur.
Rəsmi Yerevan isə öz növbəsində Qarabağ münaqişəsi bölgəsində atəşkəs rejiminin pozulması üçün rəsmi Bakının məsuliyyət daşıdığını bəyan edib.
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan deyib ki, “təxribatların təşəbbüskarı olan Azərbaycan məsuliyyəti başqa tərəflərin üzərinə atmağa çalışır”.
“Aydındır ki, insidentlərin araşdırılması mexanizmləri yaratmaq üzrə dünya birliyinin təkliflərini rədd edərək, Azərbaycan atəşkəs rejiminin pozulması üçün bütün məsuliyyəti öz üzərinə götürür”, - Edvard Nalbandyan deyib.
Ermənistan xarici işlər nazirinin sözlərinə görə, “dünya birliyi reallıq hissini itirmiş və beynəlxalq aləmin dəyərlər sisteminə zidd hərəkət edən Azərbaycan rəhbərliyini ayıltmalıdır”.
Rəsmi Bakı hesab edir ki, sülh prosesinə ən böyük təhlükə Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində olmasıdır.
"Buna görə ilk növbədə Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir", bəyanatda vurğulanır.




