ATƏT Ermənistan-Azərbaycan sərhədində BQXK maşınının atəşə tutulmasını pisləyib

Şəklin mənbəyi, Getty
ATƏT Dağlıq Qarabağ təmas xəttində münaqişənin gərginləşməsi ilə bağlı ciddi narahat olduğunu bildirib, təşkilatın bəyanatında deyilir.
Son günlər Ermənistan-Azərbaycan sərhədində və Qarabağ bölgəsində erməni və azərbaycan silahlı qüvvələrinin təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlı Minsk Qrupu üzvü ölkələri – ABŞ, Rusiya və Fransa, eləcə də ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycan və Ermənistan prezidentlərini təxirə salmadan danışıqlara başlamağa çağırıblar.
ATƏT-in bəyanatında təşkilatın sədri Didier Burkhalter və Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), James Warlick (ABŞ) və Pierre Andreu (Fransa) təmas xəttində çoxsaylı insan itkiləri ilə nəticələnən zorakılıq hallarının artması ilə bağlı narahat olduqlarını bildiriblər.
Onlar mülki vətəndaşlar və beynəlxalq təşkilat nümayəndələrinin bilərəkdən atəşə tutulmasını pisləyib və Cenevrə Konvensiyasına əsasən tərəflərin öhdəliklərini xatırladıb.
Çərşənbə axşamı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Yerevan nümayəndəliyinin avtomobili Ermənistan-Azərbaycan sərhədində atəşə məruz qalıb.
BQXK-də atəşkəsin hansı tərəfdən pozulduğunu demirlər. Təşkilatın nümayəndələri sərhəddin hər iki tərəfindən atəş səsi eşidildiyini bildiriblər.
ATƏT Azərbaycan və Ermənistan prezidentlərini dərhal toqquşmaların qarşısını almağa və danışıqlara başlamağa çağırıblar.
Tərəflər bir-birini 6 il davam edən zorakılıq və etnik təmizləmələrdən sonra 1994-cü ildə əldə edilmiş atəşkəsi pozmaqda ittiham edir.
Münaqişəni tənzimləmək üzrə dünya birliyinin cəhdləri son zamanlar çıxmaza düçar olub.
Hər il təmas xəttində yüzlərlə insan, o cümlədən dinc əhali, silahlı toqquşma və snayper gülləsinin qurbanı olur.
Son üç gün ərzində, Azərbaycan və Ermənistan müdafiə nazirliklərinin rəsmi məlumatlarına görə, hər iki tərəfdən 16 hərbi qulluqçu həlak olub.
Azərbaycan və Ermənistan prezidentlərinin gələn həftə Soçidə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar keçirəcəyi ehtimal olunur. Bu barədə Ermənistanın baş naziri Hovik Abrahamyana istinadən “İnterfaks” agentliyi məlumat yayıb.
Ermənistan baş naziri Azərbaycanı “təxribatlara son qoymağa” çağırıb, əks təqdirdə o, müvafiq cavab addımlar vəd edib.
“Bunun üçün bizim resurslarımız da, gücümüz də var. Biz müharibədən qorxmuruq. Əlbəttə, bu, ən yaxşı yol deyil, lakin bizi müharibəyə çəksələr, biz qalib gəlməyə məcburuq. Bizi yalnız hərbçilər arasında itkilər narahat edir”, - baş nazir deyib.
Azərbaycan XİN-i isə yaranmış təhlükəli vəziyyətə görə bütün məsuliyyətin rəsmi Yerevanın üzərinə düşdüyünü bildirib.
"... İşğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi, qanlı etnik təmizləmə siyasəti həyata keçirməsi, 1 milyondan artıq insanı öz yurdundan qovması və sonunda sülh prosesinə xələl gətirən bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verir", bəyanatda qeyd olunur.




